• şənbə, 24 Oktyabr, 04:28
  • Baku Bakı 17°C

Düşünən alqoritmlər, passivləşən beyinlər

24.10.26 02:50 27
Düşünən alqoritmlər, passivləşən beyinlər

Süni intellekt işimizi asanlaşdırır və vaxta qənaət edir. Ancaq bu rahatlığın başqa tərəfi də var. Bu gün qarşımıza çıxan ən sadə sualın cavabını belə düşünmək və araşdırmaq əvəzinə, birbaşa ondan soruşuruq.

Süni intellektlə bir neçə saniyəyə mətn yazmaq, sualın cavabını tapmaq, fotoşəkli redaktə etmək, dizayn hazırlamaq, hətta hazır kod əldə etmək artıq adi hala çevrilib. Daha rahat və səmərəli istifadə yollarını öyrənmək üçün təlimlər də keçirilir. Danılmaz həqiqətdir ki, Sİ işimizi asanlaşdırır və vaxta qənaət edir. Ancaq bu rahatlığın başqa tərəfi də var. Bu gün qarşımıza çıxan ən sadə sualın cavabını belə düşünmək və araşdırmaq əvəzinə, birbaşa Sİ-dən soruşuruq.

Bəs sualların cavabına bu qədər sürətli və rahat çıxış imkanının zamanla düşünmək və araşdırmaq vərdişlərimizi zəiflətməsi mümkündürmü?

Neyroelm sahəsində geniş yayılmış yanaşmalardan biri “Use it or lose it” (“İstifadə et, yoxsa itir”) prinsipidir. Bu yanaşmaya görə, beyin istifadə olunduqca və müxtəlif mürəkkəb tapşırıqlara cəlb edildikcə özünü dəyişdirir və uyğunlaşdırır. Problemləri həll etmək, analitik müqayisələr aparmaq və yazmaq kimi fəaliyyətlərdə zehni fəal şəkildə iştirak etdirmək koqnitiv bacarıqların qorunması və inkişafında mühüm rol oynayır.

Əgər beyin istifadə etdikcə inkişaf edən bir sistemdirsə, düşünmə prosesini davamlı olaraq texnologiyaya ötürməyin hansı nəticələri ola bilər?

İntellektual müstəqilliyimiz itirilir?

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, insanların məlumat axtarmaqdan tutmuş fikir formalaşdırmağa və qərar verməyə qədər bir çox məsələdə süni intellektə müraciət etməsi “koqnitiv geriləmə” riskini artırır: “İnsan beyni təbiəti etibarilə enerjiyə qənaət etməyə meyllidir. Əgər biz düşünmək, analiz etmək və məlumatları sintez etmək əvəzinə hazır cavabları qəbul etməyə alışsaq, beyin bu mürəkkəb əməliyyatları yerinə yetirmək üçün daha az fəal ola bilər. Bu isə müstəqil araşdırma və tənqidi düşünmə qabiliyyətinin zəifləməsi, nəticədə isə intellektual müstəqilliyin azalması riskini yaradır”.

“Hazır cavablar yanlış qərarlara aparır”

Mütəxəssisin fikrincə, insan hər hansı problemi özü araşdırmaq və həll etmək əvəzinə daim Sİ-dən hazır cavab almağa alışdıqda, zamanla intellektual passivlik yarana bilər: “Problemləri həll etmək üçün lazım olan məlumatı təhlil etmək, məsələyə müxtəlif bucaqlardan baxmaq və məntiqi əlaqələr qurmaq kimi beyin proseslərindən daha az istifadə edildikdə, insan mürəkkəb və qeyri-standart vəziyyətlərdə daha çox çətinlik çəkə bilər. Uzunmüddətli perspektivdə bu, problem həll etmə bacarığının zəifləməsinə və texnoloji sistemlərdən asılılığın artmasına səbəb ola bilər”.

F.Musayev həmçinin xəbərdarlıq edir ki, istifadəçi Sİ-nin verdiyi cavabı araşdırmadan qəbul etdikdə yanlış məlumatların yayılması riski artır: “Süni intellekt modelləri bəzən “hallüsinasiya” adlanan fenomen nəticəsində tamamilə uydurma, lakin çox inandırıcı görünən məlumatlar təqdim edə bilər. Araşdırma aparmadan bu cavabları qəbul etmək yanlış məlumatların həqiqət kimi qəbul edilməsinə, yanlış qərarlara və ciddi sosial və ya fərdi fəsadlara yol aça bilər”.

Yalnız bu halda texnologiya bizi zəiflətməyəcək

İT ekspertinin fikrincə, Sİ-dən istifadənin rahatlıq, yoxsa asılılıq yaratmasını onun hansı məqsədlə və necə istifadə edilməsi müəyyənləşdirir: “Əgər siz süni intellektdən işinizi sürətləndirmək, rutin tapşırıqları avtomatlaşdırmaq və ya yeni ideyalar əldə etmək üçün bir vasitə kimi istifadə edirsinizsə, bu, rahatlıqdır. Lakin süni intellektin verdiyi məlumat olmadan mövzunu anlamaq, analiz etmək və ya qərar vermək qabiliyyətiniz zəifləyirsə, bu, artıq asılılıq riskindən xəbər verə bilər. Süni intellekt sizin köməkçiniz olmalıdır, rəhbəriniz deyil. Onu “cavab verən alət” kimi deyil, “fikir yoldaşı” kimi görməliyik. Ondan birbaşa nəticə almaq üçün deyil, mövzunu fərqli perspektivlərdən görmək, struktur qurmaq və ideyaları süzgəcdən keçirmək üçün istifadə etmək daha məqsədəuyğundur. Yalnız bu halda texnologiya bizi zəiflətməyəcək, əksinə, imkanlarımızı genişləndirəcək”.

“Hazır cavablar araşdırmaq vərdişini zəiflədə bilər”

Uzman klinik neyropsixoloq Nəzrin Tağızadə deyir ki, əsas risk insanın düşünmə bacarığının bir hissəsini tədricən süni intellektə ötürməsidir: “İnsan bir problemi həll edərkən sadəcə cavab tapmır. O, məlumatları xatırlayır, diqqətini yönəldir, fərziyyələr irəli sürür, müxtəlif ehtimalları müqayisə edir, səhv edir, yenidən düşünür və nəticəyə özü gəlir. Məhz bu proseslər mürəkkəb düşünmə və problem həll etmə bacarıqlarının inkişafına xidmət edir. Süni intellekt isə bu prosesin böyük hissəsini saniyələr ərzində bizim əvəzimizə həyata keçirə bilir. Bu, işi asanlaşdırır, amma hər asanlıq koqnitiv inkişafımızı dəstəkləmir. Əgər insan əvvəlcə özü düşünür, sonra Sİ-dən fikrini yoxlamaq və daha geniş informasiyaya sahib olmaq üçün istifadə edirsə, texnologiya faydalı köməkçiyə çevrilir. Amma insan problemi özü analiz etmədən birbaşa Sİ-dən cavab alırsa, nəticəni əldə etsə də, həmin nəticəyə aparan düşünmə prosesində zehin daha az iştirak edir. Elmi ədəbiyyatda bu proses “cognitive offloading” – koqnitiv boşaltma kimi izah olunur. Yəni təhlükə süni intellektin “insanın beynini zəiflətməsi” deyil, insanın beyninin özü etməli olduğu işi getdikcə daha çox xarici sistemə həvalə etməsidir”.

Mütəxəssis bildirir ki, hazır cavablara öyrəşmək insanın sual vermək, araşdırmaq, müqayisə etmək və nəticəyə özü gəlmək vərdişlərini də zəiflədə bilər: “İnsan özü araşdıranda müxtəlif mənbələrə baxır, bir-birinə zidd məlumatlarla qarşılaşır, onları müqayisə edir və hansı nəticənin daha əsaslandırılmış olduğunu müəyyənləşdirir. Bu proses tənqidi düşünməni inkişaf etdirir. Hazır cavab isə bu mərhələlərin bir hissəsini qısalda bilər”.

“Sİ-dən istifadə edin, amma düşünmək bacarığınızı ona verməyin”

Neyropsixoloq asılılığın əsas göstəricilərindən birinin insanın Sİ olmadan düşünmək və qərar vermək qabiliyyətinin zəifləməsi olduğunu bildirir: “Məsələn, insan ən sadə məsələlərdə belə əvvəlcə Sİ-yə müraciət edirsə, öz fikrini formalaşdırmağa səbr etmirsə, Sİ cavabı olmadan qərar verməkdə çətinlik çəkirsə, aldığı məlumatı özü izah edə bilmirsə və cavabı yoxlamaq ehtiyacı hiss etmirsə, burada artıq sadəcə rahatlıqdan deyil, funksional koqnitiv asılılıq riskindən danışmaq mümkündür. Özümüzə bu sualı verməyimiz vacibdir: “Sİ olmasa, mən bu problemi özüm həll etməyə çalışardım?” Əgər cavab getdikcə “xeyr”ə çevrilirsə, bu, diqqət etməli olduğumuz siqnaldır. Burada çox incə bir sərhəd var. Sİ bizim düşünməyimizi dəstəkləyəndə alətdir, bizim əvəzimizə düşündükdə isə koqnitiv funksiyalarımız üçün risk yaradır. Sİ-dən istifadə edin, amma düşünmək bacarığınızı ona verməyin. Çünki gələcəyin əsas problemi Sİ-nin insanlardan daha ağıllı olması deyil, insanların özləri düşünmək üçün getdikcə daha az səy göstərməyə alışması ola bilər”.

Elmi araşdırmalar nə deyir?

Dünyanın aparıcı tədqiqat mərkəzlərində süni intellektin insanın düşünmə, öyrənmə və yaradıcılıq proseslərinə təsiri araşdırılır.

MIT Media Lab-ın araşdırmasında Sİ-dən istifadə edən iştirakçıların beyin fəaliyyəti, yaddaşı və tapşırıq nəticələri digər qruplarla müqayisə edilib. Nəticələr Sİ-dən istifadə edən qrupda düşünmə və yaddaşla bağlı göstəricilərin daha aşağı olduğunu göstərib.

Stanford araşdırmasında 117 tələbənin iştirakı ilə Sİ-nin öyrənmə prosesinə təsiri öyrənilib. Nəticələr Sİ-dən istifadənin metakoqnitiv proseslərə mənfi təsir göstərə və texnologiyadan asılılıq riskini artıra biləcəyini göstərib. 

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər