Xalqın sağlamlığına verilən dəyər
Modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə
sistemində əlavə iki min çarpayılıq ehtiyat yaradacaq
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına
əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması
məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə
ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına
başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da
28 saylı Bilgəh kəndiqəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt
Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun
24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər
korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə
verilib. Prezident İlham Əliyevin iyulun 29-da Qobustan, İsmayıllı, Şəki və
Qəbələyə səfərləri çərçivəsində koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə
tutulan daha 4 modul tipli xəstəxananın açılışı olub. Digər analoji səhiyyə
müəssisələrində olduğu kimi, bu 4 tibb ocağında da orta ağırlıqlı simptomları
olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.
Xüsusilə qeyd olunmalıdır ki, bu komplekslər rayon mərkəzi xəstəxanalarının
yaxınlığında quraşdırılaraq onlara təhkim olunub ki, bu da koronavirus
xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və
tibbi koordinasiyanı təmin edir. Onu da vurğulamaq lazımdır ki, bu modul tipli
xəstəxanalara, korpuslara zərurət olmadıqda – yəni, pandemiya ilə mübarizə başa
çatdıqdan sonra onlar asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün
– məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar,
yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.
Ən kritik
vəziyyətə hazır olaq
Millət vəkili
Tamam CəfərovaAzərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla
mübarizə istiqamətində çox mühüm addımlar atdığını diqqətə çatdıraraq, bu
çərçivədə modul tipli xəstəxanaların yaradılmasını böyük əhəmiyyətə malik
hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq
tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana
kompleksinin quraşdırılmasına başlanılıb, artıq bu səhiyyə müəssisələrindən bir
neçəsi istifadəyə verilib. Deputatın sözlərinə görə, ümumilikdə, yaradılacaq
modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000
çarpayılıq ehtiyat yaradacaq: "Xəstəliyin dinamikasından görünürdü ki, əlavə
xəstəxanalara ehtiyac olacaq. Ona görə də cənab Prezident göstəriş verdi ki,
əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin
və biz ən kritik vəziyyətə hazır olaq. Məhz Azərbaycan Prezidentinin
uzaqgörənliyi nəticəsində ilk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi,
məqsədyönlü addımlar atılması bu gün ölkəmizdə vəziyyəti tam nəzarətdə
saxlamağa imkan verib. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus
xəstələri müalicə alır ki, həmin tibb müəssislərinin 36-sı dövlət başçısının
müvafiq sərəncamları ilə inşa edilib. Pandemiyanın ilk aylarında
respublikamızda cəmi 6 laboratoriya var idisə, sonradan onların sayı 29-a
çatdırılıb, 15 yeni laboratoriya da sifariş edilib. Belə uğurlu addımlar
nəticəsində Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən
40-cı yerdədir”.
Prezident
həmişəki kimi vətəndaşın yanındadır
T.Cəfərova vurğulayıb ki, Qobustan, İsmayıllı və
Şəkidə yeni istifadəyə verilən modul tipli xəstəxanalarda ümumilikdə 300 palata
və 600 çarpayı mövcuddur. Onun sözlərinə görə, Qəbələdəki modul tipli xəstəxana
da digərləri kimi yüksək standartlara cavab verir və hər bir səhiyyə kompleksi
mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə
təchiz edilib: "Bir müddət əvvəl istifadəyə verilən Fövqəladə Hallar Nazirliyinin
Tibb Mərkəzinin modul tipli hospitalı da xəstəliklə mübarizədə əlavə imkanlar
yaradır. Bu xəstəxana isə 800 çarpayılıq idi. Həmin ərazidə təqribən bir ay-ay
yarım ərzində yeni bir xəstəxana da inşa ediləcək. O da modul tipli xəstəxana
olacaq. Orada çarpayıların sayı 1300-ə qədər olacaq. Yəni, təqribən iki ay
ərzində 2 mindən çox xəstəni oradayerləşdirmək mümkün olacaq. Bu il
istifadəyə verilmiş "Yeni klinika”da isə hazırda 350 xəstə müalicə alır vəqısa
müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdırılacaq. Bir qədər
əvvəl söylədiyim kimi, iyulun 29-da dövlət başçısının iştirakı ilə regionlarda
daha 4 modul tipli xəstəxana istifadəyə verilib. Bütün bunları nəzərə alsaq,
deyə bilərik ki, bu gün ölkəmizdəki səhiyyə müəssisələrində kifayət qədər çarpayı
ehtiyatımız var. Pandemiya ilə mübarizədə biz hər bir vəziyyətə hazır
olmalıyıq. Düzdür, ilk gündən bütün qabaqlayıcı tədbirlərin görülməsi
nəticəsində bu gün vəziyyət nəzarət altındadır. Buna rəğmən, ölkə başçısı
əlindən gələni edir ki, kritik vəziyyətə hazır olaq. Bu isə bir daha onu
göstərir ki, Cənab Prezident həmişəki kimi, öz vətəndaşının yanındadır,
əhalinin sağlamlığının qeydinə qalır”.
Səhiyyə sisteminin "təzyiq” altında qalmaması
Millət vəkili
Şahin Seyidzadəqəzetimizə açıqlamasında deyib ki, koronavirus pandemiyası dövründə ölkəmizdə
virusla mübarizə, yoluxanların müalicəsi, əhalinin sağlamlığının qorunması üçün
əhəmiyyətli addımlar atılır. Deputatın sözlərinə görə, ölkəmizdə bu istiqamətdə
əvvəlcədən düşünülərək görülən işlər peşəkar idarəetmənin göstəricisidir: "Bu,
çox xoş haldır ki, bəzi dünya ölkələrində olduğu kimi koronavirus ölkəmizdə
böyük fəlakətlər yaratmadı. Bunun bir çox səbəbi var ki, bunlardan ən başlıcası
dövlətin məsuliyyətli davranaraq öncədən tədbirlər görməsidir. Burada biz
sərhədlərin bağlanması, qoruyucu tibbi maska istehsal edən müəssisənin
istifadəyə verilməsi, karantin rejiminin tətbiqi və sair kimi məsələləri qeyd
edə bilərik. Həmçinin öncədən səhiyyə sisteminin "təzyiq” altında qalmaması
üçün əlavə tədbirlər görülüb. Bu tədbirlərdən biri də modul tipli xəstəxanaların
qurulmasıdır. Cənab Prezidentin müvafiq tapşırıqlarına əsasən, əhalinin
sağlamlığının təmin edilməsi üçün nəzərdə tutulan kompleks tədbirlər
çərçivəsində 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb. Qısa
müddət ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron, Qobustan,
Şəki və Qəbələ rayonlarında infeksion xəstəliklər korpusları, modul tipli
hospitallar əhalinin xidmətinə verilib. Bütün zəruri təchizatla, oksigen
generator sistemi və digər avadanlıqlarla təmin edilən modul tipli
xəstəxanaların quraşdırılması nəticəsində artıq səhiyyə sistemimizdə əlavə 2000
çarpayılıq yer imkanı ortaya çıxır”.
Koronavirusayoluxanlar və sağalanlar arasında balansın tənzimlənməsi
Millət vəkilinin qənaətincə, modul tipli
xəstəxanaların quraşdırılması xoş haldan yaranmış zərurətə görə deyil,
gözlənilmədən üzləşdiyimiz virusla mübarizə üçündür: "Müasir texnika ilə qısa
müddət ərzində hazırlanaraq quraşdırılan bu modul tipli xəstəxanalar daha sonra
asanlıqla köçürülərək müxtəlif məqsədlərdə istifadə edilə bilər. Misal üçün
hərbi, sərhəd keçid məntəqələri və yaxud tədris məqsədi ilə. Ümumiyyətlə modul
tipli xəstəxanaların belə çətin zamanda çevik hazırlanması və quraşdırılması
göstərir ki, pandemiya ilə mübarizə dövründə dövlət əhalinin qorunması bütün
imkanlarını səfərbər edir. Prezident İlham Əliyevin bu tipli xəstəxanaların
açılışında özünün iştirak etməsi, müvafiq tapşırıqlar verməsi də sübut edir ki,
koronavirusla mübarizə dönəmi davam etdiyi müddətdə dövlət başçısı bu məsələni
diqqət mərkəzində saxlayır. Əhalimiz də bunu müsbət qarşılayır, yaradılan
səhiyyə imkanlarını yüksək dəyərləndirir. Çünki, bir qədər əvvəl qeyd etdiyim
kimi, modul tipli xəstəxanaların quraşdırılması və xidmətə verilməsi səhiyyə
sistemimiz üzərində olan yükü, "təzyiqi” azaldır. Modul tipli səhiyyə
komplekslərinin istifadəyə verilməsi nəticəsində əlavə çarpayı yerləri yaranır.
Bu da öz növbəsində yoluxan şəxslərin müalicəsi üçün imkanların genişlənməsinə,
nəticədə yoluxanlar və sağalanlar arasında balansın tənzimlənməsinə gətirib
çıxarır. Düşünürəm ki, yaxın müddətdə modul tipli xəstəxanalara olan ehtiyacı
tamamilə yox olacaqdır. Son dövrün təhlili göstərir ki, müalicə alaraq
sağalanların sayı yoluxanların sayını keçir. Bu, müsbət trenddir”.
Rufik
İSMAYILOV