• şənbə, 11 Iyul, 06:24
  • Baku Bakı 26°C

“Biz hüquqlarla yanaşı, vəzifələri də yada salmalıyıq” - MÜSAHİBƏ

11.07.26 02:35 26
“Biz hüquqlarla yanaşı, vəzifələri də yada salmalıyıq” - MÜSAHİBƏ

Kəmalə Aşumova: “Bu qanun nə uşağın azadlığını əlindən alır, nə də şəxsi sərhədlərinə maneə törədir. Sadəcə, 16 yaşa qədər uşaqlar istifadə etdikləri sosial platformalarda qeydiyyatı mütləq valideynlərinin iştirakı ilə həyata keçirməlidirlər. Uşaq anlamalıdır ki, rəqəmsal təhlükə hər zaman ola bilər və bunu valideynə danışmalıdır”. 

Rəqəmsal mühit uşaqların həyatının tərkib hissəsinə çevrildikcə, onların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması da dövlətlərin qarşısında duran mühüm çağırışlardan birinə çevrilir. Milli Məclis artıq sosial şəbəkələrdən istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Yeni tənzimləmələr cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, qanunun qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək. “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Uşaq Qaynar Xəttinin rəhbəri Kəmalə Aşumova ilə müsahibəmiz də bu mövzudadır: 

“Uşaqların müdafiəsini təmin etmək üçün qanunverici baza lazım idi”

- Kəmalə xanım, sosial şəbəkələrdə uşaqların müdafiəsi ilə bağlı yeni tənzimləmələrə niyə məhz indi ehtiyac yarandı? 

- Əslində, biz buna çoxdan başlamalı idik. Mən 2005-ci ildən birbaşa uşaqlar və ailələrlə işləyirəm. İş prosesində əyani olaraq görürəm ki, texnologiyalar günbəgün inkişaf edir, hər saniyə yeniliklər baş verir. Biz zaman axarında bəzən çox şeyi izləməyi çatdırmırıq. Məsələn, gələn “keys”lərdən görə bilirik ki, sən demə, “whatsaap”dan başqa da çat varmış. Bunu uşaqlar bilir, amma biz bilmirik. Bu qanun sırf təhlükəsizlik baxımından uşaqlara yönəli olduğu üçün vacibdir. Atılan addım xüsusən həssas təbəqədən olan insanlar üçün zəruridir. İnternetdə bu təbəqələrə mənfi təsir edənləri biz “yırtıcı” adlandırırıq. Belə bir şəraitdə bizə uşaqların müdafiəsini təmin etmək üçün qanunverici baza lazım idi. Həm də bu, təkcə uşaqları qorumaq üçün deyil. Bu, həm də müvafiq kontentləri yaradan adamlar üçündür ki, onlar da çəkinsinlər. Bu dəyişikliklər həm də böyüklərə yönəlikdir. Digər ölkələrin də bu cür təcrübəsi var.

“Sosial şəbəkələrin uşaqlar üçün yaratdığı əsas risklər çoxdur”

- Sosial şəbəkələrin uşaqlar üçün yaratdığı əsas risklər hansılardır? Sizcə, qanunvericiliyə edilən dəyişikliklər həmin risklərin qarşısını almağa kömək edəcəkmi?

- Sosial şəbəkələrin uşaqlar üçün yaratdığı əsas risklər çoxdur. Bu, təkcə hamımızın gördüyü internet asılılığı deyil. Tanışlıq, kiber bullinq, tanışlıqlardan irəli gələn şantaj, evdən qaçma, oğurluğa sövq edilmə, təhdid, intihara sövq edilmə, özünün qiymətləndirilməsinin aşağı endirilməsi, oyunlardan asılılıq və s. Asılılıq səbəbindən səhhətin pozulması, aqressivləşmə və digər risklər də yaranır. 5-12 yaşlı uşaqların “Kontrosteyk”, “Maykraft”, “Robosk” oyunlarıdır ki, məhz öldürməyə və xəsarət yetirməyə sövq edir. Bu oyunlar səhhətə təsir etməklə yanaşı, ödəniş məsələsini də gündəmə gətirir. Bu vəziyyətdə uşaqlar evdən valideynlərinin bank kartlarını götürüb istifadə edirlər. Bəziləri sinif yoldaşları ilə oynayır. Tədricən onlayn sistemdə kim varsa, onunla danışmağa başlayırlar və yeni tanışlıqlar yaranır. Xüsusi adamlar var ki, onlar uşaqları cəlb etməyə başlayırlar. Oyunlar üçün ödənişlər dörd dollardan başlayır. Bu qiymətə 1000-4000 arası resurs alırsan. Uşaq şirnikləşir və bu, onu qumar sisteminə çəkir. Digər tərəfdən, böyüklər də “pul qoyacağam, faiz gələcək” istəyi ilə bu platformalara üz tuturlar. Bu qanun həm də həmin insanlar üçün lazımdır. Biz uşaqları bu oyunların yaradıcılarından müdafiəsinə nail olur, digər tərəfdən, onların təhlükəsizliyini təmin edirik. Paralel olaraq həm də onları maarifləndiririk ki, uşaq nəyi göndərə, nəyi yaza bilər. 

- 16 yaş həddinin müəyyənləşdirilməsi hansı meyarlara və beynəlxalq təcrübəyə əsaslanır? 

- Əslində bu, həm beynəlxalq təcrübə, həm də yerli qanunvericiliyimizlə uzlaşır. Avstraliya, Böyük Britaniya, Çin, Koreya kimi ölkələrdə bu qanun və bu yaş həddi məhdudiyyəti var. ABŞ-də isə kodeksdir. Ölkələrin əksəriyyətində yaş həddi 15-16 yaş götürülüb. Uşağın fiziki olaraq yetişkənliyi, beyninin psixoloji inkişafı nəzərə alınır. 16 yaş həm də uşağın anlayışlı dövrüdür. Qərarların qəbulunda öz iştirakçılığını təmin edə bilir. 

- 16-18 yaş arası yeniyetmələr üçün valideyn razılığı mexanizmi necə işləyəcək? Valideynlərin bu prosesdə rolu nədən ibarət olacaq? 

- Bəziləri deyə bilərlər ki, bu, uşaq hüquqları konvensiyasının prinsiplərinin pozulmasıdır. Burada şəxsi toxunulmazlıq, şəxsi sərhədlər və söz azadlığı məsələsi ziddiyyət yarada bilər. Ancaq burada başqa bir məqam da var: biz hüquqlarla yanaşı, vəzifələri yada salmalıyıq. Konvensiya da deyir ki, uşağın məsuliyyətli şəxsi valideynidir. O, mütləq qaydada övladının təhlükəsizliyinin müdafiəsini təmin etməlidir. Bu qanun nə uşağın azadlığını əlindən alır, nə də şəxsi sərhədlərinə maneə törədir. Sadəcə, 16 yaşa qədər uşaqlar istifadə etdikləri sosial platformalarda qeydiyyatı mütləq valideynlərinin iştirakı ilə həyata keçirməlidirlər. Uşaq anlamalıdır ki, rəqəmsal təhlükə hər zaman ola bilər və bunu valideynə danışmalıdır. Valideyn nəzarəti uşağın əlindən telefonu kobud şəkildə almaq kimi olmamalıdır. Məncə, bu qanun həm də uşaqla valideyn arasında bağların yaranmasına səbəb olacaq. Valideyn uşağına daha çox diqqət edəcək. Hesab edirəm ki, qanunvericiliyə etdiyimiz bu dəyişikliklərlə bu günə qədər nail ola bilmədiyimiz bəzi boşluqları aradan qaldıra biləcəyik.  

- Valideynlər tanıyıram ki, ümumiyyətlə sosial platformaların nə olduğundan məlumatsızdırlar. Başları gündəlik qayğılarına qarışıb, marağı yoxdur, savadı çatmır və s.  Bəs belə valideynlər nəzarəti necə tənzimləyəcəklər?

- İlk növbədə valideyn rəqəmsal savadlılığa yiyələnməlidir. Qanun təkcə cəzalardan ibarət deyil, paralel olaraq müdafiə və profilaktik tədbirlər də olmalıdır. Buna maarifləndirmə də daxildir. Dövlət qurumları, vətəndaş cəmiyyəti valideynə “niyə sən bilmirsən?” deməməli, qınamamalıdır. O bilikləri heç olmasa səthi də olsa valideynə öyrətməliyik. Bu, himayəsində uşaq olan nənə-babalara da şamil olunacaq. Rəqəmsal savadlılığı artırmaq üçün təlimlər, seminarlar təşkil ediləcək. Nəyisə qadağan ediriksə, alternativ verməyi də bacarmalı, digər tərəfdən maarifləndirməni gücləndirməliyik. Amma biz deyə bilmərik ki, bütün valideynləri 100 faiz maarifləndirəcəyik. Bu illərlə davam edəcək, zaman aparacaq. Məktəblərdə rəqəmsal savadlılığın artırılması da mütləqdir. Bu, tədris planına salınmalıdır. Çünki biz valideyndən vəzifə və məsuliyyətini tələb edirik. Amma hamının düşünmə və qavrama qabiliyyəti eyni deyil. Ona görə paralel olaraq yetişən nəslə məktəblərdə də rəqəmsal savadlılıq verməliyik. Yəni valideynin verə bilmədiyini heç olmasa məktəb verməlidir. Təəssüf ki, hələlik bunu tədrisdə tətbiq edə bilmirik. Məktəblərdə informatika dərslərimiz var, amma bu, sırf proqramlaşmanı öyrədir, rəqəmsallaşmanı yox.

- Müəllimlər bu yeni təcrübəyə hazırdırlarmı?

- Bu sahədə də boşluq var. Mütləq bunu da düşünməliyik. Rəqəmsal savadlılığı tədris edən kadrlar varmı? Ona görə bu qanun şaxələnəcək: məktəbdə həkimlər, psixoloqlar, sosial işçilər, müəllimlər və inzibati rəhbərlər mütləq qaydada rəqəmsal savadlılığın ilkin dərəcələrini bilməlidirlər. Bu məsələdə yönləndirmə sistemi də çox vacibdir. 

"Uşaqlara elə vasitə verməliyik ki..."

- Maraqlıdır, sosial şəbəkələrdə yaşın yoxlanılması hansı üsullarla həyata keçiriləcək? İstifadəçilərin şəxsi məlumatlarının qorunması necə təmin olunacaq?

- Bu, əslində çox çətindir. Tam əminliklə deyə bilmərik ki, qanun bunları tamamilə qoruyacaq. Mən həmişə deyirəm: bu günün uşaqları bizdən daha çevik və bacarıqlıdırlar. Onlar çox yeniliyi bizdən tez görür, qavrayır və mənimsəyirlər. Mən ”Siqnal” adında bir platformanın olmasını bir ay əvvəl, bir uşağın “keys”indən bilmişəm. Sən demə, bu, ikinci whatsap-dır və xeyli müddətdir fəaliyyət göstərir. Uşaqlar daha çox araşdırmaçı və həvəslidirlər. Qadağalar onlara daha şirin görünür. Nəyi paylaşa bilərəm, nəyi yox, artıq savadlılıq məsələsidir. Şəxsi məlumatların verilməsi, uşaqların qeydiyyat sistemini qurmaq bütün dünyada çətindir. Bu qanunları qəbul edən inkişaf etmiş ölkələr belə bunu tam başa çatdıra bilməyiblər. Uşaqları bütünlüklə qoruyan sistem hələ tam mümkün deyil. Ona görə biz deyə bilmərik ki, bu qanun uşaqları tamamilə müdafiə edəcək. Çünki internet özü böyük bir şəbəkədir, milyonlarla platforma var, alternativlər çoxdur, vasitələr müxtəlifdir. Aidiyyəti qurumlar bizdə də bu müdafiə sistemini yaradacaqlar. Onların İT mütəxəssisləri proqramı qanuna elə uyğunlaşdırmalıdırlar ki, risklər olmasın. Biz uşaqlarımıza vəzifələrini başa salanda onlara qorxmadan, situasiyadan asılı olmadan məlumat verməyi öyrətməliyik. Uşaq qaynar xətləri bütün dünyada ilkin aşkarlayan alətdir. Amma hələ bizim regionlarda uşaqlar bundan xəbərsizdirlər. 

Bizim işimiz paralel olaraq monitorinqlər etməkdir. İşlək bir sistem qurulmalıdır. Qanunun icrasında bütün dövlət qurumları öz səlahiyyətlərini dərk etməlidir. 

“Uşaqların əylənməsi üçün alternativ şərait yaratmalıyıq”

- Qanunun icrasında sosial şəbəkə platformalarının üzərinə hansı öhdəliklər düşəcək?

- Provayderlərdən tutmuş platformaları yaradanlara qədər - hamının öhdəliyi olacaq. Bu qanun onları çəkindirəcək, öz platformalarını mütəmadi təhlil etməyə sövq edəcək. Yaradılma baxımından icazələrin verilməsi, dövlət qurumlarının yaradılan platformalar haqqında məlumatlandırılması, monitorinq keçirilməsi və yüksək cərimələr tətbiq olunacaq. 

- Sizcə, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tənzimlənməsinin uşaqların şəxsi inkişafına və gələcəyinə hansı faydası olacaq?

- Məncə, olacaq. Ailə ünsiyyəti bərpa olunacaq, uşaqlar böyüklərlə real ünsiyyətə sövq olunacaqlar. Ümid edirik ki, atılacaq addımlar valideynlə uşağın daha çox vaxt keçirməsinə səbəb olacaq. Uşaqların mənəvi, psixoloji və fizioloji sağlamlıqlarını qaytaracağıq. Valideyn bəzən uşaqlara istədikləri məşğuliyyəti verə bilmir. Bizim regionlarda sosial reabilitasiya mərkəzlərimiz yoxdur. Bu da bir boşluqdur. Biz real həyatda sosiallaşmaq, ailə dəyərlərini qaytarmaq üçün hərəkət etməliyik. Məktəblər uşağa qarşı qapalı sistem yaradıb ki, dəhlizdə qaçma, sinifdə hərəkət etmə... Bəs uşaq enerjisini harada atmalıdır? Biz uşaqların əylənməsi üçün alternativ şərait yaratmalıyıq. Bu işdə böyüklərin psixi sağlamlığı da önəmlidir. Bu baxımdan, öz üzərimizdə də işləməliyik. Sosial yönümlü reklamlar olmalıdır. Bizdə bu sahədə də böyük boşluqlar var. TV-lərdə, radiolarda bu mövzuda danışılmalı, yollarda maarifləndirici banerlər vurulmalıdır. Valideynlər, bütövlükdə isə cəmiyyət xəbərdar olmalıdır ki, belə bir qanun var və onun tələbləri nədən ibarətdir. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər