• şənbə, 13 Iyun, 03:04
  • Baku Bakı 23°C

Ət istehsalında növbəti hədəflər

13.06.26 01:34 20
Ət istehsalında növbəti hədəflər

Hökumət 2030-cu ilə qədər ət məhsulları üzrə özünütəminetmənin səviyyəsini artıraraq bazarda qiymət sabitliyinə nail olmağı hədəfləyir. Ekspertlər isə bildirirlər ki, bunun üçün əsas şərt yem xərclərinin azaldılması və istehsalın genişləndirilməsidir. 

Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin sözlərinə görə, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır. O qeyd edib ki, məhz ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitliyə nail olmaq mümkündür. Hazırda ölkəmizin mal ətinə tələbatının 83,7 faizi, qoyun ətinə tələbatının 94,2 faizi, quş ətinə tələbatının isə 82 faizi yerli istehsal hesabına ödənilir. Hökumətin qəbul etdiyi yeni Dövlət Proqramında da ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin daha da artırılması nəzərdə tutulur. Bütün bunlardan sonra ətin qiymətini tənzimləmək mümkün olacaqmı və bu, nə dərəcədə realdır? 

“Daxili tələbat tamamilə yerli istehsal hesabına ödənəcək”

Milli Məclisin deputatı Azər Badamov Dövlət Proqramının qiymətlərin stabilləşməsinə effektiv təsir göstərəcəyini düşünür: “Azərbaycanda kənd təsərrüfatının strateji istiqamətlərindən biri olan heyvandarlıq sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı qəbul olunub. Sənəddə 2030-cu ilin sonunadək ölkənin ət və quş əti məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər tam icra edilərsə, yaxın illərdə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksələcəyi və daxili tələbatın demək olar ki, tamamilə yerli istehsal hesabına ödənəcəyi şübhəsizdir. Ət bazarında qiymətlərin sabitləşdirilməsi üçün ilk növbədə idxaldan asılılıq azaldılmalı və daxili istehsal genişləndirilməlidir. Qiymətlər tələb və təklif əsasında formalaşdığından, bazarda təklifin artması onun sabitləşməsinə, hətta müəyyən hallarda ucuzlaşmasına səbəb ola bilər. Bunun üçün məhsuldarlığın artırılması, müasir heyvandarlıq təsərrüfatlarının yaradılması, yem bazasının gücləndirilməsi və istehsalın optimallaşdırılması vacibdir”.

2,2 milyard manat həcmində dövlət investisiyası

A.Badamov bildirdi ki, proqram çərçivəsində kənd təsərrüfatının inkişafına 2,2 milyard manat həcmində dövlət investisiyasının yönəldilməsi nəzərdə tutulur. Bu vəsait müasir heyvandarlıq komplekslərinin yaradılmasına, yeni texnologiyaların tətbiqinə, damazlıq işinin gücləndirilməsinə və məhsuldarlığın artırılmasına imkan verəcək: “Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da intensiv və qapalı təsərrüfatların qurulması ət və süd istehsalında ciddi artım yarada bilər”.

“İstehsal xərcləri azaldılacaq”

Millət vəkilinin sözlərinə görə, hazırda sektorun əsas problemləri sırasında yem bazasının yetərincə inkişaf etməməsi, örüş və otlaq sahələrinin məhdudluğu, eləcə də innovativ texnologiyaların zəif tətbiqi yer alır: “Ətin maya dəyərinə təsir edən əsas amil isə yem xərcləridir. Xüsusilə quşçuluqda istifadə olunan yem komponentlərinin mühüm hissəsi xaricdən gətirildiyi üçün qlobal bazardakı bahalaşma daxili qiymətlərə birbaşa təsir göstərir. Bu baxımdan yerli yem istehsalının artırılması strateji əhəmiyyət daşıyır. Yem istehsalının genişləndirilməsi ət, süd, quş əti və yumurta istehsalında maya dəyərinin azalmasına ciddi təsir göstərə bilər. Uzunmüddətli qiymət sabitliyi də məhz istehsal xərclərinin aşağı salınması ilə bağlıdır. Dövlət Proqramının nəticələri mərhələli şəkildə hiss olunsa da, əsas iqtisadi təsirlərin 2030-cu ilə yaxın daha aydın görünəcəyi gözlənilir”.

“Qiymət sabitliyi üçün risk olaraq qalır”

İqtisadçı Akif Nəsirlinin fikrincə, ət bazarında qiymətlərin inzibati qaydada sabit saxlanması çətindir. Lakin istehsalın artırılması və xərclərin azaldılması hesabına qiymət artımı tempini zəiflətmək və daha stabil bazar yaratmaq mümkündür:

“Bu yanaşma real görünür, amma nəticələr qısa müddətdə deyil, orta və uzunmüddətli perspektivdə özünü göstərəcək. Qiymətlərin tənzimlənməsi üçün əsas yol bazara birbaşa müdaxilə deyil, istehsal zəncirinin gücləndirilməsidir. Buraya yem bazasının genişləndirilməsi, heyvandarlıq təsərrüfatlarının modernləşdirilməsi, damazlıq işinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması və logistika xərclərinin azaldılması daxildir. Eyni zamanda, rəqabət mühitinin gücləndirilməsi və kiçik fermerlərin dəstəklənməsi də bazarın balanslaşmasına kömək edə bilər”.

A.Nəsirlinin sözlərinə görə, hazırda ölkədə daxili tələbatın böyük hissəsinin yerli istehsal hesabına ödənilməsi müsbət göstəricidir: “Lakin yem asılılığı, artan xərclər və struktur problemlər qiymət sabitliyi üçün risk olaraq qalır. Əsas problemlərdən biri yem bazarının xarici və ya bahalı yerli komponentlərdən asılı olmasıdır. Bundan başqa, damazlıq heyvanların məhsuldarlığının aşağı olması, kiçik təsərrüfatların çoxluğu, su və otlaq resurslarının məhdudluğu da maya dəyərini artırır. Ətin maya dəyərində yem xərclərinin payı 60-70 faiz təşkil edir. Buna görə də yem istehsalının yerli və daha ucuz formada artırılması qiymətlərə təsir edə biləcək ən effektiv vasitələrdən biridir. Qarğıdalı, arpa, yonca və digər yem bitkilərinin məhsuldarlığı artırılarsa, idxaldan asılılıq azalacaq və istehsal xərcləri aşağı düşəcək. Lakin bu tədbirlərin nəticələri bir neçə mövsüm və ya il ərzində hiss olunacaq”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər