• bazar, 08 Noyabr, 01:56
  • Baku Bakı 14°C

“Gənclər üçün differensial əməkhaqqı əlavəsi tətbiq olunmalıdır” - MÜSAHİBƏ

07.11.26 02:29 97
“Gənclər üçün differensial əməkhaqqı əlavəsi tətbiq olunmalıdır” - MÜSAHİBƏ

İlqar Orucov: “Gənclər illərlə eyni elmi statusda qalacaqlarını anladıqda, alternativ peşəkar fəaliyyət sahələrinə üstünlük verirlər. Bir çox elmi laboratoriya və institutların maddi-texniki bazasının gənclərin beynəlxalq səviyyəli tədqiqatlar aparmaq, böyük verilənlərlə işləmək və innovativ texnologiyalar tətbiq etmək istəkləri ilə tam uzlaşmaması faktı da var”.

Ölkəmizdə 30 yaşadək gənc tədqiqatçıların sayının cəmi bir il ərzində 30,9 faiz azalması elmimizin gələcəyi ilə bağlı ciddi suallar yaradır. 2024-cü ildə elmi tədqiqat müəssisələrində çalışan gənc tədqiqatçıların sayı 1 818 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 1 257 nəfərə düşüb. Halbuki eyni dövrdə ölkə üzrə tədqiqatçıların ümumi sayında artım qeydə alınıb. Bəs bu ziddiyyət nə ilə bağlıdır? Bu tendensiyanın gələcəkdə ölkənin elmi potensialına hansı təsiri ola bilər və vəziyyətdən çıxış yolu nədədir? 
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovla söhbətləşdik:

Yanlış yanaşmaların nəticəsi

- İlqar müəllim, sizcə, 30 yaşadək gənc tədqiqatçıların sayının azalmasının əsas səbəbləri nələrdir? Bu, elmə marağın azalmasıdır, yoxsa gənclərin elmi müəssisələrdə işləmək və qalmaq imkanları ilə bağlı problemdir?

- Hesab edirəm ki, statistikada əks olunan kəskin azalma təkcə gənclərin elmə olan subyektiv marağının azalması ilə izah oluna bilməz. Bu, bilavasitə elmi müəssisələrin təklif etdiyi fəaliyyət şərtləri, iqtisadi stimullaşdırma mexanizmləri və karyera davamlılığı ilə bağlı yanlış yanaşmaların obyektiv nəticəsidir. Fikrimcə, ciddi azalmanın arxasında dayanan əsas sosioloji və iqtisadi səbəbləri bir neçə mühüm amillə xarakterizə etmək olar. Ən mühüm amil, elmi müəssisələrdəki əməkhaqqı sisteminin müasir əmək bazarı, xüsusilə də çevik özəl sektorun təklif etdiyi maddi təminat şərtləri ilə rəqabət apara bilməməsidir. 30 yaşadək perspektivli gənclər magistratura və doktorantura mərhələlərinə maraq nümayiş etdirsələr də, fəaliyyətə başladıqları dövrdə qarşılaşdıqları aşağı iqtisadi stimullaşdırma onların elmi karyeradan uzaqlaşaraq biznes, İT və beynəlxalq korporativ sahələrə transferini şərtləndirir. İkincisi, elmi müəssisələrin daxili idarəetmə strukturlarında sırf fərdi bacarığa və elmi performansa əsaslanan yüksəliş prinsiplərinin ləng işləməsidir. Gənclər illərlə eyni elmi statusda qalacaqlarını anladıqda, alternativ peşəkar fəaliyyət sahələrinə üstünlük verirlər. Bir çox elmi laboratoriya və institutların maddi-texniki bazasının gənclərin müasir, beynəlxalq səviyyəli tədqiqatlar aparmaq, böyük verilənlərlə işləmək və innovativ texnologiyalar tətbiq etmək istəkləri ilə tam uzlaşmaması faktı da var. Məsələnin digər tərəfi elmi müəssisələrin daxili menecmentində və maliyyə idarəçiliyində tətbiq olunan qeyri-effektiv yanaşmalarla bağlıdır. Elmi institutların publik hüquqi şəxs statusuna malik olmasına baxmayaraq, hələ də əsasən yalnız dövlət büdcəsindən asılı qalması strateji bir idarəetmə çatışmazlığıdır. Müəssisələr daxili potensialdan yararlanaraq əlavə gəlir mənbələri formalaşdırmalı, beynəlxalq və daxili qrant layihələrindən vəsait əldə etməli, ən əsası isə elm, sənaye və biznes əməkdaşlığını qura bilməlidirlər. 

Sənaye nəhəngləri ilə müqaviləli tərəfdaşlıq

- Beynəlxalq təcrübədə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və akademik mühitdə saxlanılması üçün hansı mexanizmlər tətbiq edilir?

- Beynəlxalq miqyasda elmtutumlu və müasir innovasiya iqtisadiyyatına malik dövlətlərdə gənclərin elmi fəaliyyətə cəlb olunması və onların akademik mühitdə saxlanılması sırf tətbiqi ekosistem və intellektual sahibkarlıq mexanizmləri üzərində qurulub. Xüsusilə ABŞ, Almaniya, Cənubi Koreya, Sinqapur, Çin və Yaponiya kimi dövlətlərin qlobal elmi mərkəzlərində gənc tədqiqatçılar yalnız nəzəri məqalə yazmaqla məhdudlaşmırlar. Onlar ilk gündən universitet daxilində fəaliyyət göstərən, dövlət və özəl sənaye tərəfindən birgə maliyyələşdirilən müştərək araşdırma mərkəzlərinə inteqrasiya edilirlər. Məsələn, Almaniyanın dünyaca məşhur Fraunhofer Cəmiyyəti modelində fundamental elmi yeniliklərin birbaşa sənaye tərəfdaşlarına satışı və lisenziyalaşdırılması mexanizmi tətbiq olunur ki, buradan əldə edilən sərbəst gəlirin böyük bir hissəsi gənc alimlərin fərdi patent və müəllif hüquqlarına bağlı olaraq onların şəxsi maddi təminatına yönəldilir. Bu mütərəqqi sistem gənc tədqiqatçını sadəcə muzdlu bir işçi deyil, öz elmi məhsulunun sahibi olan intellektual sahibkara çevirməklə yanaşı, gənc alimlərə tədqiqat institutunu eyni zamanda yüksək gəlirli intellektual startap platforması kimi görmək imkanı verir. Sinqapurun Elm, Texnologiya və Tədqiqat Agentliyi modelində, həmçinin Çin və Yaponiyanın müasir texnologiya parklarında qlobal sənaye nəhəngləri ilə gənc tədqiqatçılar arasında birbaşa müqaviləli tərəfdaşlıq qurulur. Elmi məhsulun kommersiyalaşma faizi birbaşa tədqiqatçının fərdi stimullaşdırılmasına çevrilərək elmi-akademik fəaliyyəti gənclər üçün ən cəlbedici və dinamik karyera seçimi kimi formalaşdırır.

Konkret və hədəfyönümlü addımlar

- Sizcə, Azərbaycanda gənclərin elmə marağını artırmaq və elmi müəssisələrdə dayanıqlı fəaliyyətini təmin etmək üçün hansı konkret addımlar atılmalıdır?

- İlk növbədə, gənc kadrlar üçün differensial əməkhaqqı əlavəsi və fərdi mükafatlandırma mexanizmləri tətbiq olunmalıdır. Lakin çıxış yolu yalnız fərdi elmi məqalələrin çap olunmasına əsaslanan stimullaşdırma ilə məhdudlaşmamalıdır. Xüsusilə də fundamental elmi tədqiqatla məşğul olan müəssisələr elmi innovasiyaları konkret məhsula çevirməyi bacarmalıdırlar. Elmi məhsulların sənayeyə transferi hesabına sərbəst vəsait qazanılmalı və bu gəlirlər əməkdaşların fəaliyyətinə əlavə maddi stimullar qazandırmaqla elmi-akademik fəaliyyəti gənclər üçün real şəkildə cəlbedici etməlidir. İkincisi, gənclərin müstəqil tədqiqatlarını maliyyələşdirmək üçün dövlət tərəfindən xüsusi “Gənc Alimlərin İnnovasiya Qrantları” proqramları təsis edilməli, onların sənaye-biznes əməkdaşlığı çərçivəsində real layihələrə rəhbərlik etməsinə şərait yaradılmalıdır. 

Daha köklü islahatlara ehtiyac

- Gənclər üçün elmi karyeranı cəlbedici edən əsas amillər hansılardır?

- Müasir gənc tədqiqatçı üçün ən güclü daxili motivasiya onun adının nüfuzlu qlobal elmi bazalarda indekslənən məqalələrdə yer alması, xarici laboratoriyalar və universitetlərlə birgə layihələr üzərində işləmək şansıdır. Beynəlxalq akademik mühitə inteqrasiya, sərbəst tədqiqat imkanları və daxili qiymətləndirmə sistemlərinin obyektivliyi gənclər üçün elmi karyeranı cəlbedici edir. Eyni zamanda, elmi nəticələrin və ixtiraların birbaşa tətbiqi və kommersiyalaşdırılması imkanı, yəni elmi fəaliyyətinin real iqtisadi dəyərə çevrilməsi, gənclərin peşəkar akademik bağlılığını təmin edən fundamental motivasiya mənbəyidir.

- Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində Azərbaycanda indiyədək hansı addımlar atılıb və bu təşəbbüslər hansı nəticələri verib?

- Gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması məqsədilə ölkəmizdə indiyədək fərqli və sistemli addımlar atılıb. Rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti tərəfindən 2003-cü ildən başlayaraq ardıcıl, məqsədyönlü layihələr həyata keçirilib, gənc alimlərin beynəlxalq elmi tədbirlərdə iştirakına və peşəkar inkişaflarına dair çoxsaylı proqramlar icra olunub. Bu çərçivədə gənclərin milli və qlobal səviyyədə mobillikləri genişləndirilib, hazırlanan strateji dövlət sənədlərində bu kateqoriyadan olan gənclər qrupuna dair ayrıca bəndlərin daxil edilməsinə nail olunub və gənc alimlərin Gənclər üçün Prezident Mükafatına layiq görülmələrinə dair təşəbbüslər irəli sürülüb. İnstitusional müstəvidə isə gənc alim anlayışının qanunvericilikdə öz əksini tapmasına, eləcə də bakalavr məzunu olan oğlanlara magistraturaya sənəd vermək ərəfəsində hərbi çağırışdan rəsmi möhlət hüququnun verilməsinə aidiyyəti dövlət orqanları qarşısında qaldırılan vətəndaş cəmiyyəti təşəbbüslərimiz real nəticələr verib. Həmçinin Azərbaycan Respublikasının Elm Fondu gənc tədqiqatçılar üçün məqsədli qrant proqramları ilə onların elmi fəaliyyətlərinə əlavə stimul verib. Xüsusilə vurğulanıb ki, dövlətin yeni nəsil alimlərin formalaşmasında maraqlı olduğunu göstərən ən böyük addımlardan biri də xarici ölkələrin nüfuzlu universitetlərində təhsil üzrə Dövlət Proqramları çərçivəsində magistratura və doktorantura pillələrində təhsillərinin dəstəklənməsidir. İndiyədək minlərlə gənc istedadın bu proqramlardan faydalanaraq nüfuzlu elmi mərkəzlərdə tədqiqat aparması dövlətin strateji kadr siyasətinin mütərəqqi təzahürüdür. Lakin real statistik göstəricilər nümayiş etdirir ki, görülən bütün bu tədbirlər gənclərin elmdə davamlı kadr kimi qalmasını tam təmin etmək üçün hələ də kifayət deyil və daha köklü islahatlara ehtiyac vardır.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər