• şənbə, 15 Avqust, 05:12
  • Baku Bakı 26°C

Kapital bazarında paradoks

15.08.26 01:46 31
Kapital bazarında paradoks

Repo əməliyyatlarının azalması qiymətli kağızlar bazarının ümumi dövriyyəsini aşağı salsa da, korporativ seqmentdə aktivlik artır. Mütəxəssislər bazarın əsas probleminin həcmdən çox, struktur və likvidlik məsələləri olduğunu bildirirlər.

Azərbaycanın qiymətli kağızlar bazarında cari ilin ilk yarısının yekunları məlum olub. Dövriyyənin böyük hissəsinin (86,2%) qısamüddətli repo əməliyyatlarından ibarət olduğu bazarda ötən illə müqayisədə 32,1 faizlik azalma qeydə alınıb və ümumi əməliyyat həcmi 25 milyard 19 milyon manat təşkil edib. Həcmin kiçilməsinə baxmayaraq, əməliyyatların (əqdlərin) sayında 2,3 dəfəlik sıçrayış baş verib ki, bunun da mütləq əksəriyyəti korporativ qiymətli kağızların payına düşür. Qiymətli kağızlar bazarı niyə kiçilir və bunun əsas səbəbləri nələrdir? 

“Azalma bazarın zəifləməsi demək deyil”

“Crypto Consulting” MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin sözlərinə görə, Azərbaycanın qiymətli kağızlar bazarında bu ilin ilk yarısında əməliyyatların həcminin 32,1 faiz azalaraq 25 milyard manata düşməsi ilk baxışda bazarda ciddi zəifləmə təsiri yaradır: “Lakin mən bu göstəricini birbaşa kapital bazarına marağın azalması kimi qiymətləndirməzdim. Çünki ümumi dövriyyənin 86 faizdən çoxu repo əməliyyatlarının payına düşür və məhz bu seqmentdə həcmin azalması ümumi statistikaya ciddi təsir edib. Digər tərəfdən, bazarda bağlanan əqdlərin sayı 2,3 dəfə artıb. İlkin bazarda əqdlərin sayının 15 dəfədən çox yüksəlməsi də göstərir ki, bazarda əməliyyat aktivliyi tamamilə zəifləməyib. Sadəcə, əməliyyatların sayı artdığı halda, onların orta həcmi əvvəlki dövrlə müqayisədə daha aşağı olub. Burada həm struktur, həm də statistik faktorun olduğunu nəzərə almaq lazımdır. Amma bu rəqəmlər Azərbaycanın kapital bazarının əsas problemini də göstərir. Bazarın böyük hissəsi hələ də real sektorun uzunmüddətli maliyyələşdirilməsi ilə deyil, repo əməliyyatları ilə formalaşır. Şirkətlərin istiqraz və səhm bazarından maliyyələşmə imkanları genişlənməli, əhalinin və institusional investorların kapital bazarında iştirakı artırılmalıdır”.

"Əsas problem bazarın strukturudur"

E.Quliyev hesab edir ki, digər mühüm məsələ təkrar bazarın likvidliyidir. İnvestor aldığı qiymətli kağızı sonradan rahat şəkildə sata bilmirsə, həmin alətin cəlbediciliyi də azalır: “Buna görə yalnız yeni qiymətli kağızların emissiyasını artırmaq kifayət deyil, onların aktiv şəkildə alınıb-satıldığı likvid bazar da formalaşdırılmalıdır. Bunun üçün şirkətlərin kapital bazarına çıxışının sadələşdirilməsi, istiqraz və səhm emissiyalarının stimullaşdırılması, yeni investisiya alətlərinin yaradılması, market-meyker mexanizminin gücləndirilməsi və fərdi investorların bazara çıxışının asanlaşdırılması vacibdir. Maliyyə savadlılığı və bazara inam məsələsini də xüsusi qeyd etmək istəyirəm. İnsan qiymətli kağızın necə işlədiyini, gəlirinin haradan formalaşdığını və hansı riskləri daşıdığını bilmirsə, onun bazara daxil olması çətinləşir. Ona görə də maarifləndirmə yalnız ümumi məlumat kampaniyaları ilə məhdudlaşmamalı, investorun real qərar qəbul etməsinə kömək edən praktik mexanizmlərə çevrilməlidir. Əsas problem bazarın həcmi deyil, onun strukturudur. Növbəti mərhələdə əsas hədəf kapital bazarını şirkətlər üçün bank kreditinə alternativ uzunmüddətli maliyyələşmə mənbəyinə, vətəndaşlar üçün isə əlçatan və etibarlı investisiya platformasına çevirmək olmalıdır. Bazarın real inkişaf göstəricisi də məhz bu olacaq”.

"Rəqəmlərin arxasında repo amili dayanır"

İqtisadçı Elçin Əkbərov bildirir ki, təkcə repo əməliyyatlarında 9,6 milyard manatlıq azalma baş verib və ümumi bazar dövriyyəsindəki geriləmənin böyük hissəsi məhz bununla izah olunur. Repo bazarındakı dəyişikliklər bank sistemindəki likvidlik, pul bazarındakı faizlər, iri maliyyə institutlarının vəsaitə ehtiyacı, eləcə də Mərkəzi Bankın pul siyasəti əməliyyatları ilə bağlı ola bilər: “Digər maraqlı məqam isə odur ki, kapital bazarında əqdlərin sayı 2 dəfədən çox artsa da, ümumi dövriyyə azalıb. Bu, bazarda əvvəlki illə müqayisədə daha çox əməliyyat aparıldığını, lakin onların orta məbləğinin əhəmiyyətli dərəcədə azalaraq 2,32 milyon manatdan 692 min manata düşdüyünü göstərir. Vacib məqamlardan biri də odur ki, azalma repo əməliyyatlarının sayında deyil, onların orta məbləğində baş verib. Bu isə iri həcmli repo əməliyyatlarının azaldığına işarə edir”.

Kapital bazarında fərqli tendensiyalar 

E.Əkbərov bildirdi ki, inkişaf etmiş ölkələrdə kapital bazarının əsas funksiyası şirkətlərin uzunmüddətli maliyyələşməsidir. Azərbaycanda isə bazarın böyük hissəsini hələ də qısamüddətli repo əməliyyatları təşkil edir, təkrar bazarın likvidliyi və institusional investorların payı məhduddur: “Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 2,7 dəfə azalsa da, bunu investor etimadının zəifləməsi kimi qiymətləndirmək düzgün olmaz. Bu, Maliyyə Nazirliyinin borclanma qrafiki, emissiya təqvimi və digər texniki amillərlə də bağlı ola bilər. Bununla yanaşı, ümumi bazar dövriyyəsi azalsa da, korporativ qiymətli kağızlar üzrə əməliyyatların həcmi 23,7 faiz artaraq 1 milyard 935,3 milyon manata çatıb. Bu, bazarın ən mühüm müsbət siqnallarından biridir və şirkətlərin alternativ maliyyələşmə alətlərinə marağının artdığını göstərir. Deməli, mövcud vəziyyəti "bazar kiçilir" kimi deyil, iri həcmli likvidlik əməliyyatlarının azalması və korporativ seqmentdə aktivliyin yüksəlməsi ilə müşayiət olunan struktur dəyişikliyi kimi qiymətləndirmək daha doğru olar”.

"Yeni maliyyələşmə alətləri bazarı canlandıra bilər"

İqtisadçının sözlərinə görə, Azərbaycanın kapital bazarının inkişafını məhdudlaşdıran bir sıra fundamental problemlər qalmaqdadır: “İlk növbədə, iri və orta şirkətlərin əksəriyyəti maliyyələşmə üçün hələ də bank kreditlərinə üstünlük verir. Şəffaflıq tələbləri, maliyyə hesabatlarının açıqlanması və korporativ idarəetmə standartları səbəbindən bir çox şirkət səhm və istiqraz bazarına çıxmağa maraq göstərmir. Açıq səhm bazarının (IPO) məhdud olması da bunun nəticəsidir. Bazarda fərdi investorların və uzunmüddətli institusional investorların payı da aşağıdır”. 

E.Əkbərov qeyd etdi ki, kapital bazarının inkişafına təkan verə biləcək addımlar sırasında yeni emitentlərin bazara çıxmasının stimullaşdırılması, audit, hüquqi xidmət və listinq xərclərinin bir hissəsinin subsidiyalaşdırılması, dövlətə məxsus iri şirkətlərin səhmlərinin bir hissəsinin IPO vasitəsilə bazara çıxarılması xüsusi əhəmiyyət daşıyır: “Bununla yanaşı, vətəndaşların rahat şəkildə investisiya hesabı aça və qiymətli kağızlarla əməliyyat apara biləcəyi rəqəmsal platformalar genişləndirilməli, market-meyker institutu və analitik araşdırmalar gücləndirilməlidir. Kapital bazarının inkişafına təkan verə biləcək yeniliklərdən biri də 24 yanvar 2027-ci ildən qüvvəyə minəcək "Kraudfandinq haqqında" Qanundur. Bu qanun kiçik və orta sahibkarlıq subyektləri üçün bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yarada, eyni zamanda fərdi investorların kapital bazarında iştirakını genişləndirə bilər”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər