Rəqəmsal ödənişlərin yeni mərhələsi
Virtual kartın digər kartlardan əsas fərqi, yalnız rəqəmsal formada mövcud olmasıdır. Bu kart fiziki daşıyıcıya malik deyil və bankların mobil tətbiqlərində hesab şəklində təqdim olunur.
Son illərdə qlobal maliyyə sistemində müşahidə olunan dəyişikliklərdən biri də virtual kartların sürətlə yayılmasıdır. Rəqəmsallaşmanın artması, e-ticarətin genişlənməsi və istifadəçilərin təhlükəsizliklə bağlı həssaslığının yüksəlməsi bu aləti ənənəvi bank kartlarına ciddi alternativə çevirib. Ölkəmizdə də virtual kartların populyarlığı artır. 2026-cı il yanvarın 1-nə ölkədə bu kartların sayı 2,3 milyon ədəd olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur. Mərkəzi Bankının məlumatına görə, dövriyyədə olan ödəniş kartlarının 10,7 %-i virtual kartlardan ibarətdir. Maraqlıdır, virtual kartların üstünlükləri nələrdir?
“Oğurlanma və itirilmə riski yoxdur”
Bank eksperti Emin Kərimov deyir ki, virtual kartın digər kartlardan əsas fərqi, yalnız rəqəmsal formada mövcud olmasıdır. Bu kart fiziki daşıyıcıya malik deyil və bankların mobil tətbiqlərində hesab şəklində təqdim olunur: “Virtual kartların əsas üstünlüklərindən biri onların fiziki olaraq oğurlanması və ya itirilməsi riskinin olmamasıdır. Çünki kart yalnız virtual mühitdə mövcuddur. Bununla yanaşı, təhlükəsizlik qaydaları və mühafizə mexanizmləri adi bank kartlarında olduğu kimi bu kartlara da tətbiq edilir. Funksionallıq baxımından virtual kartlar digər kartlarla demək olar ki, eyni imkanlara malikdir və onunla qanunvericiliyə uyğun olaraq əksər əməliyyatları həyata keçirmək mümkündür. Yeganə fərq əməkhaqqı əməliyyatları ilə bağlı müəyyən məhdudiyyətlərin olmasıdır. Bu da əməkhaqqı kartlarının adətən fiziki və sifariş əsasında təqdim edilməsi ilə bağlıdır. Eyni zamanda, virtual kartlardan elektron cüzdan kimi də istifadə edilə bilər. Hətta gələcəkdə bu kartlara taksit (hissə-hissə ödəniş) funksiyasının əlavə olunması da mümkündür”.
“Məqsəd istifadəçi rahatlığını təmin etməkdir”
Mütəxəssis bildirir ki, virtual kartlar pandemiya dövründə daha da aktuallaşıb: “Həmin dövrdə insanlar banklara fiziki olaraq müraciət edə bilmədiyi üçün məsafədən xidmət imkanları genişləndirildi və müştərilərə filiala getmədən virtual kart açmaq imkanı təqdim olundu. Bu kartların əsas məqsədi istifadəçi rahatlığını təmin etməkdir. İstifadəçi evdən çıxmadan, mobil tətbiq vasitəsilə bir neçə toxunuşla kart yarada və dərhal istifadə edə bilir. Kartlardan həm yerli, həm də xarici əməliyyatlarda, o cümlədən QR kod vasitəsilə ödənişlərdə istifadə etmək mümkündür”.
Əsas açar, yoxsa idarə olunan açar?
Bank eksperti İsmayıl Məmmədov deyir ki, virtual kart tokenizasiya texnologiyası əsasında yaradılan, fiziki daşıyıcısı olmayan, lakin EMV (kartlarla ödənişlərin təhlükəsizliyini təmin edən beynəlxalq standartlardır) standartlarına uyğun əməliyyatlar aparmağa imkan verən rəqəmsal ödəniş alətidir: “Ənənəvi plastik kart isə istifadəçinin əsas hesabını təmsil edən “Primary Account Number” (PAN) əsasında fəaliyyət göstərir və POS-terminallar, ATM-lər, həmçinin onlayn ödənişlər üçün istifadə olunur. Bu kartlar geniş funksionallığa malik olsa da, eyni zamanda daha yüksək risk daşıyan “əsas açar” rolunu oynayır. Virtual kart isə bu baxımdan əlavə təhlükəsizlik qatıdır və daha çox “idarə olunan açar” kimi çıxış edir. Bankçılıqda bu yanaşma “Spending Limit Management” (xərclərin məhdudlaşdırılması idarəetməsi) kimi tanınır və istifadəçiyə xərclər üzərində daha çevik nəzarət imkanı verir. Virtual kartların əsas xüsusiyyətlərinə fiziki daşıyıcının olmaması, sürətli şəkildə yaradılıb silinə bilməsi, limit və istifadə qaydalarının asanlıqla idarə olunması daxildir. Bu kartlar əsasən onlayn ödənişlər üçün nəzərdə tutulur və təhlükəsizlik baxımından istifadəçilərə əlavə üstünlük verir”.
Virtual kartlardan harada istifadə olunur?
Bu kartların daha çox hansı məqsədlər üçün istifadəsinə gəldikdə isə, mütəxəssis bildirir ki, virtual kart xüsusilə xarici saytlardan alış-veriş (məsələn, “Amazon”, “AliExpress” və s.), abunəlik ödənişləri (“Netflix”, “Spotify” və s.), tanımadığınız və ya yeni saytlarla ödənişlər, sosial şəbəkələrdə reklam ödənişləri və səyahət rezervasiyalarında istifadə olunmalıdır: “Virtual kartlar çox vaxt adi plastik kartlardan daha təhlükəsiz hesab olunur. Onun əsas üstünlükləri arasında əsas kart məlumatlarının gizli qalması, istifadə limiti təyin etmək imkanı (məsələn, 20 AZN ilə riskin azalması), əsas hesabın boşaldılması riskinin azalması göstərilə bilər”.
Hər platforma üçün ayrı kart
Mütəxəssisin sözlərinə görə, istifadəçilərin virtual kartlardan istifadə edərkən ən çox etdikləri səhvlər arasında böyük məbləğləri bir kartda saxlamaq, eyni kartı hər yerdə istifadə etmək, abunəlikləri unutmaq (kartda pul qalması səbəbindən avtomatik ödənişlərin çəkilməsi), şübhəli saytlarda kart məlumatını daxil etmək və SMS/OTP kodlarını paylaşmaqdır: “Birdəfəlik (single-use) kartların istifadəsi isə xüsusilə ilk dəfə alış etdiyiniz, pulsuz sınaq platformaları və “kart saxlanılsın?” deyən platformalarda vacibdir. Məsələn, “Netflix”, “Spotify” və digər xarici alışlar üçün ən təhlükəsiz yanaşma birdəfəlik virtual kartdan istifadə etməkdir. Ən düzgün strategiya olaraq hər bir xidmət üçün ayrı virtual kart yaratmaq, istifadə limiti təyin etmək, yalnız həmin xidmət üçün kartı istifadə etmək və artıq lazım deyilsə kartı silmək tövsiyə olunur”.
Üç qızıl qayda
İ.Məmmədov sonda vurğulayır ki, virtual kartların düzgün istifadəsi üçün 3 əsas qaydanı bilmək vacibdir: “Hər məqsəd üçün ayrı kart istifadə etmək, kartda böyük məbləğ saxlamamaq və şübhə yarandıqda kartı dərhal silmək əsas qaydadır. Müasir bankçılıqda ən böyük risk texnologiya deyil, istifadəçi davranışıdır. Virtual kartlar istifadəçinin davranış zəifliklərinə qarşı ən güclü silahdır”.
Qlobal ödəniş nəhənglərinin virtual kart əməliyyatları
Məlumat üçün bildirək ki, qlobal ödəniş nəhəngləri “Visa” və “Mastercard” son hesabatlarında virtual kart əməliyyatlarının həcminin davamlı şəkildə artdığını qeyd edir. Bu artım əsasən e-ticarət platformalarında müşahidə olunur. Xüsusilə “Amazon” kimi iri e-ticarət platformalarında alış-veriş edən istifadəçilər üçün virtual kartlar əlavə qoruma qatıdır. Birdəfəlik istifadə üçün yaradılan kartlar istifadəçi məlumatlarının üçüncü tərəflərə ötürülməsi riskini minimuma endirir.
Aygün Əziz