• şənbə, 07 Noyabr, 08:07
  • Baku Bakı 14°C

Hərb tariximizin unudulmaz siması

07.11.26 02:25 55
Hərb tariximizin unudulmaz siması

Məşhur Gəncə üsyanının təşkilatçılarından olan Cavad bəy Şıxlinski bolşeviklərlə döyüşlərdə ağır yaralanır. Amma mühasirədən çıxarılır və İrana mühacirət edir. 

Azərbaycanın tanınmış sərkərdələrindən biri də Cavad bəy Məmmədağa oğlu Şıxlinskidir. O, 1874-cü il yanvarın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. İlk hərbi təhsilini Tiflis Kadet Korpusunda alıb. 1892-ci ildə Sankt-Peterburqdakı Konstantinovski Artilleriya Məktəbinə qəbul olaraq hərbi təhsilini həmin məktəbdə davam etdirib. Cavad bəy Artilleriya məktəbini fərqlənmə diplomu ilə  bitirdikdən sonra 1894-cü ildə 39-cu artilleriya briqadasına “podporuçik”  rütbəsi alaraq briqadanın təlim dəstəsində təlimatçı vəzifəsində fəaliyyətə başlayıb. Artilleriya briqadasının təlim dəstəsində xeyli müddət çalışdıqdan sonra 1895-ci il avqustun 18-də Qazax qəzasına göndərilib və 1897-ci ilin noyabr ayından etibarən orada 3-cü hərbi batareyanın baş zabiti olaraq fəaliyyətini davam etdirib.  

Çoxsaylı orden və medallarla təltif edilib

İstedadlı zabit olan Cavad bəy Qarsda və Aleksandropolda da xidmət edib. Nümunəvi hərbi xidməti ilə seçilib. 1908-ci il martın 16-da 3-cü dərəcəli "Müqəddəs Anna", 1911-ci il martın 2-də 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordenləri  ilə təltif edilib. 1913-cü il fevralın 21-də "Romanovlar sülaləsinin 300 illiyi" münasibətilə xatirə medalını və podpolkovnik rütbəsini əldə edib. 1913-cü ildə 23-cü iriçaplı artilleriya divizionunun komandiri vəzifəsinə təyin edilib. Cavad bəy I Dünya müharibəsinin fəal iştirakçılarından olub. O, həmin dövrdə hərbi xidmətlərinə görə iki dəfə Ali Baş Komandanlığın yüksək mükafatları ilə təltif olunub. Hərbi şücaətinə görə 1914-cü il  fevralın 15-də 2-ci dərəcəli "Müqəddəs Anna", 1915-ci il yanvarın 31-də 4-cü dərəcəli "Müqəddəs Vladimir", 1915-ci il sentyabrın 29-da isə 4-cü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla) ordenləri ilə təltif olunub. 1917-ci ildə 45-ci artilleriya briqadasının 1-ci divizionuna komandir təyin olunub, 1917-ci il aprelin 22-də isə polkovnik rütbəsini əldə edib. Polkovnik Cavad bəy Şıxlinski 1917-ci ilin sonunda Azərbaycana qayıdıb. 

Bakının işğaldan azad olunmasındakı rolu

Tarixi mənbələr təsdiq edir ki, Cavad bəy Azərbaycanın hərb tarixində əhəmiyyətli yeri və rolu olan sərkərdələrdəndir. O, məşhur sərkərdə, Rusiya İmperiyası ordususun “artilleriya allahı” sayılan general-leytenant Əliağa Şıxlinskinin qardaşı oğludur. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra hərbi xidmətini Əlahiddə Azərbaycan Korpusunda davam etdirib. 1918-1920-ci illərdə ölkəmizdə həyata keçirilən müstəqil ordu quruculuğunda yaxından iştirak edib. Cavad bəy 1918-ci ilin  sentyabrında Bakının daşnak-bolşevik işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə cəsarəti ilə seçilib. Bu şücaətinə görə Nuru Paşa tərəfindən medalla təltif olunub. 1918–1919-cu illərdə Gəncə şəhər qarnizonunun rəisi (komendantı) olaraq bölgədə asayişin və hərbi nizamın qurulması işlərinə bilavasitə rəhbərlik edib.

Zəngəzurda erməni separatçılarını məğlubiyyətə uğradır

Hərbi təhsili ilə seçilən Cavad bəy 1919-cu ildə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Gəncə diviziyasının və qarnizonunun rəisi vəzifəsinə təyin olunub, həmçinin Azərbaycan Ordusunun 1-ci piyada diviziyasına komandanlıq edib. O, 1920-ci ilin mayında baş vermiş məşhur Gəncə üsyanının əsas təşkilatçılarından və rəhbərlərindən biri olub. 1919-cu ildə hökumətin qərarı ilə Cavad bəy Şıxlinskinin rəhbərliyi altında yaradılmış nizami ordu hissələri döyüşlərdə əldə etdiyi zəfərlərlə Zəngəzuru erməni quldurlarından təmizləmiş və sabitliyi təmin etmişdi. 

Gəncə üsyanı, İran ordusunda yeni başlanğıc

Bolşevik Rusiyasının XI qırmızı ordusu 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini (AXC) devirərək ölkəni işğal etdi və milli dövlət quruculuğuna son qoyuldu. Aprel işğalından sonra - may ayında Cavad bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və Gəncə komendantı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrindən azad olundular. Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən hərbi hissələr və əhali üsyana başlayıb. Üsyanın təşkilatçılarından biri də məhz Cavad bəy Şıxlinski idi. Üsyanın yatırılmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşi nəticəsində ağır yaralanır. Daha sonra isə onu mühasirədən çıxarıb doğulduğu Aşağı Salahlı kəndinə aparıblar. Orada qalmaq təhlükəli olduğu üçün qohumu Mədət bəy Alqanov tərəfindən əvvəlcə Qarayazı meşəsinə, daha sonra isə Tiflisə aparılıb. Bir müddət sonra Tiflisi də tərk edərək İrana gedib. Peşəkar hərbçi olduğu üçün Ərdəbil qarnizonunun komandiri təyin olunub. Lakin orada yaşadığı dövrdə bolşeviklər tərəfindən təqib olunduğu üçün Türkiyəyə mühacirət etməli olub.

Türkiyədə bir müddət qaldıqdan sonra Cavad bəy yenidən İrana qayıdıb. Əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad bəy İranda polkovnik-leytenant rütbəsi alıb, sonradan isə polkovnik rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib. Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda Zabitlər Klubunun rəhbəri vəzifəsinə təyinat alıb. Cavad bəy Şıxlinski (İranda Cavad ağa Şeyxli) 1959-cu ildə Tehranda dünyasını dəyişib. Onun məzarı Tehran yaxınlığındakı Rey şəhərində, İmamzadə Abdullah qəbiristanlığındadır. 

Rafiq Səfərov
Milli Arxiv İdarəsinin baş məsləhətçisi  

 

banner

Oxşar Xəbərlər