• şənbə, 31 Oktyabr, 03:39
  • Baku Bakı 17°C

Uşaq saçının qiyməti var, bəs hüquq?

31.10.26 02:09 34
Uşaq saçının qiyməti var, bəs hüquq?

Sosial şəbəkələrdə canlı yayımlarda azyaşlıların saçlarının kəsilməsi və satışa çıxarılması sürətlə yayılır. Ekspertlər bildirirlər ki, bir neçə dəqiqəlik maddi qazanc uşağın psixologiyasında və gələcəyində uzunmüddətli izlər buraxa bilər.

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində diqqət çəkən yeni tendensiya formalaşıb. Valideynlər azyaşlı qızlarının saçlarını canlı yayımlar zamanı kəsərək satışa təqdim edir. Bir neçə dəqiqə ərzində gəlir əldə etmək məqsədi daşıyan bu videolar sosial şəbəkələrdə sürətlə yayılsa da, məsələ təkcə saç alqı-satqısı ilə məhdudlaşmır. Azyaşlıların bu cür kommersiya prosesinə cəlb edilməsi uşaq hüquqları, psixoloji sağlamlıq, şəxsi toxunulmazlıq və valideyn məsuliyyəti baxımından ciddi suallar yaradır. Bəs azyaşlıların saçlarının satışı qanunidirmi? Bu bazarda qiymətlər necə formalaşır və uşaqların bu prosesə cəlb olunması hansı risklər yaradır?

“Ən azı 45 santimetr uzunluğunda saç qəbul edilir”

Saç alıcısı Aynurə Məmmədovanın sözlərinə görə, hazırda bazarda alqı-satqı üçün ən azı 45 santimetr uzunluğunda saç qəbul edilir. Ən çox tələbat isə uşaq saçlarınadır: “Səbəb isə onların heç bir kimyəvi emala məruz qalmaması, yəni boya, keratin və digər prosedurlar görməməsidir. Qiymətlər saçın uzunluğu, çəkisi və keyfiyyətinə görə müəyyənləşdirilir. Standart keyfiyyətli 45 santimetr uzunluğunda saçın 100 qramı təxminən 50 manata alınır. Məsələn, 50 santimetr uzunluğunda, 105 qram çəkisi olan saç üçün 80 manat, 60 santimetrlik 100 qram saç üçün isə 100 manat təklif edilir. Çox gur, ucları küt və yüksək keyfiyyətli 60 santimetrlik saçların qiyməti isə 250-300 manatdır. Daha uzun saçlar üçün isə alıcılar 100 qramına 120, 160, hətta 170 manata qədər ödəniş etməyə hazır olduqlarını bildirirlər. Toplanan təbii saçlar sonradan qaynaq saç və parik hazırlanması üçün istifadə olunur. Lakin hazır məhsulun satış qiyməti artıq xammalı alan şəxslər tərəfindən müəyyən edilmir”. Onun sözlərinə görə, bu məbləğ saçı toxuyan ustanın əməyindən, istifadə olunan materiallardan və hazırlanma prosesindən asılı olaraq formalaşır.

Qanunvericilik nə deyir?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində insan saçının alqı-satqısını qadağan edən və ya xüsusi icazə rejiminə bağlayan ayrıca norma mövcud deyil. Yetkin şəxsin öz saçını könüllü şəkildə kəsərək satması hüquqazidd hesab olunmur: “Lakin söhbət azyaşlılardan getdikdə məsələyə yalnız alqı-satqı münasibəti kimi yanaşmaq mümkün deyil. Bu halda uşağın bədən toxunulmazlığı, şəxsi həyatı, ləyaqəti, fikrinin nəzərə alınması və görüntülərinin kommersiya məqsədilə yayılması kimi hüquqi məsələlər ön plana çıxır. Valideyn uşağın qanuni nümayəndəsi olsa da, bu, ona uşağın bədəni və şəxsi həyatı üzərində qeyri-məhdud qərarvermə hüququ vermir. Ailə Məcəlləsinə əsasən, valideynlik hüquqları uşağın mənafeyinə zidd həyata keçirilə bilməz”.

V.Cəfərov bildirdi ki, bu baxımdan, uşağın saçının satılması yalnız müəyyən şərtlər daxilində hüquqa uyğun qiymətləndirilə bilər. Saçın kəsilməsi uşağın sağlamlığına zərər vurmamalı, o, məcbur edilməməli, yaşına və inkişaf səviyyəsinə uyğun olaraq fikri öyrənilməli, etirazı nəzərə alınmalıdır: “Eyni zamanda, proses uşağın alçaldılması və ya ictimai nümayiş obyektinə çevrilməsi ilə müşayiət olunmamalı, əldə edilən gəlir də onun maraqlarına xidmət etməlidir. Əgər uşaq, xüsusilə baş verənləri dərk edə biləcək yaşdadırsa, açıq şəkildə etiraz etməsinə baxmayaraq, saçı zorla kəsilir və bu proses sosial şəbəkələrdə canlı yayımlanırsa, bu, artıq uşağın ləyaqəti, şəxsi həyatı və psixoloji toxunulmazlığı baxımından ciddi hüquqi problem yaradır”. 

“Uşağın psixoloji sağlamlığı üçün ciddi risklər yarada bilər”

Psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərovanın sözlərinə görə, sosial şəbəkələrdə azyaşlı qızların saçlarının canlı yayımlarda kəsilərək satılması ilk baxışdan gəlir mənbəyi kimi görünsə də, bu, uşağın psixoloji sağlamlığı üçün ciddi risklər yarada bilər: “Travmatik hadisələr təkcə yaddaşda deyil, bədənin yaddaşında da iz buraxır. Uşaq yaşananları sözlə ifadə edə bilməsə də, kameranın qarşısında olmağın gərginliyi, qayçının səsi, yad insanların baxışları və etiraz edə bilməməyin yaratdığı çarəsizlik hissi onun psixikasında dərin iz qoyur. Travmanın əsas səbəbi saçın kəsilməsi deyil, uşağın öz bədəni üzərində nəzarəti itirdiyini hiss etməsidir. Canlı yayım zamanı uşaq həm etiraz edə bilmir, həm də minlərlə izləyicinin qarşısında olduğu üçün bu hiss utanc və sosial ifşa ilə daha da ağırlaşır. Belə vəziyyətlərdə yaranan bədən reaksiyaları sonradan özgüvənsizlik və özünəqapanma kimi davranışlara çevrilə bilər. Bu cür təcrübələr uşağın gələcək şəxsiyyətinin formalaşmasına da təsir edir. Üstəlik, internetdə yayılan videolar uzun illər silinmədiyi üçün gələcəkdə həmin görüntülərlə yenidən qarşılaşması onda ikinci dəfə psixoloji gərginlik yarada bilər. Saç yenidən uzansa da, uşağın öz bədəninə və valideyninə olan etibarını bərpa etmək bəzən daha uzun zaman tələb edir”.

Yayılan bəzi görüntülər ciddi suallar yaradır

“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova isə düşünür ki, əgər saçın kəsilməsi uşağın ləyaqətini alçaltmır, kommersiya istismarına səbəb olmur və ona psixoloji zərər vurmursa, bu, qanun pozuntusu hesab edilmir: “Bununla belə, sosial şəbəkələrdə yayılan bəzi görüntülər bu meyarların pozula biləcəyi ilə bağlı ciddi suallar yaradır. Ən böyük narahatlıq doğuran məqamlardan biri azyaşlıların canlı yayımlarda saçlarının kəsilməsi və onların emosiyalarının izləyici toplamaq və gəlir əldə etmək məqsədilə nümayiş etdirilməsidir. Valideyn uşağın qanuni nümayəndəsi olsa da, bu, onun şəxsi həyatını və görüntüsünü qeyri-məhdud şəkildə ictimailəşdirmək hüququ vermir”.

K.Aşumovanın sözlərinə görə, valideyn tərəfindən qəbul edilən hər bir qərar ilk növbədə uşağın fiziki, psixoloji və sosial rifahına xidmət etməlidir.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər