• cümə, 26 Iyun, 07:04
  • Baku Bakı 24°C

“Qızıl Orda türk dövlətçilik ənənəsinin mühüm mərhələlərindən biridir” - MÜSAHİBƏ

26.06.26 02:37 25
“Qızıl Orda türk dövlətçilik ənənəsinin mühüm mərhələlərindən biridir” - MÜSAHİBƏ

Jaksılıq Sabitov: “Bu irs bu gün türk dövlətləri arasında ortaq tarix və mədəni yaddaş ideyasını gücləndirən amillərdən biri hesab olunur. Qızıl Orda və türk köçəri sivilizasiyasının tarixi hələ tam yazılmayıb və qarşıda çox böyük elmi iş aparılmalıdır”

Son illərdə Qızıl Orda tarixinin araşdırılması yeni mərhələyə qədəm qoyub. Qazaxıstanın siyasi elmlər doktoru və Ulus Cuci Araşdırmaları Elmi İnstitutunun direktoru Jaksılıq Sabitov “Kaspi” qəzetinə müsahibəsində Qızıl Orda, Qazax xanlığı və türk köçəri dövlətlərinin tarixinin yenidən araşdırılmasının vacibliyindən danışıb. Bu prosesi “Cuçi dönüşü” və “tarixi ədalətin bərpası” adlandıran tarixçinin fikrincə, uzun illər sovet tarixşünaslığında kölgədə saxlanılan Qızıl Orda irsi bu gün yenidən milli yaddaşa qaytarılır. 

Tarixdə mühüm birləşdirici rol

- Jaksılıq müəllim, Qızıl Orda ilə bağlı simpoziumun elmi və tarixi əhəmiyyəti nədən ibarətdir? Niyə bu mövzu məhz bu gün aktualdır?

- Qızıl Orda ilə bağlı keçirilən simpoziumlar orta əsr Avrasiya tarixinin yenidən araşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Uzun illər sovet tarixşünaslığında bu dövlət əsasən dağıdıcı imperiya kimi təqdim olunurdu. Müasir araşdırmalar isə göstərir ki, Qızıl Orda inkişaf etmiş siyasi, iqtisadi və mədəni sistemə malik idi. Bu mövzu bu gün xüsusilə aktualdır, çünki türk dünyasında ortaq tarixi yaddaşa maraq artır və yeni arxeoloji, genetik, numizmatik tapıntılar ortaya çıxır. Belə tədbirlər müxtəlif ölkələrdən alimləri bir araya gətirir, yeni mənbələrin müqayisəli şəkildə araşdırılmasına imkan yaradır. Simpozium nəticəsində ortaq elmi layihələr, yeni nəşrlər və beynəlxalq əməkdaşlıqlar yarana bilər.

- Qızıl Orda Avrasiya tarixində hansı rolu oynayıb? 

- Qızıl Orda Şərqlə Qərbi birləşdirən əsas siyasi və ticarət mərkəzlərindən biri olub. Böyük İpək Yolunun mühüm hissəsi onun nəzarəti altında idi. Köçəri sivilizasiyası tarixdə mühüm birləşdirici rol oynayıb. Böyük İpək Yolunun əsas ticarət marşrutları məhz köçəri dövlətləri vasitəsilə Şərqlə Qərbi birləşdirirdi. Çin malları Avropaya, Roma və Yaxın Şərq məhsulları isə Asiyaya bu yollar vasitəsilə çatırdı. Dövlət həm imperiya, həm də çoxmillətli siyasi konfederasiya xüsusiyyətləri daşıyırdı. Müxtəlif tayfalar, xalqlar və dinlər vahid siyasi sistem daxilində fəaliyyət göstərirdi. 

Ortaq tarix və mədəni yaddaş ideyası

- Qızıl Orda türk dünyasının tarixində hansı yeri tutur? Bu irs türk dövlətlərinin inteqrasiyasına necə təsir edir?

- Qızıl Orda türk dövlətçilik ənənəsinin ən mühüm mərhələlərindən biridir. Müasir qazax, tatar, noqay, başqırd və digər türk xalqlarının siyasi və mədəni formalaşmasına təsir göstərib. Bu irs bu gün türk dövlətləri arasında ortaq tarix və mədəni yaddaş ideyasını gücləndirən amillərdən biri hesab olunur. Qızıl Orda və türk köçəri sivilizasiyasının tarixi hələ tam yazılmayıb və qarşıda çox böyük elmi iş aparılmalıdır.

- Qızıl Orda irsi milli kimliyin formalaşmasına necə təsir edir?

- Qızıl Orda real tarixi dövlətdir və onun siyasi, iqtisadi və mədəni təsiri sənədlərlə sübut olunur. Müasir dövrdə bu irs müəyyən mənada simvolik məna da qazanıb və milli ideologiyanın elementinə çevrilib. Bu irs bir çox xalqlarda tarixi davamlılıq hissi yaradır. Xüsusilə Qazaxıstan üçün Qızıl Orda dövlətçilik ənənəsinin başlanğıcı kimi təqdim olunur. Tarixi irs milli özünüdərk və siyasi yaddaşın formalaşmasında mühüm rol oynayır. 

Boş qalan səhifələri araşdırmaq

- Rəhbərlik etdiyiniz Ulus Cuci Araşdırmaları İnstitutu bu istiqamətdə hansı töhfələri verir?

- Qazaxıstanda uzun illər tarix əsasən yubileylər çərçivəsində yada salınırdı. Məsələn, 2015-ci ildə Qazax xanlığının 550 illiyi çox təmtəraqlı şəkildə qeyd edildi, amma fundamental elmi nəticələr az oldu. Buna görə də tariximizin boş qalan səhifələrini araşdırmaq üçün xüsusi institut yaratmağa ehtiyac duyuldu. Prezident Tokayevin fərmanı ilə bu institut yaradıldı. İnstitutumuzun əsas məqsədi Cuci xandan başlayaraq XIX əsrdə yaşamış Kenesarı xana qədər Qazaxıstan tarixini sistemli şəkildə öyrənməkdir.

- Qızıl Orda tarixində ən mübahisəli məsələlər həllini tapıbmı?

- Ən mübahisəli məsələlərdən biri dövlətin etnik xarakteri hesab edilib. Bəzi tarixçilər onu monqol imperiyasının davamı, digərləri isə türkləşmiş dövlət hesab edirlər. Digər mübahisəli mövzular dövlətin süqut səbəbləri, rus knyazlıqları ilə münasibətlər və Qızıl Ordanın varisləri məsələsidir. Amma indi demək olar ki, bütün mübahisəli məsələlər həll olunub. 

“Qızıl Ordanın öyrənilməsi sahəsində “sakit inqilab” baş verir” 

- Bu tarixi irslə bağlı yeni mənbələr və ya arxeoloji tapıntılar varmı?

- 2009-cu ildən etibarən Qızıl Ordanın öyrənilməsi sahəsində “sakit inqilab” baş verir. Yeni sikkələr tapılır, əvvəllər məlum olmayan xanların adları müəyyən edilir, qədim mənbələr tərcümə olunur və paleogenetik araşdırmalar aparılır. Numizmatika sahəsində aparılan tədqiqatlar Qızıl Ordanın iqtisadi gücünü daha dəqiq göstərir. Dünyanın müxtəlif muzey və şəxsi kolleksiyalarında təxminən bir milyon Qızıl Orda sikkəsi saxlanılır. Araşdırmalara əsasən, dövlətin yüksəliş dövründə hər il təxminən 28 milyon gümüş sikkə zərb olunurdu. Bu fakt Qızıl Ordanın yalnız hərbi imperiya deyil, həm də inkişaf etmiş ticarət və iqtisadiyyat mərkəzi olduğunu göstərir. Həmçinin paleogenetik araşdırmalar hökmdar nəslinin və tayfaların mənşəyini öyrənməyə kömək edir. Qızıl Ordada minimum 104 xanın hakimiyyət sürdüyünü müəyyən ediblər. Qazaxıstanda qədim Sarayşık şəhərinin bərpası da bu tarixi marağın bir hissəsinə çevrilib. Şəhərdə qala qapıları, yaşayış məhəllələri, emalatxanalar və xan türbələri yenidən qurulur. Məqsəd yalnız turizm deyil, həm də Qızıl Orda dövrünün mədəni irsini gələcək nəsillərə çatdırmaqdır.

- Gələcək tədqiqatların istiqamətləri hansılardır?

- Bu gün Qızıl Orda mövzusu yalnız Qazaxıstanda deyil, beynəlxalq elmi dairələrdə də böyük maraq doğurur. Müxtəlif ölkələrdən tarixçilər və tədqiqatçılar bu irsi araşdırmaq üçün bir araya gəlirlər. Çünki Qızıl Orda yalnız keçmiş imperiya deyil, həm də müasir Mərkəzi Asiyanın siyasi, mədəni və etnik formalaşmasına təsir göstərmiş mühüm tarixi fenomendir. Ən mühüm istiqamətlərdən biri yeni mənbələrin tərcüməsi və rəqəmsallaşdırılmasıdır. 

- Qızıl Orda irsi müasir nəsillərə nə verə bilər?

- Qızıl Orda irsi onu təşkil edən bütün xalqların ortaq mirasıdır. Bu irs xalqlara öz tarixini daha dərindən anlamağa imkan verir. Bu tarix orta məktəb dərsliklərinə daxil ediləcək. Qızıl Orda nümunəsi göstərir ki, fərqli xalqlar və mədəniyyətlər uzun müddət vahid siyasi sistem daxilində birlikdə yaşaya biliblər. Bu tarix müasir dövrdə mədəni dialoq, tolerantlıq və ortaq regional əməkdaşlıq ideyalarını gücləndirə bilər. 

Təranə Məhərrəmova
Astana-Bakı

 

banner

Oxşar Xəbərlər