Şəkərin “şirin” dövrü bitir
Dünya bazarında şəkərin qiyməti son bir ayda 25 faiz artaraq kəskin sıçrayış edib. Xam şəkəri əsasən Braziliya və Rusiyadan idxal edən Azərbaycanda da qlobal bahalaşmanın təsirləri özünü göstərəcək.
Dünya şəkər bazarında təkliflə bağlı narahatlıqlar qiymətlərin sürətlə artmasına səbəb olub. Avropada yeni mövsümdə istehsalın azalacağı ilə bağlı gözləntilər fonunda xam şəkərin qiyməti son dörd həftədə təxminən 25 faiz yüksəlib. Aİ-də şəkər istehsalının 19 faiz azalacağına dair proqnozlar və Hindistanın gözlənilməz şəkildə şəkər idxalına başlaması da bazarda qiymət təzyiqini artırıb. Qlobal bazardakı bu dəyişikliklər fonunda Azərbaycanda şəkər istehsalının və idxalının vəziyyəti də diqqət çəkir. Bəs dünyada şəkərin qiymətinin bahalaşması ölkəmizə təsir edə bilərmi?
Şəkər xammalı üzrə xarici tədarükçülərdən asılıyıq
İqtisadçı Rauf Qarayevin sözlərinə görə, dünya şəkər bazarında təkliflə bağlı yaranan narahatlıqlar, xüsusən də bəzi qlobal istehsalçı ölkələrdə yeni mövsümlə bağlı gözləntilərin pisləşməsi fonunda qiymətlərin sürətlə artması Azərbaycanda da şəkər istehsalı və idxalı məsələsini yenidən aktuallaşdırıb. Ölkəmizin şəkər bazarının formalaşmasında həm yerli istehsal, həm də xarici idxal bir-birini tamamlayan rol oynayır: “Hazırda ölkənin şəkər və xüsusilə də xam şəkər tələbatının çox əhəmiyyətli bir hissəsi məhz idxal hesabına ödənilir. Bu asılılıq qlobal bazarlardakı hər hansı qiymət dalğalanmasının daxili pərakəndə bazara təsir riskini qaçılmaz edir. Daxili istehsal artımına baxmayaraq, Azərbaycan şəkər xammalı üzrə xarici tədarükçülərdən hələ də ciddi şəkildə asılıdır. 2024-cü ildə ölkəyə 161 milyon dollar dəyərində 274 min ton xam şəkər idxal olunub. Xammalın mütləq əksəriyyəti, yəni 256 min tonu birbaşa Braziliyanın payına düşüb. Hazır şəkər idxalında isə Azərbaycanın ən ənənəvi və əsas tərəfdaşı Rusiyadır. Yenə 2024-cü ilin məlumatlarına əsasən, ölkəyə 21,2 milyon dollar dəyərində 33 min ton hazır şəkər gətirilib ki, bunun da 31 min tonu məhz Rusiya bazarından alınıb”.
İqtisadçının fikrincə, hazırkı mərhələdə qlobal şəkər bazarında qiymətlərin kəskin yüksəlməsi tendensiyası müşahidə olunur və məhz bu spesifik idxal strukturu dünya bazarındakı qiymət dəyişikliklərinin Azərbaycan bazarına birbaşa təsir imkanlarını daha da artırır: “Xüsusilə də xam şəkərin əsas etibarilə xaricdən gətirilməsi fonunda, qlobal qiymət artımının İmişli Şəkər Zavodunda formalaşan yerli istehsalın maya dəyərini yüksəltməsi qaçılmaz bir riskə çevrilir. Dünya bazarında qiymətlərin yüksəlməsi ilə paralel olaraq, qlobal miqyasda müşahidə edilən beynəlxalq logistika və daşınma xərclərinin artması da idxal olunan həm xam, həm də hazır məhsulun daha da bahalaşmasına zəmin yaradır”.
Daxili aqrar istehsal gücləndirilməlidir
R.Qarayev bildirdi ki, bu təsirləri minimuma endirməyin və bazar sabitliyini qorumağın ən real yolu isə daxili aqrar istehsalın gücləndirilməsidir. Ölkədə şəkər çuğunduru əkinlərinin artırılması idxaldan asılılığın müəyyən qədər azaldılması baxımından həyati əhəmiyyət daşıyır: “Rəsmi statistika göstərir ki, 2024-cü ildə Azərbaycanda 289,1 min ton şəkər çuğunduru istehsal edilib və bu, əvvəlki illə müqayisədə 31,5 faiz çoxdur. Bu müsbət və ümidverici tendensiya cari ildə də özünü göstərir. Belə ki, 2026-cı ilin ilk iki ayında ölkə üzrə 315 hektar ərazidə şəkər çuğunduru əkilib və bu göstərici illik müqayisədə 53 faiz artım deməkdir. Qlobal şəkər bazarındakı son təlatümlərin və struktur dəyişikliklərinin Azərbaycandakı pərakəndə qiymətlərə müəyyən qədər təsiri gözlənilən reallıqdır. Lakin bu təsirin son səviyyəsi və miqyası təkcə dünya birjalarındakı qiymətlərlə deyil, eyni zamanda mövcud idxal müqavilələrinin kommersiya şərtləri, beynəlxalq logistika xərclərinin dinamikası, daxili xammal istehsalının həcmi, enerji və yanacaq qiymətləri, eləcə də kənd təsərrüfatı məhsuldarlığına birbaşa təsir edən qlobal hava şəraiti kimi çoxsaylı kompleks amillərlə müəyyənləşəcək”.
“Qiymət artımının dərhal özünü göstərməsi gözlənilmir”
İqtisadçı Xalid Kərimli də düşünür ki, dünya bazarında şəkərin bahalaşması tədricən Azərbaycan bazarında da təsirini göstərəcək: “Qlobal birjalardakı kəskin qiymət artımının ölkə daxilində dərhal özünü göstərməsi gözlənilmir. Bunun əsas səbəbi idxal əməliyyatlarının əvvəlcədən bağlanmış uzunmüddətli müqavilələr əsasında həyata keçirilməsidir. Mövcud müqavilələr üzrə öhdəliklər köhnə qiymətlərlə yerinə yetirildikdən sonra formalaşacaq yeni sifarişlər artıq daha yüksək qiymətlərlə rəsmiləşdiriləcək. Məhz buna görə də dünya bazarında qiymətlərin uzun müddət yüksək səviyyədə qalması müəyyən bir gecikmə ilə – ehtiyatlar yeniləndikcə daxili bazardakı pərakəndə satış qiymətlərinə təsir edəcək”.
X.Kərimlinin fikrincə, Azərbaycanın şəkər təminatında Rusiya əsas istiqamətlərdən biri hesab olunur. Təbii olaraq, dünya bazarındakı bahalaşma dalğası Rusiyadakı daxili qiymətlərə də təsirsiz ötüşmür və bu qiymət artımı zəncirvari şəkildə Azərbaycanın idxal xərclərini artırır: “Ölkə daxilində yerli şəkər istehsalı müəssisələri fəaliyyət göstərsə də, onların ümumi istehsal həcmi ölkənin daxili tələbatını tam şəkildə ödəmək gücündə deyil. Daxili tələbatın əhəmiyyətli hissəsinin idxal hesabına qarşılanması səbəbindən qlobal bazarlardakı və tədarükçü ölkələrdəki qiymət dəyişiklikləri bilavasitə yerli bazarda öz əksini tapır”.
“Şirniyyatlar da bahalaşacaq”
İqtisadçının sözlərinə görə, gözlənilən bahalaşmanın mənfi təsirləri yalnız birbaşa istehlak edilən şəkər tozu və ya qəndlə məhdudlaşmayacaq: “Şəkər qida sənayesində, xüsusilə də şokolad, konfet, peçenye və müxtəlif növ digər qənnadı məhsullarının istehsalında ən əsas xammal komponentlərindən biri hesab olunur. Şəkərin maya dəyərinin yüksəlməsi istər-istəməz həmin şirniyyat məhsullarının da istehsal xərclərini artıracaq və son nəticədə rəflərdəki qiymətlərə yuxarıya doğru ciddi təzyiq yaradacaq”.
Zərif Salmanlı