• şənbə, 14 Noyabr, 04:11
  • Baku Bakı 13°C

Vitrindəki bahalı komfort

14.11.26 02:00 40
Vitrindəki bahalı komfort

Hazır doğranmış, qabığı soyulmuş və qablaşdırılmış meyvə-tərəvəz çeşidləri rəflərdə getdikcə daha çox yer tutur. Lakin bu meyvələri alarkən diqqət edilməli olan çox ciddi məqamlar da var. 

Müasir həyat tərzi gündəlik alış-veriş vərdişlərimizi də dəyişir. Vaxta qənaət və rahatlıq gündəlik seçimlərimizdə olduğu kimi, ərzaq alış-verişində də ön plana çıxır. Bunun nəticəsidir ki, hazır doğranmış, qabığı soyulmuş və qablaşdırılmış meyvə-tərəvəz çeşidləri rəflərdə getdikcə daha çox yer tutur.

Yumaq, soymaq, doğramaq və süfrəyə hazırlamaq üçün əlavə vaxt sərf etməmək xüsusilə işləyən insanlar üçün cəlbedici seçimdir. İstehlakçı əlavə ödəniş etməklə həm hazır məhsul alır, həm də vaxtına qənaət edir.

Bəs bütöv meyvə ilə hazır doğranmış və qablaşdırılmış məhsul arasında qiymət fərqi nə qədərdir?

“Alıcılar qiymət fərqini hiss etmirlər”

Marketlərdə apardığımız qiymət müqayisəsi də hazır doğranmış meyvələrin bütöv məhsullarla müqayisədə daha baha olduğunu göstərir. Bananın bütöv halda kiloqramı 2,80-3,20 AZN olduğu halda, doğranıb 200-250 qramlıq plastik qablarda satıldıqda kiloqram qiyməti 7,00-8,00 AZN-ə çatır. Qarpız və yemiş mövsümündə bütöv meyvənin kiloqramı 0,80-1,20 AZN olduğu halda, dilimlənib qablaşdırıldıqda qiymət 3,50-5,00 AZN-ə yüksəlir. Ananas və qreypfrutun hazır dilimlənmiş variantında da qiymət bütöv meyvə ilə müqayisədə təxminən 2,5-3 dəfə yüksək olur.

Alıcılar adətən qiymət fərqini hiss etmirlər. Çünki ticarət məntəqələri bu məhsulları bütöv meyvələr kimi kiloqramla deyil, 150, 250 və ya 500 qramlıq kiçik porsiyalarla təqdim edirlər. Rəfdə 2,50-4,50 AZN qiymət göstəricisini görən alıcı üçün bu məbləğ cüzi görünə bilər. 

Bir neçə meyvənin qarışığından hazırlanan hazır meyvə salatlarında isə kiloqram qiyməti 25,00-35,00 AZN təşkil edir.

Bu məhsullar niyə baha satılır?

Məsələnin iqtisadi tərəflərini şərh edən iqtisadçı Xalid Kərimli bildirdi ki, hazır doğranmış meyvələrin baha satılması ticarət sektorunun köklü prinsipləri ilə yanaşı, əlavə xərc və risklərlə də bağlıdır: “Ticarətdə dəyişməz bir qayda var. Məhsul həmişə topdan ucuz alınır, pərakəndə, yəni kiloqramla və ya ədədlə baha satılır. Hazır doğranmış məhsulların qiymət artımının arxasında bir neçə mühüm iqtisadi mexanizm dayanır. İlk növbədə ortada ciddi bir insan əməyi və əlavə xərc var. Meyvələr kəsilib doğranır, xüsusi qablara yığılır və istifadəyə hazır vəziyyətə gətirilir. Üstəlik, bu proses üçün bütün meyvələrdən istifadə olunmur, daxilindən ən yaxşı, seçilmiş məhsullar götürülür. Kəsilmiş və yuyulmuş meyvənin saxlanma şəraiti bütöv meyvədən köklü şəkildə fərqlənir və belə məhsullar daha tez xarab olur. İqtisadiyyatın ana qanunlarına görə bir işdə xarabolma riski yüksəlirsə, oradakı məhsulun qiyməti də avtomatik qalxır. Satıcı məhsulun xarabolma riskini birbaşa öz üzərinə götürdüyü üçün həmin dəyəri qiymətin üzərinə gəlir”.

Yeni xidmət təklifi, dəyişən istehlak vərdişləri

İqtisadçı əlavə etdi ki, seçilmiş məhsullara əlavə əmək və qablaşdırma sərf olunmaqla alıcı üçün yeni xidmət təklifi yaradılır: “Məhsulun həcmini azaldıb porsiya ilə təqdim etmək dəyərsiz xidmət deyil. Vaxtilə bizə qəribə gələn – xaricdə insanların bazardan bir-iki ədəd pomidor alması vərdişinə artıq biz də öyrəşirik. Yalnız ehtiyacın olan qədər alanda həm evdə artıq yer tutmur, həm də xarabolma riski aradan qalxır”.

Sonda bu addımın tamamilə istehlakçı seçimi olduğunu bildirən Xalid Kərimli vurğuladı ki, heç bir alıcı doğranmış meyvəni almağa məcbur edilmir: “Biz öz rahatlığımızı düşünüb, axşam saatlarında marketdən hazır və təmizlənmiş məhsul alırıqsa, təbii ki, bizə o rahatlığı verən pərakəndəçilər də bu xidmətin qarşılığında pul qazanmalıdırlar”.

“Meyvənin qabığı qoruyucu baryer rolunu oynayır”

Məsələnin digər tərəfi isə qida təhlükəsizliyidir. Doğranmış meyvə bütöv meyvədən fərqli olaraq xarici mühitlə daha çox təmasda olur. Bu məhsulların necə hazırlanması, hansı şəraitdə saxlanması və satış müddətinin necə müəyyənləşdirilməsi də istehlakçı üçün qiymət qədər vacibdir.

Qida mühəndisi Fərid Səfərov “Kaspi”yə açıqlamasında bildirdi ki, hazır doğranmış və qablaşdırılmış meyvələrdə əsas risk mikrobioloji çirklənmədir: “Meyvə doğranarkən bıçaq, doğrama taxtası, işçinin əlləri, avadanlıq, qablaşdırma materialı və digər səthlər vasitəsilə mikroorqanizmlərin məhsula keçməsi mümkündür. Bundan əlavə, doğranmış meyvənin şirəsi ayrıldığı üçün mikroorqanizmlərin inkişafında daha əlverişli mühit yarana bilər. Xüsusilə düzgün temperaturda saxlanılmayan məhsullarda risk artır. Doğranma mikroorqanizmlərlə çirklənmə riskini artırır. Bütöv meyvənin qabığı müəyyən qədər təbii qoruyucu baryer rolunu oynayır. Meyvə doğrandıqda isə bu baryer pozulur və daxili hissə ətraf mühitlə təmas edir. Risk xüsusilə meyvə əvvəlcədən yaxşı yuyulmadıqda, doğrama zamanı gigiyena qaydalarına əməl edilmədikdə, çirkli alətlərdən istifadə olunduqda və məhsul uzun müddət uyğun temperaturdan kənarda saxlanıldıqda yüksəlir”.

“Belə məhsul istehlak edilməməlidir”

Mütəxəssis vurğuladı ki, doğranmış məhsulun temperaturu və saxlanma müddəti də çox önəmlidir: “Ümumilikdə soyudulmuş hazır doğranmış meyvələr üçün təxminən 0-5°C diapazonunda temperaturun qorunması məqsədəuyğundur. İstehlakçı bunları alarkən ilk növbədə qablaşdırmanın bütövlüyünə, məhsulun son istifadə tarixinə və saxlanma temperaturuna baxmalıdır. Qablaşdırma şişmiş, zədələnmiş və ya açılmışdırsa, məhsulu almaq məsləhət deyil. Meyvədə qeyri-adi rəng dəyişməsi, kif, həddindən artıq yumşalma, selikli görünüş, xoşagəlməz və ya fermentləşmiş qoxu varsa, belə məhsul istehlak edilməməlidir. Həmçinin soyuducu vitrinində saxlanmalı olan doğranmış meyvənin marketdə otaq temperaturunda və ya uyğun olmayan şəraitdə təqdim edildiyi müşahidə olunarsa, həmin məhsuldan imtina etmək daha təhlükəsizdir”.

Mütəxəssis bildirdi ki, əsas məsələ məhsulun hazırlanmasından istehlakçıya çatana qədər bütün mərhələlərdə qida təhlükəsizliyi qaydalarının qorunmasıdır.

Aygün Əziz

banner

Oxşar Xəbərlər