• şənbə, 24 Oktyabr, 03:53
  • Baku Bakı 17°C

Yumurta bazarında mövsümi dəyişiklik

24.10.26 02:23 29
Yumurta bazarında mövsümi dəyişiklik

“Kənd yumurtası”nın bahalaşmasının başlıca səbəbləri arasında mövsümi amillər və yem tədarükündəki qiymət artımı göstərilir. Ekspertlər deyirlər ki, "kənd yumurtası" əsasən kiçik təsərrüfatlarda istehsal olunduğundan, onların xərclərindəki artım qiymətlərə daha tez təsir göstərir.

Son günlərdə bazarda "kənd yumurtası"nın qiymətində artım müşahidə olunur. Bir müddət əvvəl ədədi 30 qəpiyə satılan yumurtanın qiyməti hazırda 40-50 qəpiyə yüksəlib. Bahalaşma təkcə "kənd yumurtası" ilə məhdudlaşmır, broyler yumurtasının qiymətində də artım qeydə alınıb. Adətən qış aylarında müşahidə olunan qiymət artımının bu il daha erkən başlaması isə qarşıdakı aylarda qiymətlərin hansı səviyyəyə çatacağı ilə bağlı suallar yaradır.

Bəs, yumurtanın bahalaşmasına səbəb olan amillər hansılardır? Mövcud tendensiya davam edərsə, qış aylarında "kənd yumurtası"nın qiyməti hansı həddə çata bilər?

Müasir toyuq cinsləri vəziyyəti dəyişə bilər

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirib ki, adətən oktyabr ayının əvvəlindən və ya ortalarından etibarən fərdi təsərrüfatlarda yumurta istehsalı azalmağa başlayır. Onun sözlərinə görə, bu hal sənaye quşçuluğunda müşahidə olunmur, çünki sənaye təsərrüfatlarında ilboyu yumurta istehsalı davam edir.

Ekspertin sözlərinə görə, fərdi təsərrüfatlarda yumurta istehsalının mövsümi azalması əsasən ənənəvi yerli toyuqlarla bağlıdır. Soyuq havalar və gün işığının azalması onların yumurta verməsinə təsir göstərir. Lakin son illər fərdi təsərrüfatlarda məhsuldar toyuq cinslərinin sayının artması bu vəziyyəti tədricən dəyişir.

M. Həsənov qeyd edib ki, bəzi müasir cinslər əlverişli şəraitdə ildə 300-ə qədər yumurta verə bilir. Bu toyuqlar mövsümi dəyişikliklərdən daha az təsirləndiyindən, onların fərdi təsərrüfatlarda yayılması qış aylarında istehsalın kəskin azalmasının qarşısını ala bilər.

M. Həsənovun sözlərinə görə, qış aylarında "kənd yumurtası"nın istehsalının azalması bazarda mütləq qıtlıq yaranacağı demək deyil. Hava şəraiti yaxşılaşdıqda və toyuqların saxlanıldığı yerlərdə uyğun temperatur təmin edildikdə, yumurta istehsalı yenidən arta bilər.

Ekspert hesab edir ki, məhsuldar toyuq cinslərinin sayının artması nəticəsində fərdi təsərrüfatlarda yumurta istehsalının mövsümi azalması gələcəkdə daha az hiss olunacaq. Buna görə də qarşıdakı qış aylarında ciddi yumurta qıtlığı gözlənilmir.

Yem və saxlanma xərcləri qiymətə təsir edir

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, "kənd yumurtası"nın qiymətində müşahidə olunan artımı yalnız mövsümi amillərlə izah etmək düzgün olmaz. Onun sözlərinə görə, qiymətlərin formalaşmasına həm istehsal xərclərinin yüksəlməsi, həm də bazara çıxarılan məhsulun həcmi təsir göstərir.

A. Nəsirli qeyd edib ki, yem, xüsusilə taxıl və digər yem komponentləri, eləcə də quşların saxlanması və daşınması xərclərinin artması məhsulun maya dəyərini yüksəldə bilər.

Mərkəz sədrinin sözlərinə görə, "kənd yumurtası" əsasən kiçik təsərrüfatlarda istehsal olunduğundan, onların xərclərindəki artım qiymətlərə daha tez təsir göstərir. Təklifin azalması ilə yanaşı, istehlakçıların "kənd yumurtası"na üstünlük verməsi də bahalaşmanı sürətləndirir.

Bahalaşma niyə erkən başlayıb?

A.Nəsirli bildirib ki, bu il qiymət artımının əvvəlki illərlə müqayisədə daha erkən başlamasının səbəblərini müəyyənləşdirmək üçün istehsal və satış həcmləri, yem qiymətləri və bazardakı real təklif barədə məlumatları müqayisə etmək lazımdır. Onun fikrincə, əgər bahalaşma əsasən mövsümi istehsal azalması ilə bağlıdırsa, qiymətlər müəyyən müddətdən sonra sabitləşəcək. Lakin yem və digər istehsal xərclərinin artması davam edərsə, bahalaşma daha uzunmüddətli xarakter alacaq.

İqtisadçı diqqətə çatdırıb ki, "kənd yumurtası"nın bazarı sənaye üsulu ilə istehsal olunan yumurtanın bazarından fərqlənir. Məhsulun əsasən kiçik təsərrüfatlar tərəfindən istehsal və satış edilməsi qiymətlərin müxtəlif ərazilərdə fərqli dəyişməsinə səbəb ola bilər.

Qış aylarında qiymətlərin necə dəyişəcəyinə gəlincə, A. Nəsirli bununla bağlı indidən dəqiq proqnoz verməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, əsaslandırılmış proqnoz vermək üçün hazırkı satış qiymətləri, əvvəlki illərin mövsümi göstəriciləri və istehsal xərclərinin dinamikası barədə konkret məlumatlar olmalıdır.

Mərkəz sədrinin fikrincə, mövcud artım davam edərsə, qiymətlərin daha da yüksəlməsi mümkündür. Bununla belə, bahalaşmanın miqyası bazarda təklifin nə dərəcədə azalacağından və istehsal xərclərinin necə dəyişəcəyindən asılı olacaq.

Sənaye yumurtası bahalaşmayacaq

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, "kənd yumurtası"nın bahalaşması mövsümi xarakter daşıyır. Onun sözlərinə görə, yay aylarında gündəlik satışa çıxarılan "kənd yumurtası"nın həcmi 380 min ədəd olduğu halda, hazırda bu göstərici 80-120 min ədəd arasında dəyişir.
Assosiasiya sədri qeyd edib ki, havaların soyuması və gün işığının azalması kənd toyuqlarının yumurta vermə imkanlarına təsir göstərir. Nəticədə istehsal azalır, bazara çıxarılan məhsulun həcmi aşağı düşür və bu da "kənd yumurtası"nın qiymətində artımla nəticələnir.

M. Həsənli vurğulayıb ki, "kənd yumurtası"nın qiymətindəki artım sənaye üsulu ilə istehsal olunan yumurtanın bahalaşmasına səbəb olmayacaq.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər