• cümə, 19 Aprel, 18:41
  • Baku Bakı 24°C

Xərclədikcə pul qazandıran layihə - Startap

19.06.20 15:30 12358
Xərclədikcə pul qazandıran layihə - Startap

Orxan Əhmədov: "Hamının "wow” deyib bəyəndiyi startapların uğursuz olma şansı daha yüksəkdir”
Bir çox startapçılar kimi investor yoxluğundan şikayətlənmir. Deyir ki, pulu olan adamı tapmaq çətin deyil, əsas, onu sənin ideyana, biznesinə pul yatırtmağa inandırmaqdır. Ona görə, hər bir şəxsin başı çıxdığı, bildiyi, nəhayət, sevdiyi və yatırım etməyə hazır olduğu sahəsi vardır. Düşünür ki, biznes modeli düzgün, işləyən və inkişafa meyilli olan istənilən startap həm yerli, həm də xarici investorlardan dəstək ala bilər.

MüsahibimizBon.az layihəsinin təsisçisi Orxan Əhmədovdur. Həmsöhbətimiz Bakıda anadan olub. 2000-2004 illərdə Qafqaz Universitetinin Bank menecmenti ixtisası üzrə bakalavr pilləsində, 2004-2006 illərdə isə sözügedən universitetin Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. Elektron ticarət üzrə 8 illik, sadiqlik sistemləri üzrə isə 4 illik təcrübəsi var. 2010-cu ildən başlayaraq İT sahəsində təşəbbüskarlıqla məşğuldur. Bir neçə startap və şirkətin həmtəsisçisi olub.

- Orxan bəy, "Bon.az” nədir? İstifadəçilər nə üçün bu tətbiqdən istifadə etməlidir?
- "Bon.az” internet mağazalardan alış-veriş edən şəxslərə, ödədikləri məbləğin bir hissəsini pul şəklinə geri qaytarmağa (cashback) kömək edən platformadır. Bizim istifadəçi və üzvlərimiz müxtəlif xarici ölkələrdə yerləşən onlayn mağazalardan tez-tez alış-veriş edən şəxslərdir. Hazırda sistemdə Türkiyə, ABŞ, Çin və Rusiyadan 300-ə yaxın aktiv onlayn mağaza var. Bu mağazalardan daim alış-veriş edən şəxslər "Bon.az”-dan istifadə etməklə həm xərclərinə qənaət etmiş olur, həm də eksklüziv endirim və aksiyalar barədə məlumat əldə edə bilirlər.


- Sizcə, yerli startaplara və ya məhz sizin startapınıza xaricdən və yaxud yerli nəhəng şirkətlərdən investisiya cəlb etmək şansı böyükdürmü?
- Biznes modeli düzgün işləyən və inkişafa meyilli olan istənilən startap həm yerli, həm də xarici investorlardan dəstək ala bilər. Burada əsas məsələ startapın fəaliyyət sahəsi, xitab etdiyi bazar və biznesin reallaşdırılması üçün qanunların mövcudluğudur. Buna görə də startaplar həm investisiya, həm də gələcək inkişaf baxımından ən uyğun şərtləri olan ölkəni seçib, şirkəti orada qeydiyyatdan keçirirlər. Yerli bazarda isə texniki və digər işləri görən komandanı saxlayırlar. Xarici investorlar, daha çox özlərinin olduqları və ya "Silikon Vadisi” kimi startap mərkəzlərində qeydiyyatdan keçmiş layihələrə üstünlük verirlər. Yerli investorlar isə böyüyərək xaricə çıxma potensialı olan layihələrə yatırım etməyə çalışırlar. Təbii ki, dediklərim bizim bazara aiddir və hər ölkənin öz fərqli yanaşması var.
- Ümumiyyətlə, investor tapmaq çətindirmi?
- Pulu olan adamı tapmaq çətin deyil, əsas, onu sənin ideyana, biznesinə pul yatırmağa inandırmaqdır. Bir çox adam düşünür ki, "filankəsin pulu var” deyən kimi yatırım edəcək. Yatırmayanda da, deyir ki, adam ideyamı başa düşmədi. Əslində isə hər bir şəxsin başı çıxdığı, bildiyi, nəhayət, sevdiyi və yatırım etməyə hazır olduğu sahəsi vardır və mənim ideyam onun istəkləri ilə üst-üstə düşmürsə, təbii ki, yatırım da etməyəcək. İstisnalar da var, o da qeyd etdiyim kimi, qarşı tərəfə layihəni necə izah və nələr vəd etməkdən asılıdır.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər