• şənbə, 18 Iyul, 16:58
  • Baku Bakı 29°C

“Mənim evim-eşiyim mədənlər olub” - PEŞƏKAR

18.07.26 02:35 98
“Mənim evim-eşiyim mədənlər olub” - PEŞƏKAR

100 yaşlı neftçi Məsməli Mustafayevin çalışdığı illər təkcə əmək kitabçasına deyil, yaddaşına da ömürlük yazılıb: 57 il, 4 ay, 27 gün… 

Onu Pirallahı rayonunda uşaqdan böyüyə hamı tanıyır. Zarafat deyil, bir əsrlik ömür yolu keçib. Həyatının yarıdan çoxunu ölkənin neft sənayesinə həsr edib. Bu gün yaxasını SOCAR-ın “Fəxri neftçi” döş nişanı, İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki fədakar əməyinə və neftçi kimi peşəkar fəaliyyətinə görə aldığı orden və medallar bəzəyir. 100 yaşlı neftçinin şəkli həmişə “Azneft”in qırmızı lövhəsində əmək qəhrəmanları arasında yer alıb. Məsməli Mustafayevin çalışdığı illər təkcə əmək kitabçasına deyil, yaddaşına da ömürlük yazılıb: 57 il, 4 ay, 27 gün… 

16 yaşında neft mədənində işləməyə başlayır 

Məsməli kişinin ömür yolu həm zəngin həyat təcrübəsinin, həm də Azərbaycan neft sənayesinin inkişaf tarixinin canlı şahididir. 

Evində qonaq olub uşaqlığı, gəncliyi ilə bağlı xatirələrini dinlədikcə, əmək veteranının şərəfli həyat yolu göz önündən kino lenti kimi keçir. Ancaq bu kadrlarda hər şey realdır. Yaddaşına həkk olunan xatirələrlə bərabər köhnə şəkillər də onun üçün qiymətlidir. Onlara baxıb gah qürurlanır, gah kədərlənir, gah kövrəlir…

Uşaqlığı və gəncliyi müharibə illərinə düşüb. Əməyə vərdişi isə hələ altı yaşında - qonşuların buzovlarını otarmağa başlayanda yaranıb. Qazax rayonunun Aşağı Salahlı kəndində orta məktəbdə oxuyub: “Birinci sinifdən altıncı sinfə kimi sinif nümayəndəsi olmuşam. Mən dərs danışanda müəllim “baxın, yetim uşaqdır, necə gözəl oxuyur, siz niyə oxumursunuz?”, -  deyə digər uşaqlara nümunə göstəriridi”, - deyə xatırlayır: “Ata-anam vəfat edəndən sonra kimsəsiz qaldıq. Məni Qazaxa gətirdilər. Sonra Bayıl qəsəbəsində Fəhlə-gənclər məktəbində oxudum. İşləmək istəyirdim, amma “uşaqdır” deyib icazə vermədilər. İki illik peşə məktəbi kurslarında oxuyanda müharibə başladı. 16 yaşımda maşinist kimi neft mədənində işləməyə başladım. Briqadalararası müsabiqədə qalib olub birinci yeri qazananda 16 yaşım vardı. İlk medalımı yaxama Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov taxdı. Boyum o qədər balaca idi ki, kişinin gözündən yaş axdı: “Neyləmək olar, a bala, müharibə qurtarar, oxuyarsan” dedi”.  

“Elə bil dənizlə, buruqlarla söhbət edirdim”

Gəncliyindən bəri işinə təkcə sevgi ilə yox, həm də məsuliyyətlə yanaşıb: “Hansı mədən geridə qalırdısa “Mustafayevi oraya göndərin” deyirdilər. Bir dəfə səhlənkarlıq üzündən bir quyu yüz tonluq fontan vurdu, qarşısını ala bilmədilər. Dənizin üstü bütünlüklə mazut idi. Məni ora gətirəndən sonra texnikanın köməyi ilə problemi həll etdim. Çalışdığım ərazidə bircə dənə də sızan quyu yox idi. İdarə edən bütün mədən müdirlərinə “bu adamı mənsiz başqa yerə göndərməyin” deyə tapşırmışdı”.
Məsməli kişi çalışdığı uzaq illərdən danışır: “Mənim evim-eşiyim mədənlər olub. Elə bil dənizlə, buruqlarla söhbət edirdim. Hər buruq neft verdikcə sevinirdim. Biz işimizin xəstəsi idik, yadımıza ev-eşik düşmürdü. Özümüzü işə həsr etmişdik. Fəhlələr də xətrimizi istəyirdilər. Mənə dövlət tərəfindən verilən evi iki övladı olan evsiz bir işçiyə verdim. Bizim zamanımızda belə idi”. 

Bakı nefti müharibədə

“Mən müharibənin dəmir rejimindən keçmişəm”, - deyən Məsməli kişi Azərbaycan neftinin müharibədə oynadığı rolun böyük olduğunu deyir: “Sovet hökuməti müharibəyə hazır deyildi. Biz çox zülm çəkdik. Nefti Stalinqrada və başqa müharibə gedən şəhərlərə yola salırdıq. Gecə-gündüz çalışıb, hər çətinliyə dözürdük. Əlimiz sabun görmürdü, paltarlarımızı “solyarka” ilə, gillə yuyurduq. Bədənimiz qıpqırmızı idi. Yeməyə çörək tapmırdıq. Bakı nefti, arxa cəbhədəki fədakarlıqlar olmasaydı, müharibədə qələbə də olmazdı. Həmişə deyirəm ki, mən Stalinin dəmir rejimindən keçmişəm”.

“Heç vaxt bekar dayanmamışam”

Məsməli kişi deyir ki, müharibədən sonra Azərbaycanın bütün neft sahəsi Pirallahıya köçürülüb: “Burada quyular dayaz, neft isə qiymətli idi. Quyular asan qazılırdı - 800-900 metrdən neft çıxırdı”.

Məsməli Mustafayevin bütün həyatı əməklə yoğurulub. Boş vaxtlarında təsərrüfatla məşğul olub - əkib, becərib: “Müharibə qurtarandan sonra bizə icazə verdilər ki, kim nə bacarır etsin, bolluq yaransın. Mən də toyuq, qoyun saxlamışam. Tonlarla üzüm yığırdım. Beş istixanadan gül dərib Moskvaya göndərmişəm. Zirə kəndində bostan əkirdim. Heç vaxt bekar dayanmamışam. İşimlə bərabər ailəmi də unutmadım. Övladlarımı oxutdurdum”.

Övladlarının, nəvələrinin hamısı ali təhsillidir 

Məsməli kişinin beş övladı, 10 nəvəsi və səkkiz nəticəsi var. Övladlarının, nəvələrinin hamısı ali təhsillidir. Müxtəlif sahələrdə uğurla çalışırlar. “Atamız özü təhsil almadığı üçün ən böyük arzusu bizim oxumağımız idi”,- deyə oğlu Emil danışır: “Gedin oxuyun, gəlin çoban olun. Savadınız olanda qəzetin başlığını oxuyub söhbətin nədən getdiyini biləcəksiniz”, -deyirdi. Hamımızın oxumağı üçün əlindən gələni etdi”.

Məsməli kişi özü ali təhsil ala bilməsə də, mütaliəsini heç vaxt unutmayıb. Nizaminin, Füzulinin, Vaqifin, Səməd Vurğunun yaradıcılığından nümunələr dilinin əzbəridir. 

“Gənclər bilsinlər ki…”

Fəxri neftçinin gənclərə nəsihəti də var: “Kəndimiz Kür çayının sahilində idi. Bir gün Kür daşıb kəndimizi apardı. Bizi köçürdülər. Uzun tövlələr tikmişdilər. Mal-qara tövlənin bir başında, biz də o biri başında yaşayırdıq. Mən o şəraitdən çıxıb bura gəlmişəm. İndi o günləri yada salanda sevinirəm və tanrıya şükür edirəm. Kim deyərdi ki, ayağı çarıqlı yetim bir uşaq gəlib sahə rəisi olacaq? Bu vəzifəyə hər kəsi təyin etmirdilər. Mən maşinistlikdən sahə rəisi vəzifəsinə qədər yüksəldim. Gənclərimizə də məsləhətim budur: çalışsınlar, onlardan bir yadigar qalsın, vətənə faydalı olsunlar. Bilsinlər ki, zəhməti ilə ucalan insan həmişə yadda qalır”.

Zəhmət, səbir, təmkin 

Məsməli kişi 100 yaş yaşamağın sirrini də açır: zəhmət, səbir, təmkin. Əmək veteranı 1952-ci ildən bəri yaşadığı, üz-gözünün öyrəşdiyi Pirallahıda övladlarının və nəvə-nəticələrinin sevgisi ilə əhatə olunaraq yaşayır. Taleyindən razıdır. Bu yaxınlarda 100 illik yubileyini təmtəraqla qeyd ediblər. “Atam kasıb olduğundan vaxtilə özünə toy edə bilməyib. Biz onun yubileyini təmtəraqlı qeyd etdik. Qohum-qonşular, yaxın dostlar böyük həvəslə iştirak etdilər. 100 illik yubileydə iştirak etmək hamı üçün maraqlı idi. Rayon İcra Hakimiyyətindən, bələdiyyədən də nümayəndələr gəlib atamı təbrik etdilər”, – deyə oğlu qeyd edir. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər