• çərşənbə, 24 Aprel, 15:19
  • Baku Bakı 27°C

Yanğından sonrakı peşmançılıq

23.10.21 09:45 363
Yanğından sonrakı peşmançılıq
Təcrübə göstərir ki, burada problem fərqli formada üzə çıxır, sahibkarlar simvolik sığorta müqavilələri əldə edir. Bu kimi hallarda, həm sığortaçı, həm də sığortalı yanlış qərar vermiş olur
Ötən həftə Nərimanov metrosunun yaxınlığında yerləşən "Metrocity” ticarət mərkəzində yanğın baş verdi. Bundan əvvəl isə dəfələrlə ayrı-ayrı ticarət mərkəzlərində yanğınların baş verdiyinin şahidi olmuşuq. Təbii ki, bu yanğınlar nəticəsində sahibkarlara küllü miqdarda zərər dəyir. Sahibkara dəymiş zərərin kim tərəfindən ödənilməsi isə açıq sual olaraq qalır. Bəs hansı səbəbdən sahibkar öz malını sığortalamır? Bu məsələdə problem haradadır? Sahibkarlar sığorta edənlərə etibar etmir, yoxsa, ümumiyyətlə malların sığortalanması sahibkar üçün sərfəli deyil?

"Prosesə nəzarət mexanizmləri mövcud deyil”

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında sığorta üzrə ekspert Hikmət Allahverdi bildirdi ki, yanğından sığortadan söhbət gedirsə, burada 2 sığorta məhsulundan danışmaq lazımdır: "Daşınar və daşınmaz əmlakın sığortası. Bildiyimiz kimi, daşınmaz əmlakın sığortası qanunla, icbari qaydada aparılır. Burada da sığortalanacaq obyektə görə fərqləndirmə mövcuddur, yəni yaşayış yerləri bölgələrə görə standart sığorta məbləğləri və sığorta haqları müəyyən edilməklə aparılır. Bu o deməkdir ki, yaşayış yerlərinin sığortalanması zamanı sığorta şirkətlərinin risk analizi aparmaq sərbəstliyi yoxdur. Hüquqi şəxslərə aid və ya sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə aid əmlakların sığortası zamanı isə sığorta şirkətləri risk analizi apararaq riski qəbul edib etməmək və ya hansı şərtlərlə, nə qədər sığorta haqqı müqabilində qəbul etmək haqqında qərar qəbul edə bilirlər. Qanunvericiliyin tələbinə görə, icbari olmasına baxmayaraq, yaşayış yerlərinin sığortalılıq faizi daha aşağıdır. Çünki bu prosesə nəzarət mexanizmləri mövcud deyil”.

"Sığortalı yanlış qərar vermiş olur”

Ekspert qeyd etdi ki, qeyri- yaşayış yerlərinin, o cümlədən ticarət mərkəzlərinin sığortalılıq faizi daha çoxdur: "Çünki Fövqəladə Hallar Nazirliyi prosesə nəzarət edir və sığortalanmamış obyekt sahiblərinin cərimələnməsi məsələsi mövcuddur. Təcrübə göstərir ki, burada problem fərqli formada üzə çıxır, sahibkarlar simvolik sığorta müqavilələri əldə edir. Belə ki, sığortalanacaq obyektin dəyəri bir milyon manatdırsa, obyekt sahibi az sığorta haqqı ödəsin deyə, obyektin dəyərini 50000 manat məbləğində sığortalayır. Bu kimi hallarda, həm sığortaçı, həm də sığortalı yanlış qərar vermiş olur. Sığorta şirkəti isə dolayısı ilə bu kimi obyektlərdə gələcəkdə baş verəcək sığorta hadisəsi zamanı qismən az sığorta ödənişi verməklə qazanclı çıxsa da, uzunmüddətli dövrdə sığorta sektoruna zərər vurmuş olur. Belə ki, sözügedən nümunədə sığorta hadisəsi zamanı natamam sığortalanmış (qanunla qadağandır) obyekt sahibi zərərlərini tam qarşılaya bilmədiyi üçün hər yerdə "gördük də sığortanı, o qədər pul verib sığorta etdim, zərərimin 5%-ni ödədilər” deyib, sığortaya inamsızlığın təbliğatçısına çevrilir”.

"Təhlükəsizlik qaydalarına riayət edilmir”

H.Allahverdinin sözlərinə görə, qeyri- yaşayış sahələrinin, sırf ticarət mərkəzlərinin sığortalanmasında, yumşaq desək, maraqlı olmayan sığorta şirkətlərinin də tutarlı səbəbləri var: "Çünki belə ticarət mərkəzlərinin əksəriyyətində yanğın təhlükəsizlik qaydalarına riayət edilmir. Bu təhlükəsizlik qaydaları obyektin tikintisi zamanı nəzərə alınmamaqla yanaşı, istifadəyə verildikdən sonra da satış mağazalarının yerləşdirilməsi kortəbii aparılır. Bunlar daşınmaz əmlakla bağlı yaranan problemlərdir. Qeyd edim ki, bu ticarət mərkəzlərinə "MALL” kimi tanınan obyektlər aid deyil”.

"Sahibkar mal varlığını sənədlərlə sübut edə bilmir”

Sahibkara məxsus malların sığortası məsələsinə toxunan H.Allahverdi vurğuladı ki, bununla bağlı qeyd edilən səbəblərlə yanaşı, həm də əlavə və mühüm problemlər də var: "Belə ki, bu tipli ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların vergi-uçot məsələləri yox səviyyəsindədir. Sahibkar mal varlığını sənədlərlə sübut edə bilmir. Yəni nə qədər mal alıb, hansı qiymətə alıb, qalıq mal nə qədərdir, göstərə bilmir. Bu vəziyyətdə sığortalanma gələcəkdə baş verəcək hansısa sığorta hadisəsi zamanı sonu görünməyən mübahisələrə, məhkəmə çəkişmələrinə səbəb olur. Bunları nəzərə alan və öz imicini qorumaqda maraqlı olan sığorta şirkətləri bu kimi obyektləri sığortalamaqdan çəkinirlər”.

"İndiki halda sərfəli deyil”

İri ticarət mərkəzlərindən birində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səfayət İsmayılov bildirdi ki, satış üçün nəzərdə tutulan malların sığortalanması, indiki halda sərfəli deyil: "Çünki pandemiya dönəmində onsuz da zərərlə işləmişik. Lakin bu o demək deyil ki, sığorta məsələsində maraqlı deyilik. Faktiki olaraq, bizə məxsus olan və ya hansısa kirayə götürülmüş mağazalar, dükanlar sığortalanıb. Bizim tərəfimizdən də müəyyən təhlükəsizlik tədbirləri görülüb. Məsələn, yanğın əleyhinə balonlar alınıb və s. Amma bu, sırf daşınmaz əmlaka aid məsələlərdir. Onu qeyd edim ki, bir sıra hallarda hər hansı yanğın zamanı sığorta şirkətlərindən çox çətinliklə ödəniş alınır. Açığı desək, sığorta şirkətlərinin ödəniş məsələsindəki yaratdığı problem bizdə inamsızlıq yaradır”.

"Malların sığortalaması ölkəyə daxil olarkən aparılsa…”

S.İsmayılov əlavə etdi ki, malların sığortalanması isə hələ də həllini tapa bilməyən məsələdir: "Çünki sahibkar olaraq, xaricdən gətirdiyimiz istənilən malın üzərinə bir də sığortanı əlavə etsək, onda mağazaları, dükanları bağlayıb evdə oturmalı olacağıq. İnanın ki, əlimizdəki malı aylarla sata bilmirik. Belə olan halda, gətirdiyimiz malı, məhsulu necə sığortalayaq? Həm də ki, ümumiyyətlə bizim çevrəmizdə mallarını sığortalayan bir sahibkar yoxdur. Əgər belə bir təcrübə olsa və onun səmərələliyini görsək, haradasa, bu haqda düşünmək olar. Fikrimcə, bu məsələ, yəni malların sığortalaması ölkəyə daxil olarkən aparılsa, daha yaxşı olar. Təbii ki, bunu vergilərin və ya gömrük rüsumunun müəyyən qədər azaldılması hesabına aparılması daha münasibdir. Bundan sonra məsələ həllini tapa bilər”.

Bəxtiyar Məmmədli



banner

Oxşar Xəbərlər