• şənbə, 13 Iyun, 06:03
  • Baku Bakı 22°C

“SOCAR-ın fəaliyyəti xarici bazarlara doğru genişlənir”

13.06.26 04:14 22
“SOCAR-ın fəaliyyəti xarici bazarlara doğru genişlənir”

Mikayıl Cabbarov: “Bu gün SOCAR artıq yalnız emal infrastrukturunda deyil, hasilat sahəsində də xarici bazarlarda, müxtəlif layihələrdə pay əldə edir”.

“Bu gün SOCAR artıq yalnız emal infrastrukturunda deyil, hasilat sahəsində də xarici bazarlarda, müxtəlif layihələrdə pay əldə edir”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya və Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində bildirib. Nazir neft-qaz sektorunun iqtisadiyyatımızda çox böyük rola malik olduğunu bildirib: “Bu sektor ümumi daxili məhsulun (ÜDM) 30 faizini təşkil edir ki, bu da çox böyük bir göstəricidir. Digər tərəfdən, o, ölkə gəlirlərinin formalaşmasında mühüm rol oynayır”.

“Hasilatımızın pik həddini 16 il bundan əvvəl keçmişik”

Nazir bildirib ki, neft hasilatımızın pik həddini 16 il bundan əvvəl keçmişik. Bu, 2010-cu ildə olub və ölkədə 51 milyon tona yaxın neft hasil edilib: “Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə bu göstərici 27,7 milyon ton təşkil edib. Bəli, o dövrlə müqayisədə təbii qazın hasilatı da əhəmiyyətli dərəcədə artıb. Lakin dəyər ifadəsi ilə yanaşsaq, bunlar bir-birini tam əvəzləyən amillər deyil. Mövcud yeni şəraitdə mən bu sahədəki strategiyamızı iki hissəyə bölərdim. Birincisi ondan ibarətdir ki, Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var. Bizim yeni layihələrimiz də işə salınacaq, mövcud layihələrin isə davamlı fəaliyyəti təmin olunacaq. “Azəri-Çıraq-Günəşli” yatağından dərin qaz hasilatının başlanması, “Abşeron” layihəsinin tam miqyasda işlənilməsi, “Babək” yatağında hasilata başlanılması, “Ümid” yatağında ikinci fazanın icrası, “Bahar” və “Qum-Dəniz” layihələrindəki zəngin resursların istismarı, həmçinin “Qarabağ” layihəsi üzrə işlər fəal şəkildə davam etdirilir”.

“SOCAR-ın fəaliyyəti xarici bazarlara doğru genişlənir”

Nazir qeyd edib ki, indiyə qədər biz ölkəmizdə neft-qaz hasilatını ənənəvi üsullarla həyata keçirmişik: “Son onillikdə bu sahədə baş verən qeyri-ənənəvi hasilat metodlarını bu günə qədər tətbiq etməmişik, amma bunlar hazırda öyrənilir. Ölkəmizin ərazisində bununla bağlı müvafiq resurslar var. SOCAR ilə bir sıra xarici tərəfdaşlar arasında bu istiqamətdə müxtəlif anlaşma memorandumları və çərçivə sazişləri bağlanıb”.

Nazirin sözlərinə görə, strategiyanın ikinci hissəsi ondan ibarətdir ki, biz ölkəmizin bu sahədəki çoxəsrlik ənənələrini, bilik və bacarıqlarını, dünya və regional bazarlardakı mövqelərini itirmək niyyətində deyilik: “Məhz buna görə də bizim bu sahədəki aparıcı qurumumuz olan SOCAR-ın fəaliyyətinin son dövrlərdə xarici bazarlara doğru genişləndiyini, daha fəal şəkildə həyata keçirildiyini görürsünüz. 

Lakin bu gün SOCAR artıq yalnız emal infrastrukturunda deyil, hasilat sahəsində də xarici bazarlarda, müxtəlif layihələrdə pay əldə edir. Bu il Birləşmiş Ərəb Əmirliklərində və ilk dəfə olaraq Afrika qitəsində - Kot-d'İvuarın böyük bir yatağında sərmayə layihələrinə start verilib, həmçinin İsraildə həyata keçirilən qaz hasilatı layihəsində iştirak təmin olunub və bu fəaliyyət davam etdiriləcək”.

“Bu fəaliyyətlər davamlı xarakter daşıyır”

Nazir qeyd edib ki vəsaitin azalan hissəsini xarici bazarlarda aktiv fəaliyyət göstərib sərmayə yatırmaqla kompensasiya edirik. Bunun müqabilində mülkiyyət hüququ və səhmləri 100 faiz dövlətə məxsus olan şirkət ölkəmizə dividendlər gətirir: “Bu, xüsusi bir istiqamətdir və mən bu sırada bir çox uğurlu layihələri sadalaya bilərəm. Onlardan zaman baxımından ən yaxın olanı, İtaliya bazarında 35 faiz paya malik, iki neft emalı zavodu və bir neçə min yanacaqdoldurma stansiyasından ibarət nəhəng bir qurumun - “İtaliana Petroli” şirkətinin satın alınmasıdır. Həmçinin qardaş Özbəkistanda “Uzbeknefteqaz” və bp ilə birlikdə Üstyurd yatağının işlənilməsinə dair sazişin imzalanmasını qeyd etmək olar. Yəni bu fəaliyyətlər davamlı xarakter daşıyır.

Neft-qaz sahəsinin gələcəyi nikbindir

M.Cabbarov bildirib ki, yeni neft emalı zavodunun tikintisi barədə müvafiq qərar razılaşdırılıb: “Biz təxminən 5-6 il ərzində layihənin başa çatdırılmasını gözləyirik. Bu, tam müasir və artıq belə demək olarsa, günümüzün tələblərinə cavab verən neft emalı zavodu olacaqdır. Burada söhbət yalnız sənaye və ekoloji standartlardan deyil, həm də biznes model baxımından müasir tələblərə uyğunluqdan gedir. Zavod maye yanacaq məhsulları ilə yanaşı, neft-kimya məhsullarının yeni nəslini də istehsal edəcək”.

 

banner

Oxşar Xəbərlər