Regional müşavirələr başladı
Aqrar sektorun inkişafı ilə bağlı regional müşavirələrə start verilib. Prezident İlham Əliyevin tapşırığı ilə reallaşan müşavirələrdə əsas məqsəd Dövlət Proqramını müzakirə etməkdir.
Ağdaş rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə regional müşavirə keçirilib.
Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən müşavirələrdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edirlər.
Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunub.
Keyfiyyətcə yeni mərhələyə keçid
Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycanda 2015-2025-ci illərdə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib. Keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik ixracyönümlü istehsala istiqamətlənmiş yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib: "Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir".
"Mərkəzi Aranda 242 min hektar suvarılan sahə mövcuddur”
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov qeyd edib ki, Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır: “Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır".
Z.Mikayılov vurğulayıb ki, hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Ağdaş rayonunda 36 min 337 hektar, Göyçay rayonunda 26 min 568 hektar, Kürdəmir rayonunda isə 69 min 504 hektar, Ucar rayonunda 28 min 935 hektar, Yevlax rayonunda 42 min 786 hektar, Zərdab rayonunda 38 min 759 hektar, Mingəçevir şəhərində isə 1 099 hektar suvarılan sahə mövcuddur: "Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 9 375 kilometrə yaxın suvarma şəbəkəsini, 17 767 hidrotexniki qurğunu, 98 subartezian quyusunu və 231 nasos stansiyasını əhatə edir".
Buğda istehsalının artırılması üçün 22 hədəf müəyyənləşdirilib
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli qeyd edib ki, Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Onun sözlərinə görə, bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır: "Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır. Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir".
Əsas hərəkətverici qüvvə məhsuldarlığın artırılması olacaq
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, ölkədə qida istehsalı və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas yük özəl sektorun üzərinə düşür. Onun sözlərinə görə, qarşıdakı dövrdə aqrar sahənin inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, investisiyaların artırılması və müasir istehsal yanaşmalarının geniş tətbiqi xüsusi əhəmiyyət daşıyacaq: “Uzun illər kənd təsərrüfatında artım əsasən əkin sahələrinin genişləndirilməsi hesabına təmin edilib. Əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması istehsalın artmasına imkan yaradırdı. Lakin bu yanaşma artıq öz potensialını demək olar ki, tükədib. Bundan sonra inkişafın əsas hərəkətverici qüvvəsi məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və daha səmərəli istehsal modelinə keçid olmalıdır”.