• cümə, 19 Aprel, 23:00
  • Baku Bakı 24°C

Xəzərdən Avropaya "yaşıl enerji"nin ötürülməsinin koordinasiyası üçün İşçi Qrupu yaradılacaq

03.02.23 17:30 536
Xəzərdən Avropaya "yaşıl enerji"nin ötürülməsinin koordinasiyası üçün İşçi Qrupu yaradılacaq

"Yaşıl enerji"nin Xəzər dənizindən Avropaya ötürülməsindən irəli gələn məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün İşçi Qrupu yaradılacaq.

Kaspi.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkənin nazirlərinin ilk iclasında razılaşdırılıb.

Bildirilir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Rumıniyanın energetika naziri Daniel Virgil Popeskunun iştirakı ilə iclasda “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə gələcək fəaliyyətin konsepsiyası müzakirə edilib. Tədbirdə Avropa İttifaqını enerji məsələləri üzrə komissar Kadri Simson təmsil edib.

İclasda enerji təchizatı və tranzit marşrutlarının şaxələndirilməsi üçün "yaşıl enerji" layihələrinin həyata keçirilməsinin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Mövcud bərpa olunan enerji potensialından istifadəni genişləndirmək və" yaşıl" elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Buxarestdə imzalanıb. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.

banner

Oxşar Xəbərlər