AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vergi güzəştləri turizmin inkişafına necə təsir edəcək?

Vergi güzəştləri turizmin inkişafına necə təsir edəcək?

İqtisadiyyat
04 Dekabr 2019, 09:30 402
Ekspertlərin fikrincə, qiymətlərin ucuzlaşması müştəri məmnuniyyətinə və məhsul satışına birbaşa təsir edən faktordur
 
Son illər ərzində turizmin inkişafı prioritet hədəflər arasında yer alır. Bu sahəyə göstərilən diqqət və qayğı günü-gündən artmaqdadır. Bunun nəticəsi olaraq, ölkəyə gələn turist axınının ildən-ilə daha da böyüdüyünün şahidi oluruq. Amma qarşıda daha böyük hədəflər var. Əgər  Azərbaycanın bütün dünyada turizm ölkəsi kimi tanınmasını istəyiriksə, deməli, görüləsi işlərimiz də çoxdur. Bunlardan biri də sahibkarlar üçün mühüm əhəmiyyət daşıyan vergi güzəştlərinin tətbiqi məsələsidir.

Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən göstəriləcək elektron xidmətlərin qaydaları hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunub. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxış edən zaman deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda həmin qaydaların təsdiq ediləcəyi gözlənilir. K.Qasımov əlavə edib ki, vergi islahatları ilə əlaqədar turizm sənayesinin üzvləri üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı da müəyyən məsələlər dövlət qurumları ilə razılaşdırılıb: "Növbəti ildən etibarən turizm sənayesinin üzvləri bunu öz fəaliyyətlərində hiss edəcəklər. Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr artıq yekunlaşıb. Gələn ildən bu məsələnin reallaşdırılmasına başlanılacaq. Yardım mərkəzləri "Vahid pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək və "qaynar xətt”ləri olacaq”.

Bəs görəsən bu vergi güzəştləri turizmin hansı sahələrini əhatə edəcək? Bu güzəştlər hansı nailiyyətlərin qazanılmasına vasitə ola bilər?
 
Turizm üzrə ekspert, dosent Rəhman Səfərovdeyir ki, turizm sahəsinin inkişafı üçün müəyyən vergi güzəştlərinin tətbiqi məqsədəuyğun addımdır: "Bununla bağlı biz Türkiyə təcrübəsini nümunə göstərə bilərik. 1990-95-ci illərdə qardaş ölkədə turizm sahəsi 5 il müddətinə vergidən azad edildi. Azərbaycanda da bu sahənin inkişafı üçün müxtəlif addımlar atılır. Məsələn, bir neçə il əvvəl lisenziyalar ləğv edildi. İndi müxtəlif vergi güzəştləri tətbiq olunmalıdır ki, kiçik sahibkarlar öz fəaliyyətini davam etdirə bilsin. Ekonom tipli otellərin çoxalması üçün bu, vacib məqamdır. Düşünürəm ki, müəyyən vergi güzəştləri bu sektoru inkişaf etdirməklə yanaşı, ölkəyə gələn turist axınına da müsbət təsir edə bilər. Belə güzəştlər dünyanın müxtəlif ölkələrində tətbiq olunur. Fransada, İspaniyada bu üsuldan geniş istifadə olunur. Turizm rəqabətli sahələrdən biridir. Öz yerimizi tutmaq üçün biz də müəyyən yeniliklər tətbiq etməliyik. Xüsusilə, turizmin prioritet seqmentlərinə belə güzəştlərin tətbiqi vacib məsələlərdəndir. Həmçinin gücləndirmək istədiyimiz seqmentlərə də bu güzəştlər tətbiq edilərsə, hədəflərimizə daha tez çata bilərik. Məsələn, sağlamlıq turizminin inkişafı bu gün Azərbaycan üçün əsas hədəflərdən biridir. Müxtəlif sanatoriyalara və digər sağlamlıq turizmi obyektlərinə vergi güzəştləri tətbiq edilərsə, müsbət nəticə əldə etmək olar. Hansı sahələri inkişaf etdirmək istəyiriksə, o sahəyə daha çox güzəştlər edilməlidir”. 
 
"Luna Travel” şirkətinin rəhbəri Rəhman Quliyev deyir ki, turizm sahələrinə güzəştlərin tətbiqi çox mühüm qərardır: "Əgər gəlmə və getmə turizmin inkişafından danışırıqsa, bu qərar üçün hətta bir qədər gecikmişik. Düşünürəm ki, bu qərar indiyə qədər bu sahədə atılan addımların ən böyük dəstəkçisi olacaq. Vergi güzəştlərinin tətbiqi turizm sahəsində qiymət siyasətinə ciddi təsir edəcək. Bu isə o deməkdir ki, turistlər göstərilən xidmətdən məmnun qalacaq. Qiymətlərin ucuzlaşması müştəri məmnuniyyətinə və məhsul satışına birbaşa təsir edən faktordur. Qiymətlər ucuzlaşdıqca, bu sahənin daha çox inkişaf etdiyinin əyani şahidi olacağıq”. 
 
Turizm üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, bu sahəyə vergi güzəştlərinin tətbiqi çoxdan müzakirə olunan məsələlərdən biridir: "Həqiqətən də bu sektorda müəyyən güzəştlərə və təşviqedici alətlərə ehtiyac var. Həmçinin bu qərar turizm sənayesində fəaliyyət göstərən biznes subyektlərinin sayının artmasına gətirib çıxaracaq. Eyni zamanda, vergi güzəştləri turizmin daha dinamik inkişafına səbəb ola bilər. Vergi güzəştləri əslində təşviqedici xarakter daşıyır. Xüsusilə də regionlarda belə təşviqedici güzəştlər və ya vergi azadolmaları biznes subyektlərinə həmin ərazidə qısa bir zamanda daha çox investisiya cəlb edə bilər. Qonşu ölkələrin əksəriyyəti bu təcrübədən geniş istifadə edir. Məsələn, Türkiyə və Gürcüstan buna ən yaxşı nümunə ola bilər. Gürcüstanın turizm sənayesi gözümüzün qabağındadır. Orada potensial turizm bölgələri 10 ilə qədər vergidən azad edildi və ya vergi güzəştləri tətbiq olundu. Qısa zamanda bu ərazilərdə infrastruktur formalaşdı və yeni biznes obyektləri tikildi. Bu isə böyük investisiyaların cəlbinə gətirib çıxardı. Sərmayədarlar və iş adamları bu güzəştlərdən faydalanmaq üçün özləri ilə yeni idarəetmə üsulunu da buraya gətirirlər. Həmçinin innovativ yeniliklər və qabaqcıl təcrübə bu sahəyə cəlb olunur. Beləliklə, həmin ərazilərin böyük turizm zonası kimi tanıtımı həyata keçirilir. Bütün bunların fonunda deyə bilərəm ki, inkişafını daha çox istədiyimiz sferaların və bölgələrin belə vergi güzəştlərinin tətbiqinə ehtiyacı var. Bu güzəştlər həmin sahənin canlanmasına və iqtisadi dinamikanın sürətlənməsinə gətirib çıxaracaq. Beynəlxalq təcrübədən Azərbaycan da faydalanmalıdır. Düşünürəm ki, əsasən böyük investisiya tutumlu obyektlərin tikintisi üçün bu daha məqsədəuyğun ola bilər. Burada otellər əsas şərtlərdən biridir. Böyük otel kompleksləri ilə yanaşı, ekonom tipli otellərin də tikintisinə ehtiyac var. Bu sahələrin güzəştlərdən faydalanması qısa zamanda müsbət nəticələrə gətirib çıxaracaq”. 
 
Şəbnəm Mehdizadə