Yayda biçiləcək, qiyməti isə indi kəsilir? - ARAŞDIRMA

Bu il yerli buğdanın qiymətinin ötən ilə nisbətən baha olacağını
şərtləndirən amillər var. Dünyada baş verən proseslər məhsulun maya dəyərini artırıb. Qiymət
dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir.
Dünya bazarında buğdanın qiyməti durmadan artır. Təbii ki, bunun əsas
səbəbi Rusiya-Ukrayna gərginliyidir. Çünki bu iki ölkənin dünya taxıl bazarında
payı çox böyükdür.
Buğda ilə bağlı tələbatının böyük hissəsini idxal hesabına qarşılayan
ölkələri qiymət artımı narahat edir, eləcə də Azərbaycanı. Məhsul xaricdə hansı
qiymətə təklif olunursa, o qiymətə almağa da məcburuq. 3 ay sonra isə yerli buğdanın
biçin mövsümü başlayacaq. Dünya bazarındakı qiymət yüksəlməsi yerli buğdanın
satışında da öz əksini tapacaqmı? Adətən hansı
məhsulun qiyməti bu il baha olursa, növbəti əkin mövsümündə fermerlər onların əkilməsinə
daha çox meyil göstərirlər. Bu qiymət artımları Azərbaycanda buğda əkməyə
üstünlük verənlərin artmasına təsir göstərə bilərmi?
"Ukrayna hadisələri olmasaydı belə...”
İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, Ukrayna hadisələri olmasaydı belə, buğdanın qiyməti ötən
ilə nisbətən baha olacaqdı: "Azərbaycanda və dünyada gübrənin, toxumun qiyməti
kəskin artıb. Ötən il neftin, dizelin də qiyməti artırılıb. Ölkədə bütün mal və
xidmətlərin dəyərində artım var. Bu, istər-istəməz bütün malların qiymətlərinə
sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə
müqayisədə yüksək olacağını düşünürəm. Çünki istehsal xərci yüksəlib”.
Başlanğıc qiyməti 40 qəpik olacaq?
Hansı səviyyədə artım olmasına gəlincə, C.İbrahimli bildirdi ki,
ilkin olaraq, təxminən 10 faizlik artım gözlənilir: "Buğdanın qiyməti biçin mövsümündəki
qiymətlərlə ölçülür. Biçin mövsümündə müəyyən bir qiymət müəyyənləşir. Sonrakı
dövrdə qiymət dünya bazarında baş verən proseslərə uyğun tənzimlənir. Builki
biçin mövsümündə əvvəlki biçin dövrü ilə müqayisədə 10 faizlik qiymət artımı
gözləyirəm. 2021-ci ildə məhsul toplananda buğdanın qiyməti 34-35 qəpik idi.
Sonrakı tarixlərdə 50 qəpiyə qədər yüksəldi. Builki biçin ilində isə başlanğıc
qiymət 40 qəpik və onun üzərində olacaq. Qalanları da siyasi proseslərdən asılıdır.
Siyasi proseslər qaydasına düşsə, keçənilki biçin dönəminə paralel qiymət
reallığı ilə üzləşə bilərik”.
Yerli buğdanın qiymətini artıran iki səbəb
İqtisadçı
Rəşad Həsənov deyir
ki, iki səbəb yerli buğdanın qiymətinin artımını şərtləndirir: "Birincisi,
dünya bazarında qiymətlər yüksəlirsə, yerli istehsalçı da qiymətləri
artırmalıdır. Bu, təbii bazar qanunauyğunluğudur. İkincisi, son bir ildə dünya
bazarında gübrənin qiymətində 2 dəfə artım qeydə alınıb. Digər tərəfdən, Azərbaycanda
istehsalda istifadə olunan gübrələrin əhəmiyyətli hissəsi Rusiyadan idxal
olunur. Rusiyanın başlatdığı müharibəyə görə bu ölkəyə tətbiq edilən
sanksiyalar fonunda bu ölkənin öz məhsullarının ixrac etmək imkanı məhdudlaşır,
yaxud ixrac etdiyi təqdirdə, həmin məhsullara daha böyük rüsumlar təklif edir. Daşınma
xərclərinin artması gübrənin və bu kimi digər pestisidlərin daha baha qiymətə gəlməsinə
səbəb olur. Beləliklə, məhsulun maya dəyəri bahalaşır, nəticədə təklif qiyməti
artır. Hər iki səbəb yerli istehsalın qiymətinin bahalaşmasını şərtləndirir”.
"Sərt
bahalaşma gözlənilir”
R.Həsənov
bildirdi ki, əsas buğda tələbatımız idxal hesabına ödəndiyi üçün qiymət
dinamikası da dünyadakı siyasi proseslərdən asılı olacaq: "Yerli buğda ərzaq məqsədli
istifadə üçün o qədər də yararlı deyil. Azərbaycan, demək olar ki, ərzaq məqsədli
taxılın 90 faizini idxal edir. İdxal olunan taxılın əhəmiyyətli hissəsi
Rusiyanın payına düşür. Keçən il 331 milyon dollarlıq ümumi taxıl idxal olunub
ki, onun da 318 milyonu Rusiyadan idxal olunub. Rusiyadan gələn taxılın da 98
faizi ərzaqlıq taxıl idi. Buna görə də, istənilən halda bu istiqamətdə qiymət
dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir. Kifayət
qədər sərt bahalaşma gözlənilir”.
"Buğda əkənlərin
sayı arta bilər, amma...”
Qiymət
artımının buğda əkməyə maraq göstərənlərin sayını artıracağına gəlincə, R.Həsənov
bildirdi ki, bu faktor təşəbbüsləri qismən artıra bilər: "Meliorasiya tədbirləri
düzgün aparılmadığı üçün Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi yararsız
vəziyyətə düşüb. Xüsusilə taxıla yararlı torpaqlardan söhbət gedir. Çünki taxıl
kənd təsərrüfatında son çarə kimi qiymətləndirilir. Əgər torpaq məhsuldardırsa,
orada mənfəət norması daha yüksək olan məhsulların istehsal edilməsi faydalı
hesab edilir. Taxıl su az, çatan, məhsuldarlıq zəif olan yerlərdə əkilir. Düşünürəm
ki, hökumət müəyyən qədər dəstəkləsə, təşviq etsə, xüsusilə də torpaqların
şoranlaşmasının qarşısının alınması ilə bağlı tədbirləri gücləndirsə, növbəti
ildə taxıl əkilməsində artım ola bilər”.
Aygün
Asimqızı
