Valideynin edəcəyi seçim - ARAŞDIRMA

Həkimlər deyirlər ki, uşaqlar da koronavirusa qarşı
peyvənd olunmalıdırlar. Peyvəndin tətbiqi ilə onlar həm özlərini, həm də risk
qrupuna daxil olan yaşlıları virusa yoluxmaqdan qoruyacaqlar.
"Omikron”nla "tanışlığımızdan” sonra yoluxmaların
sayında artım müşahidə edilir. Təəssüf ki, yoluxanların sayı sağalanları üstələyir.
Hazırda karantin şərtləri yumşaq olduğu üçün virusla mübarizədə yeganə güclü
vasitə peyvənddir. Dünyada "buster” doza ilə yanaşı, peyvənd yaşı azaldılıb, uşaqların
da vaksinasiyasına başlanılıb. Böyük Britaniya, Amerika, İtaliya, Malayziya, qonşu
İranda artıq 5-12 yaşlı uşaqlar peyvəndlənmə prosesinə cəlb edilir. Ölkəmizdə
isə 12 yaşdan yuxarı uşaqların peyvənd olunması tövsiyə edilir.

Onlar virusu yüngül keçirsələr də...
Təəssüf ki, son vaxtlar uşaqlar virusun
yayılmasında əsas hərəkətverici qüvvəyə çevrilirlər. Pandemiya başlayandan bu
günə kimi uşaqlar xəstəliyin xüsusi daşıyıcıları idi. Yəni onlar virusu yüngül
keçirsələr də, xüsusi risk qrupuna daxil olan şəxslərə ötürərək, onların xəstəliyi
ağır keçirməsinə, hətta ölməsinə səbəb ola bilərlər. Bundan əlavə, mütəxəssislər
bildirir ki, uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və
böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də, belə uşaqların
peyvəndlənməsi tövsiyə olunur. Azərbaycanda da aşağı yaş qruplarının peyvənd
olunması gözlənilirmi?
"Uşaqlar da peyvənd olunmalıdır”
İnfeksionist Mərdan Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu mübarizədə
peyvənd əsas silahdır və tətbiq edilməlidir: "Uşaqlar toplu yerlərdə - bağçalarda,
məktəblərdə daha çox olurlar. Əgər bir uşaqda virus varsa, bu, epidemiya
formasını alır. Hətta məktəblərin bağlanmasına gətirib çıxarır. Düzdür, uşaqlarda
müəyyən tənəffüs yollarının kəskin iltihabına səbəb olsa da, ağırlaşmalar qeyd
olunmur. Demək olar ki, əksəriyyəti yüngül keçirir. Lakin virusun yayılmasında
rol oynayırlar. Uşaqlar xəstəliyi ağır keçirməsələr də, valideynlərə keçirər və
ölümlə nəticələnə bilər. Nəzərə almalıyıq ki, peyvənd araşdırmalardan sonra
vurulur. Dünyada da bu proses gedir. Hələ ki, yan təsirləri və təhlükəsi görülməyib.
Bu səbəbdən uşaqlar da koronavirusa qarşı peyvənd olunmalıdır. Peyvəndin tətbiqi
ilə uşaqlar həm özlərini, həm də digər risk qrupuna daxil olan yaşlıları virusa
yoluxmaqdan qoruyurlar”.

"Peyvəndlərin ən zərərsizidir”
Məlum məsələdir ki, peyvəndə münasibət birmənalı
deyil. Yaşlı insanlarda peyvənd mədəniyyəti formalaşsa da, uşaqların peyvəndi
valideynləri narahat edir. Həkim deyir ki, tövsiyə olunan peyvəndlər üzərində
araşdırmalar aparılıb və öz təsdiqini tapıb: "Təhlükəli deyil. Bu peyvəndlərin
üzərində çalışmalar olub və qorxulu deyil. Biz də yeni başlayanda qorxurduq,
amma gördük ki, ziyanımıza deyil, xeyrimizə işlədi. Xəstəliklə mübarizədə peyvənd
ən güclü silahımızdır. Biz həmişə viruslardan qorumaq üçün uşaqlara peyvənd
vurdurmuşuq. Hətta daha güclü təsirə malik peyvəndlərdən istifadə olunub və
bunun müsbət nəticələrini görmüşük.
Koronavirusa qarşı vurulan peyvənd isə bu peyvəndlərin içində ən zərərsizidir”.

Epidemik vəziyyət kritik olarsa...
Azərbaycanda peyvənd yaşının azaldılmasına gəldikdə,
həmsöhbətimiz vurğulayır ki, bu, ölkəmizdə pandemiyanın gedişindən asılıdır:
"Peyvəndlənmə yaşının daha aşağı enməsi təcrübəsindən artıq digər ölkələrdə
istifadə olunub. Əgər yoluxma sayında azalma olmasa, epidemik vəziyyət kritik
olarsa, yəqin ki, peyvənd daha da aşağı yaş qruplarına vurula bilər. Lakin
pandemiya birdən-birə yox olmayacaq. Mövsümi formaya keçəcək və hər il davam edəcək.
Ona görə də, uşaqların peyvəndlənməsi lazımdır və yəqin ki, biz də bunu edəcəyik.
Peyvənd olunmalıyıq ki, xəstəliyə qalib gələk”.

Mən istəyirəm axı...
Pediatr Vaqif Qarayev bildirir ki, valideynlərin əksəriyyəti
koronovirusdan öncə də peyvəndə qarşı olub: "Məktəbdə, bağçada uşaqlar arasında
viruslar yayılıb. Bu, daha çox qripdir, amma koronovirusu da istisna etmək
olmaz. "Omikron”un yoluxuculuq qabiliyyəti kifayət qədər yüksəkdir. Bu səbəbdən
yoluxma sayının artması gözlənilən idi. Uşaqların peyvəndi məsələsinə gəldikdə,
bir çox ölkələrdə bu proses başlayıb, amma könüllüdür. Əvvəllər peyvəndlənmə
zamanı valideynin mövqeyi öyrənilmirdi. Uşaqlara vurulan peyvəndlər dövlətin səhiyyədə
strateji istiqamətlərindən biri idi. İndi isə valideyn öz dilindən kağız yazır
ki, istəmirəm uşağım peyvənd olunsun. Məsuliyyət valideynin boynunda qalır.
Amma bu, çox qorxuludur. Sən istəmirsən, lakin sənin uşağın yoluxanda mənimkini
də yoluxdurur. Mən istəyirəm axı... Məsələn, 1-ci Qarabağ müharibə
vaxtı uşaqlar peyvənd olunmadığı üçün Azərbaycanda
difteriya adlı çox təhlükəli xəstəlik tüğyan etməyə başladı. Qızılcanın
pnevmoniyası koronovirusdan da ağırdır. Biz bunlara peyvəndlərlə qalib gəldik. Peyvəndə
qarşı kampaniya onsuz da var idi, koronovirusla da bağlı eyni reaksiyanı
gördük. Amma maraqlansaq, görərik ki, peyvəndə qarşı çıxan ən radikal insanlar
məhz həmin virusa yoluxub və ölüblər”.
"Seçimi valideyn etməlidir”
Həkim vurğulayır ki, "Pfizer” vaksininin 12 yaşdan yuxarı, xüsusən
risk qrupunda olan uşaqlara vurulması tövsiyə olunur. Amma buna baxmayaraq,
genişmiqyaslı araşdırma aparılmayıb: "Bu səbəbdən valideynlər narahatlıq
keçirir. Yoluxucu infeksiyalardan qorunmağın iki yolu var. Biri təcriddir,
ikincisi peyvənddir. Peyvənd qoruyur. Təcrübəmdə də bununla bağlı faktlarla
rastlaşmışam. Peyvənd olunanlar arasında kütləvi yoluxma görməmişəm. Uşaqlara gəldikdə,
bu seçimi valideyn etməlidir. Uşaqların qapanmasının qəti əleyhinəyəm. Bu, həm
fiziki, həm psixoloji baxımdan onlara çox təsir edir. İnanmıram ki, uşaqların
peyvənd olunması məcburi olsun. Amma könüllü şəkildə kim istəsə, uşağını
vaksinasiya etdirə bilər. Bu, artıq valideynin öz seçimidir”.
Aygün ƏZİZ
