• şənbə, 24 Oktyabr, 03:52
  • Baku Bakı 17°C

Subsidiya da artır, idxal da

24.10.26 02:42 29
Subsidiya da artır, idxal da

Buğda idxalında davamlı artım qeydə alınır. Subsidiya dəstəyinin və yerli istehsalın artmasına baxmayaraq, idxal göstəricilərinin də yüksəlməsi suallar doğurur. 

Azərbaycanda buğda istehsalına milyonlarla manat dövlət dəstəyi göstərilir, məhsuldarlıq artırılır, yeni subsidiya mexanizmləri tətbiq olunur. Buna baxmayaraq, ölkənin buğda idxalına ehtiyacı azalmaq əvəzinə artır. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 841,7 min ton buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur. Beş il ərzində buğda istehsalına 548 milyon manat əkin və məhsul subsidiyası ödənilib, 2025-ci ildə isə buğda üzrə özünütəminetmə səviyyəsi 55,4% təşkil edib. Bəs dövlət dəstəyi niyə idxaldan asılılığı azaltmağa kifayət etmir? 

“Məhsuldarlıq artır”

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda istehsalına dövlət dəstəyinin əsas məqsədi yerli istehsalçının dəstəklənməsi, məhsuldarlığın artırılması və müasir istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsidir: “Bu istiqamətdə müəyyən artım da var. 2026-cı ildə buğda üzrə məhsuldarlıq 2021-ci illə müqayisədə 10,3%, 2025-ci illə müqayisədə isə 8,4% artaraq hektardan 36,3 sentnerə çatıb. Bu il buğda əkin sahəsi 460,5 min hektar, istehsal isə 1 milyon 605,3 min ton təşkil edib. Lakin əkin sahələrinin azalması fonunda buğda idxalı artıb. 2026-cı ilin yanvar-avqust aylarında idxal 841,7 min ton olub. Buğda strateji ərzaq məhsulu olduğundan, idxal daxili bazarda mövcud tələbatın tam və fasiləsiz təmin edilməsinə xidmət edir”.

“Dövlət dəstəyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür”

Nazirlikdən bildirildi ki, yerli istehsalın daxili tələbatın ödənilməsində payının artırılması üçün məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, sertifikatlı toxumdan istifadənin təşviqi, torpaqların konsolidasiyası və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür: “Bu məqsədlə 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramda buğda istehsalı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib. Buğda istehsalı üzrə ixtisaslaşmış rayonlarda məhsuldarlığın 50 sentner/hektara çatdırılması, ölkə üzrə buğda istehsalının isə 20% artırılması nəzərdə tutulur. Bundan başqa, Qəbələ və Salyanda 20 min hektar sahədə torpaqların konsolidasiyası, təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması, kadastr xəritələrinin yenilənməsi və su resurslarından istifadənin daha effektiv idarə olunması ilə bağlı pilot model tətbiq edilir”.

Yeni subsidiya mexanizmi nəyi dəyişəcək?

Həmçinin bildirildi ki, 2027-ci il üçün yeni dövlət dəstəyi mexanizmlərində müasir suvarmadan istifadə edən fermerlərə daha yüksək subsidiya nəzərdə tutulub: “22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə 400 AZN/ha, ənənəvi suvarma və dəmyə şəraitində taxıl əkinlərinə isə 200 AZN/ha subsidiya ödəniləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl lazer hamarlama tətbiq edən fermerlərə ilk il əkin subsidiyasına əlavə olaraq 250 AZN/ha ödəniləcək. Eyni zamanda, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən fermerlərin əkin subsidiyası 50% azaldılacaq. 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək”.

“Subsidiya təkbaşına kifayət etmir”

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, buğda idxalının 10,8% artmasını yalnız daxili istehsalın tələbatı ödəməməsi ilə izah etmək olmaz: “Burada daxili tələbatın strukturu, ərzaqlıq və yemlik buğdaya ehtiyac, eləcə də bazarın keyfiyyət tələbləri nəzərə alınmalıdır. Bununla belə, 841,7 min ton buğdanın idxal edilməsi və bu göstəricinin bir il ərzində 81,7 min ton artması daxili istehsalın məhsuldarlığı və rəqabət qabiliyyəti məsələsini gündəmdə saxlayır”.

Ekspert hesab edir ki, buğdaya subsidiya verilməsi avtomatik olaraq idxalın azalması demək deyil: “Subsidiya istehsalçının xərclərinin müəyyən hissəsini kompensasiya edir və istehsala stimul yaradır. Lakin fermerin qərarına toxum, gübrə, yanacaq, suvarma, texnika, əmək və digər xərclərin səviyyəsi, eləcə də məhsulun satış qiyməti də təsir göstərir. Əgər bir hektardan əldə olunan məhsuldarlıq aşağıdırsa, subsidiya olsa belə, fermer üçün istehsalın iqtisadi səmərəliliyi kifayət qədər yüksək olmaya bilər. Əsas məsələ subsidiya ilə real məhsuldarlıq və fermerin gəlirliliyi arasında əlaqənin qurulmasıdır”.

“Problem yalnız suvarmada deyil”

N. Əzizlinin fikrincə, Azərbaycanda buğda istehsalındakı problem bir amillə məhdudlaşmır: “Su təminatı, torpağın münbitliyi, keyfiyyətli toxum, düzgün gübrələmə, aqrotexniki tədbirlərin vaxtında aparılması və istehsal xərclərinin optimallaşdırılması bir-biri ilə bağlı məsələlərdir. Xüsusilə su təminatının zəif olduğu ərazilərdə yüksək məhsuldarlığa nail olmaq çətindir. Torpağın aqrokimyəvi xüsusiyyətləri nəzərə alınmadan aparılan gübrələmə isə həm iqtisadi baxımdan səmərəsiz ola, həm də torpağın münbitliyinə uzunmüddətli təsir göstərə bilər. Buna görə də buğda istehsalında torpaq analizləri və elmi əsaslandırılmış gübrələmə sistemi daha geniş tətbiq edilməlidir. Keyfiyyətli toxum da məhsuldarlığın əsas şərtlərindən biridir. Burada yalnız toxumun miqdarı deyil, onun genetik potensialı, sertifikatlaşdırılması və konkret torpaq-iqlim şəraitinə uyğunluğu əhəmiyyət daşıyır. 2026-cı ildən sertifikatlı toxum istifadəsinə dair tələblərin sərtləşdirilməsi bu istiqamətdə atılan addımlardan biridir. Eyni zamanda, yerli toxumçuluğun inkişaf etdirilməsi də əhəmiyyətlidir”.

N.Əzizlinin fikrincə, buğda üzrə əsas hədəf sadəcə “daha çox əkin” deyil, “daha məhsuldar və daha səmərəli əkin” olmalıdır. Xaricdən buğda asılılığını azaltmaq üçün isə yalnız subsidiyaya deyil, bütöv istehsal zəncirinə diqqət yetirmək lazımdır. 

Zərif Salmanlı

 

banner

Oxşar Xəbərlər