• şənbə, 07 Noyabr, 08:07
  • Baku Bakı 14°C

Oyuncaq bazarında yeni qaydalar

07.11.26 02:48 54
Oyuncaq bazarında yeni qaydalar

Uşaq oyuncaqlarının satışı yeni qaydalarla tənzimlənəcək. Bu sahədə xüsusi reqlament təsdiq edilib. Yeni qaydalar dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək. 

Nazirlər Kabinetinin qərarı ilə “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament ” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanan sənəd ölkədə 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqların təhlükəsizliyinə dair məcburi tələbləri müəyyən edir. Reqlamentin əsas məqsədi oyuncaqların insanların həyat və sağlamlığına, ətraf mühitə və əmlaka zərər vurması riskini azaltmaq, eləcə də istehlakçıların təhlükəsizlik məsələlərində çaşdırılmasının qarşısını almaqdır. Sənəd dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.

Yeni qaydaların qəbulu oyuncaq bazarında təhlükəsizliyin təmin olunması baxımından mühüm addım sayıla bilər. Bəs yeni reqlament qüvvəyə minənədək mağazalarda satışda olan oyuncaqlara hansı tələblər şamil olunacaq və bu tələblərə əməl olunmasına necə nəzarət ediləcək?

“Reqlament bunlara şamil edilməyəcək”

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən “Kaspi” qəzetinə bildirilib ki, “Texniki tənzimləmə haqqında” Qanuna əsasən, istehlakçılara təqdim olunan qeyri-qida mallarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlament malların təhlükəsizliyinə dair normaları özündə ehtiva edən normativ hüquqi aktdır.

Agentlikdən qeyd edilib ki, yeni sənəd “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb. Reqlamentdə oyuncaqların orqanoleptik, fiziki-mexaniki, kimyəvi, alışma riski və digər təhlükəsizlik göstəricilərinə dair tələblər müəyyənləşdirilib.

Agentliyin məlumatına görə, texniki reqlament onun qüvvəyə minməsindən əvvəl idxal olunan, Azərbaycanda istehsal edilərək dövriyyəyə buraxılan, eləcə də istifadədə olan oyuncaqlara şamil edilməyəcək. Sənədin tələbləri oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə də aid deyil.

Bununla belə, Agentlik vurğulayır ki, yeni texniki reqlament qüvvəyə minənədək müvafiq mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair mövcud standartlar, eləcə də uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar hüquqi qüvvəsini saxlayır. Təsərrüfat subyektləri həmin tələblərə riayət etməlidirlər.

“Yoxlamalarla bağlı qanunvericilikdə məhdudiyyətlər var”

Agentlikdən bildirilib ki, oyuncaq bazarında nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilir.

Qurumun açıqlamasında qeyd olunur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, 2027-ci il yanvarın 1-dək ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Bununla belə, nəzərdə tutulmuş müddətdə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə qanunvericilikdə nəzərdə tutulan yoxlamalar aparıla bilər. Belə yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı və məhdudiyyətlər çərçivəsində həyata keçirilir.

“Bazarda xaos yarandı”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, uşaq oyuncaqlarının təhlükəsizliyinə dair texniki reqlamentin qəbul edilməsi Azərbaycan bazarında təhlükəsiz məhsulların satışının təmin olunması baxımından mühüm addımdır: “Uzun müddət Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə olub. 2021-ci ildə ləğv edilən həmin qərarda təhlükəsizliyi təmin edilməli olan 100-dən çox malın siyahısı yer alırdı. Bu məhsullar müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən Azərbaycan əmtəə bazarına daxil ola bilməzdi. Siyahıya uşaq oyuncaqları da daxil idi. Qərarın ləğvindən sonra bazarda ciddi xaos yaranıb və təhlükəsizliyi təmin olunmayan müxtəlif məhsullar satışa çıxarılıb”. 

Birlik sədri bildirir ki, sonrakı dövrdə malların təhlükəsizliyinə dair müəyyən texniki reqlamentlər qəbul edilsə də, uşaq oyuncaqları ilə bağlı tələblərin ayrıca müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Oyuncaq alarkən nələrə diqqət edilməlidir?

E.Hüseynovun sözlərinə görə, uşaq oyuncaqları ən həssas istehlakçı qrupuna ünvanlandığı üçün onların təhlükəsizliyi xüsusi diqqət tələb edir: “Oyuncaqların hazırlanmasında istifadə olunan materiallar, quruluş və digər xüsusiyyətlər daim diqqətdə saxlanılmalıdır. Belə ki, boyaların tərkibindəki ağır metallar uşaqların sağlamlığı üçün risk yarada, oyuncaqlardan qopan kiçik hissələr isə uşaqların qulağına və burnuna düşərək təhlükə törədə bilər”.

E.Hüseynov tövsiyə edir ki, istehlakçılar uşaq oyuncaqları alarkən ilk növbədə məhsulun qoxusuna diqqət yetirsinlər: “Mağazaya daxil olduqda kəskin və xoşagəlməz plastik qoxusu hiss edilirsə, həmin mağazadan oyuncaq almaqdan çəkinmək məsləhətdir. Oyuncağın rənginin çıxıb-çıxmadığını yoxlamaq üçün onu ağ parça ilə silmək olar. Parçaya rəng keçərsə, həmin oyuncağı almaqdan imtina etmək tövsiyə olunur. Həmçinin məhsulun qopa bilən hissələrinin olub-olmadığı yoxlanılmalıdır. Gəlincik alarkən isə saçlarını yüngülcə dartaraq asanlıqla qopub-qopmadığına diqqət yetirmək lazımdır”.

E.Hüseynov vurğulayır ki, sadalanan və digər təhlükəsizlik məsələləri yeni texniki reqlamentdə öz əksini tapıb: “Reqlament Azərbaycan bazarında təhlükəsiz uşaq oyuncaqlarının satışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. İstehlakçılar tələblərə uyğun olmayan məhsullarla qarşılaşdıqları halda aidiyyəti dövlət qurumlarına müraciət etsinlər”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər