"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib - Foto/Video
"Global Media Group" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə oktyabrın 22-də ənənəvi ağacəkmə aksiyasını həyata keçirib.
"Yaşıl gələcək birlikdə kök salır" şüarı altında təşkil olunan aksiya Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş tutub.

Qrupa daxil olan media qurumlarının və şirkətlərin əməkdaşlarından, həmçinin Bakı Avropa liseyinin şagirdlərindən ibarət könüllülər ərazinin relyefini və yerli iqlim şəraitini nəzərə alaraq zeytun və şam ağacı tingləri əkib, onlara aqrotexniki qulluq göstəriblər.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir.
BMT-nin Qlobal Sazişinin üzvü olan "Global Media Group" korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ekoloji layihələrə və ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Qrup gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına yönəlmiş təşəbbüslərini mütəmadi olaraq davam etdirir.
"Global Media Group"un marketinq və kommunikasiya departamentinin rəhbəri Laura Seyidbəyova jurnalistlərə açıqlamasında bildirib ki, "Yaşıl gələcək birlikdə kök salır" şüarı altında Müşfiqabad qəsəbəsində keçirilən aksiyada qrupa daxil olan şirkətlər və Bakı Avropa liseyinin könüllüləri bir araya gələrək ağac əkiblər.
"Artıq ənənəyə çevrilən bu layihə ilə ətraf mühitin qorunmasına və ekoloji tarazlığa dəstəyimizi göstəririk. İnanırıq ki, bu kimi addımlar cəmiyyətimizdə ekoloji məsuliyyətin artmasına da xidmət edir. "Global Media Group" olaraq təbiətimizi qorumaq və ölkəmizi daha da yaşıllaşdırmaq üçün təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik", - deyə şirkət rəsmisi bildirib.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook" | "Instagram" | "LinkedIn" | "YouTube") müraciət edə bilərsiniz.