• şənbə, 22 Avqust, 12:45
  • Baku Bakı 31°C

İqtisadi göstəricilərdə müsbət dinamika 

22.08.26 04:52 82
İqtisadi göstəricilərdə müsbət dinamika 

Mövcud statistik rəqəmlər Azərbaycan iqtisadiyyatının dayanıqlılığını və mövcud çağırışlara münasibətdə inkişaf tempini qoruduğunu bir daha əyani şəkildə göstərir.

Dünyada baş verən kataklizmlər qlobal iqtisadi inkişaf tempinə də ciddi təsir göstərməkdədir. Yaxın coğrafiyamızda cərəyan edən proseslər, təchizat sistemlərinin kəskin şəkildə pisləşməsi Azərbaycan iqtisadiyyatına da ilkin mərhələdə müəyyən qədər təsir etmiş oldu. Nəticədə keçən il və 2026-cı ilin ilk rübündə iqtisadi inkişaf göstəricilərində narahatlıq yaradan rəqəmlər qeydə alındı. Lakin ölkə rəhbərliyinin uzaqgörən siyasəti bu sahədə də öz sözünü deməkdədir. Atılan addımlar, həyata keçirilən operativ tədbirlər mövcud çağırışlar fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılığını bir daha dünyaya göstərmiş oldu. 

ÜDM istehsalı 1,4 faiz artıb

2026-ıci ilin ilk yeddi ayının statistik rəqəmləri də iqtisadi inkişaf tempinin sürətlənəcəyi ilə bağlı proqnozları gücləndirir. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,4% çoxdur. O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,6% azalaraq 22 milyard 916,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,2% artaraq 53 milyard 901,2 milyon manata çatıb. ÜDM istehsalının 34,5%-i sənaye, 10,5%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i tikinti, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə sahələrinin, 21,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 18 faizdən çox artıb

Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin əsas lokomotivi və prioritet elan olunan sahə qeyri-neft sektorudur. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib. Cari il iyulun 1-nə iqtisadiyyata kredit qoyuluşları 33 milyard 881,1 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çoxdur. Yeddi ayda qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə keçən ilin eyni aylarına nisbətən 1,9 faiz artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.

Bu ilin yanvar-iyul aylarında neft-qaz sektoruna 3 milyard 708,6 milyon manatlıq vəsait yönəldilib. Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 734,4 milyon manat səviyyəsində olub.

Bölgələrin inkişaf göstəriciləri

Son bir ildə iqtisadi artım tempi bölgələrdə də müsbət dinamika ilə müşahidə olunur. Xüsusilə Naxçıvan Muxtar Respublikasında. Belə ki, bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur. Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 2,8% artaraq 2 170 manat təşkil edib. Qeyd edək ki, Prezident İlham Əliyevin Naxçıvana son səfəri əldə edilən bu göstəricilərin daha böyük dinamika ilə inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. 

Prioritet sahələrdə iqtisadi artım

Hazırda ölkənin əsas aparıcı iqtisadi sektorları arasında aqrar sahə xüsusi əhəmiyyət daşıyır. Bir müddət əvvəl aqrar sektorun inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən keçirilən müşavirədə bu istiqamətdə prioritet vəzifələr və hədəflər elan olunub. Həyata keçirilən tədbirlər nəticəsində bu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 797,2 milyon manat təşkil edib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 2,8 faiz artıb.

Sənaye sektorunda istehsal 

Təbii ki, hər bir ölkənin iqtisadi inkişaf göstəricilərində əsas indikator həm də sənaye istehsalı və bu sahəyə yatırılan investisiyalardır. Bu ilin yanvar-iyul aylarında sənaye sektorunda 38 milyard 902,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.

Hesabat dövründə qeyri-neft-qaz sənayesində 12 milyard 724,8 milyon manatlıq məhsul istehsal olunub. Bu da keçən ilin analoji dövrünə nisbətən 4,4 faiz çoxdur.

Emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+88,4%), əczaçılıq məhsullarının istehsalı (+53,9%), toxuculuq sənayesi (+35,9%), tütün məmulatlarının istehsalı (+18,4%), kağız və karton istehsalı (+12,5%), qida məhsullarının istehsalı (+9,6%), metallurgiya sənayesi (+9,5%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+8,5%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,3%), elektrik avadanlıqlarının istehsalı (+7,6%), tikinti materiallarının istehsalı (+7,3%) sahələrində olub.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına bu günədək 7,2 milyard manatdan çox investisiya yatırılıb. Sahibkarlar tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal edilərək satılıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub. Hazırda ölkədə fəaliyyət göstərən 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib.

Xarici ticarətdə 9,3 milyard dollarlıq müsbət saldo

Müsbət inkişaf meylləri xarici tərəfdaşlarla qarşılıqlı ticarət dövriyyəsində də qeydə alınıb. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 9,1 faiz artaraq 26 milyard 54,2 milyon dollar təşkil edib. Hesabat dövründə ixracın dəyəri 43,2 faiz artaraq 17 milyard 713,1 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 3,2 dəfə artaraq 5 milyard 548,4 milyon dollar olub. Altı ayda idxalın dəyəri isə 27,6 faiz azalaraq 8 milyard 341,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə 119 ölkəyə məhsul ixrac edilib, 155 ölkədən isə məhsul idxal olunub. Bu dövrdə 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,1 faiz artıb, real ifadədə isə 13,1 faiz azalıb.

Əhalinin gəlirləri də artıb

İqtisadi inkişafın müsbət nəticələri özünü əhalinin gəlirləri və sosial-iqtisadi təminat göstəricilərində də büruzə verir. Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631,8 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çoxdur. Cari il iyulun 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği 17 milyard 823,6 milyon manat təşkil edib. Əmanətlər ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıb. Həmçinin hesabat dövründə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 1174,4 manat təşkil edib.

 

Tranzit daşımalarda son beş ilin rekordu

Azərbaycanın qeyri-neft sektorunun əsas strateji dayaqlarından biri sözsüz ki, tranzit yükdaşımalar, bağlantılardır. Bu istiqamət ölkəmizin iqtisadi inkişaf strategiyasında gələcək hədəflərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində cari ilin ilk 7 ayında tranzit daşımaların həcmi 9,1 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb. Əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Valyuta ehtiyatları artıb, xarici borc azalıb

Sözsüz ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, mövcud qlobal çağırışlara adekvat reaksiyasını, makroiqtisadi sabitliyini şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin maliyyə müstəqilliyidir. Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon dollar təşkil edib. Bu göstərici ötən il avqustun 1-nə nisbətən 12,2 faiz çoxdur.

Digər tərəfdən, Prezident İlham Əliyev tərəfindən xarici dövlət borcunun azaldılması ilə bağlı qarşıya qoyduğu tapşırıqlar da uğurla həyata keçirilir. Bu il avqustun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 590,8 milyon dollar təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz azdır.

Beləliklə, mövcud statistik rəqəmlər Azərbaycan iqtisadiyyatının dayanıqlılığını və mövcud çağırışlara münasibətdə inkişaf tempini qoruduğunu bir daha əyani şəkildə göstərir.

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər