• şənbə, 17 Oktyabr, 08:04
  • Baku Bakı 18°C

Rəqəmsal İpək Yolunda mühüm təşəbbüs

17.10.26 04:45 40
Rəqəmsal İpək Yolunda mühüm təşəbbüs

“Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib.

Azərbaycan və Mərkəzi Asiya arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət dinamikam verəcək daha bir mühüm layihə reallaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.

Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.

“Bu, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir”

Prezident Kasım-Jomart Tokayev bildirib ki, bu, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir: “Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür”.

Prezident İlham Əliyev deyib ki, Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır: “Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik”.

Xəzər dənizində ilk fiber-optik kabel xətti

Layihənin xüsusi əhəmiyyət daşıdığını ekspertlər də xüsusi vurğulayırlar. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Trans-Xəzər fiber-optik kabel xəttinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyinin gücləndirilməsi, məlumatların ötürülməsi imkanlarının genişləndirilməsi və ölkədə məlumat mərkəzlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yeni infrastruktur beynəlxalq məlumat mübadiləsinin genişlənməsinə, rəqəmsal xidmətlərin inkişafına və texnoloji investisiyaların cəlb edilməsinə əlavə imkanlar yaradacaq.

R.Əliyev vurğulayıb ki, Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi regionun rəqəmsal infrastrukturu baxımından əhəmiyyətli hadisədir: “Bu, Xəzər dənizində ilk fiber-optik kabel xəttidir. Yeni xətt beynəlxalq məlumat axınlarının ötürülməsi zamanı gecikmələrin azaldılmasına və ölkənin beynəlxalq rabitə kanallarının inkişafına töhfə verə bilər. Burada qeyd edilən məsafə üzrə millisaniyələrlə internetin sürəti artacaq. Məsələn, dənizin o tərəfindən olan, həmçinin Çindən və Hindistandan gəlib Avropaya keçən internetlərin arasında millisaniyə fərqi olacaq”.

Ekspertin sözlərinə görə, layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi formalaşmasına da şərait yaradacaq. Beynəlxalq məlumat trafikinin artması Azərbaycanda əlavə məlumat mərkəzlərinin yaradılmasına və mövcud infrastrukturun genişləndirilməsinə ehtiyac formalaşdıra bilər: “Bu isə ölkəyə yeni texnoloji şirkətlərin və xidmət təminatçılarının cəlb edilməsi baxımından əhəmiyyətlidir. Bu səbəbdən də böyük bir layihəyə ehtiyac olacaq, yəni burada artıq bir-iki və ya onlarla əlavə data mərkəzi qurulacaq”.

 

banner

Oxşar Xəbərlər