• şənbə, 22 Avqust, 03:15
  • Baku Bakı 26°C

SOCAR WIN müraciətlərin qəbuluna başlayıb

22.08.26 00:40 40
SOCAR WIN müraciətlərin qəbuluna başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) innovativ ideyaların və qabaqcıl texnologiyaların enerji sektoruna inteqrasiyasını hədəfləyən "WIN" (What is Next) Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb. "Report" bu barədə şirkətə istinadən xəbər yayıb. 

Məlumata görə, layihənin əsas məqsədi neft-qaz əməliyyatlarını təkmilləşdirən və enerji keçidinə töhfə verən texnoloji həlləri SOCAR mütəxəssisləri ilə birgə sınaqdan keçirmək, onların tətbiq imkanlarını qiymətləndirməkdir. Proqram enerji keçidi və aşağı karbonlu texnologiyalar, süni intellekt, məlumat analitikası və rəqəmsallaşma, dayanıqlı iqtisadiyyat, əməliyyat mükəmməlliyi, eləcə də əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması (HSE) istiqamətlərini əhatə edir.

Müraciətlər sentyabrın 12-nə qədər dünyanın istənilən nöqtəsindən olan startaplar, texnologiya şirkətləri və innovatorlar üçün açıqdır. Seçim mərhələsini uğurla keçən iştirakçılara SOCAR mütəxəssisləri ilə birbaşa əməkdaşlıq şəraitində layihələrini real əməliyyat mühitində sınaqdan keçirmək üçün 20 000 ABŞ dollarına qədər sınaq büdcəsi təqdim ediləcək.

Proqramda iştirak etmək istəyən namizədlər rəsmi müraciət şərtləri və digər detallarla tanış olmaq üçün win.socar.az internet səhifəsinə daxil ola bilərlər.

banner

Oxşar Xəbərlər