• cümə axşamı, 28 mart, 16:56
  • Baku Bakı 16°C

Uğurlarında internat təhsilinin rolu olan gənclər

28.09.19 11:30 3710
Uğurlarında internat təhsilinin rolu olan gənclər
Raqif Teymurov: "Geriyə qayıtsam, yenə də həmin internat məktəbini seçərdim”
Aytac İsrayılova: "Yüksək bilik almağımız üçün hər cür şərait yaradılmışdı”
Artıq bir neçə gündür ki, yeni təhsil ili başlayıb. Bu il də minlərlə gəncimiz tələbə adını qazandı, tələbəlik həyatına qədəm qoydu, bir çox valideyn övladının müvəffəqiyyət sevincini yaşadı. Son dövrlər təhsil sahəsində aparılan məqsədyönlü işlər bu sahədə uğur qazanan gənclərimizin sayını günü-gündən artırır. Hətta regionlarımızda fəaliyyət göstərən internat tipli məktəblərdən də yüksək balla universitetə qəbul olunanlar var. Həmin tələbələrdən ikisi ilə söhbət etdik, yaxından tanış olduq.
İlk müsahibimiz Raqif Teymurov K.Ağayev adına Biləsuvar şəhər internat tipli texniki fənlər təmayüllü liseyin məzunudur. Raqif 2002-ci il fevralın 2-də Biləsuvar şəhərində anadan olub. 2008-ci ildə internat tipli texniki fənlər təmayüllü məktəbin I sinfinə qəbul olunub. 2018-2019-cu tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında rayon üzrə ən yüksək - 626 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Kompüter elmləri ixtisası üzrə tələbəsi adını qazanıb. Raqifdən məktəb illərini necə xatırladığını soruşuruq: "Ailəmizin vəziyyəti elə də yaxşı olmayıb. Bir neçə ev dəyişmişik, sonuncu evimiz internat tipli məktəbin yanında idi. İnternat məktəbində təhsilin yaxşı olduğunu, uşaqları həm qalmaq yeri, həm qida ilə təmin etdiyini deyirdilər. Atam gedib danışdı və birinci sinifdən on birinci sinfə qədər həmin məktəbdə oxudum. Ailədə iki qardaşıq və qardaşım da hazırda həmin internat məktəbində altıncı sinifdə oxuyur. Valideynlərimizin təhsili olmasa da, bizim təhsilimiz üçün hər cür şəraiti yaradırlar. Xüsusilə də atamın bu işdə rolu böyükdür”.

Qarşıma məqsəd qoydum ki, oxumalı, təhsil almalıyam
"Məndə oxumaq həvəsi məktəbə getdiyim ilk gündən yaranıb” deyən gənc bildirir ki, bunun səbəbi atasının müəlliminə dediyi sözlərdir: "Atamın "oğlumu mənim üçün deyil, cəmiyyətə yararlı bir insan kimi böyüdün” sözlərini heç vaxt unutmaram. O vaxtdan da qarşıma məqsəd qoydum ki, oxumalı, təhsil almalıyam. Çalışdım, əziyyət çəkdim və istədiyimə nail oldum. Yüksək nəticə ilə ali məktəbə qəbul olmağımda internat məktəbin kollektivi, xüsusən müəllimlərim İlkin Rüstəmov və Mehman Əliyevin böyük əməyi olub. Onlar bizə təhsilimizdə, dərin biliklər almağımızda dəstək göstəriblər. Bizim sinfin ali məktəblərə hazırlaşan bütün şagirdləri universitetlərə daxil olublar”.
Yenə də həmin internat məktəbini seçərdim
Raqif məktəb vaxtı yaxşı oxuyan şagird olduğunu, hətta bəzən müəllimin əvəzinə dərsi özünün keçdiyini deyir: "Müəllimlərlə aram yaxşı idi. Məni yaxşı oxuyan şagird kimi çox sevirdilər. Hətta elə vaxtlar olurdu ki, riyaziyyat dərsini izah etməyi mənə tapşırırdılar. Çətin olmasına baxmayaraq, riyaziyyat və kimya fənnini çox sevirdim. Kimya fənnini müəllimim sevdirmişdi. Qəbul imtahanında kimyadan 30 sualdan 30-u, riyaziyyatdan isə 30 sualdan 29-u düz idi. Bəlkə də sənədlərimi birinci qrup üzrə verməyimə bu fənlərə olan sevgim səbəb olub. Məktəbimizi də çox sevirəm. İndi də fəxr edirəm ki, elə bir məktəbin məzunuyam. Məktəb illərinə qayıtsam, yenə də həmin internat məktəbini seçərdim. Orada müəllimlərin təhsilə, şagirdlərə verdiyi dəyər tamam başqadır. Müəllimlər oxuyan uşaqların daha da inkişaf etməsi üçün əllərindən gələni edirdilər. Məni də oxumağa, təhsil həyatımda uğur qazanmağa onlar həvəsləndiriblər. Müəllimin şagirdinin fikrini dəyərləndirməsi, onunla fikir mübadiləsi etməsi çox gözəldir”.
Ailəmizin ümumi gəliri aylıq 300 manat idi
Müsahibim universitetə hazırlıq dönəmində yaşadığı çətinliklərdən də danışdı: "Qrupda 5 fənn idi, mən isə 4 fəndən hazırlığa getmişəm. Rus dilini özüm evdə oxuyurdum. Həmin dövrdə ailəmizin əsas xərci mənim məşğələlərimə sərf olunurdu. Ailəmizin ümumi gəliri aylıq 300 manat idi, onun 150 manatını mənim təhsilimə xərcləyirdilər. Ona görə qarşıma məqsəd qoydum ki, universitetə qəbul olacağam. Kompüter elmləri ixtisası uşaqlıqdan arzum idi. Elə kodlaşdırma zamanı da birinci onu yazmışdım. Bu gün çox sevinirəm ki, ürəyim istəyən fakültədə, ödənişsiz oxumaq nəsib oldu. Ailəmin məni ödənişli əsaslarla oxutmaq üçün maddi gücü yox idi”.
Həm ixtisas, həm də təhsil müəssisəsi uşaqlıq arzum idi
Raqif bu ixtisasa olan həvəsinin haradan qaynaqlanmasından da danışdı: "Bibim və xalam oğlu da bu ixtisas üzrə təhsil alıblar. Mən də uşaq vaxtı kompüterlə işləməyi çox sevirdim. Ona görə düşündüm ki, mən də bu sahəyə yönəlim. Həm də Dövlət İdarəçilik Akademiyasında 1-ci qrup üzrə yalnız kompüter elmləri ixtisası. Həm ixtisas, həm də təhsil müəssisəsi uşaqlıq arzum idi. Bu sahədə seçilən mütəxəssislərdən olmaq istəyirəm. Hətta, təhsilimi xaricdə davam etdirməyi düşünürəm”.
Raqif universitetə hazırlaşan abituriyentlərin seçiminə valideynlərin müdaxilə etməsindən də söz açdı: "Bütün abituriyentlər tələbə olanda universiteti tamam başqa cür görürlər. Bəziləri tələbəliklərinin ilk günündə peşman olur, ürəklərində "kaş, bu universiteti, bu ixtisası seçməzdim” deyə düşünürlər. Elə məndə də bu fikir var idi. İlk iki gün sanki istədiyim yerdə deyildim. Bu məqamda seçimi valideynlərim etmiş olsa idi, dərhal onları günahlandıracaqdım. Amma bu ixtisası özüm seçdiyim üçün zamanla işlər qaydasına düşdü. İndi universitetimi, fakültəmi çox sevirəm, artıq tələbəlik həyatına alışmışam. Ona görə yaxşı olar ki, valideynlər övladlarının seçiminə qarışmasınlar”.
Həmsöhbətim universitetə hazırlaşanlara məsləhətini də bölüşdü: "Mən həmişə bunu demişəm ki, uğur qazanmaq üçün səbirli, məqsədli və planlı hərəkət etmək lazımdır. Bu üç qızıl qaydaya uyan hər kəs qarşısına qoyduğu məqsədə mütləq çatacaq”.
Kənddə oxuduğum məktəbdə istənilən şərait yox idi
Növbəti müsahibimiz isə Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Aytac İsrayılovadır. Aytac 2002-ci il martın 12-də anadan olub. Yeddinci sinfə qədər təhsilini doğma kəndlərindəki məktəbdə alıb. Daha sonra internat tipli gimnaziyaya daxil olub və 11-ci sinfi bu gimnaziyada bitirib. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 637 bal toplayaraq Azərbaycan Dillər Universitetinin "Tərcümə” ixtisasına qəbul olunub.
Aytacın sözlərinə görə, uşaq vaxtı məktəbə getməkdən qorxurmuş, hətta getməmək üçün ağlayırmış: "Uşaqlıq dövrünə aid elə də çox xatirəm yoxdur, amma bilirəm ki, məktəbə getmək istəmirdim. Ağlayırdım ki, məni məktəbə aparmayın. İlk olaraq təhsilimi kənd məktəbində alsam da, sonradan internat məktəbinə keçdim. Bunun səbəbi isə həmin məktəblərdə təhsilin yüksək səviyyədə olmasıdır. Burada müəllimlərin dərsə yanaşması fərqli idi. Uşaqlar da dərslərdə aktiv iştirak edirdilər. Yəni kənddə oxuduğum məktəbdə istənilən şərait yox idi. İnternat məktəbi bizi həm yemək, həm də gecə qalmaq üçün yerlə təmin edirdi. Buna baxmayaraq, evimiz yaxın idi deyə mən gecələr evə gəlirdim”.

Bugünkü təhsilim mənim üçün xaricə açılan bir qapıdır
Aytac hazırda oxuduğu fakültənin uşaqlıq arzusu olduğunu deyir: "İxtisas seçimi zamanı valideynlərim başqa fakültələri təklif edirdilər, ilk olaraq "həkim ol”, sonra "ya hüquqşünaslığa, ya da müəllimlik sahəsinə yönəl” dedilər. Amma uşaqlıqdan bəri arzum olan tərcümə sahəsini seçdim. Elə kodlaşdırmada da bu ixtisası birinci yazmışdım”.
Həmsöhbətim bugünkü uğurunda internatda aldığı təhsilin böyük rolu olduğunu qeyd edir: "Müəllimlərimiz hamımıza eyni tələbkarlıqla yanaşırdılar. Burada təkcə bilik deyil, həm də gözəl tərbiyə verirlər.Təhsil müəssisəsinin direktoru Şəhla xanımın bizim təhsilimizdə əməyi böyükdür. Yüksək bilik almağımız üçün hər cür şərait yaradılıb”.
Aytac təhsilini xaricdə davam etdirməyi düşünür: "Mən hazırda xarici dil üzrə təhsil alıram, amma bu, kifayət etmir. Dil biliklərimi daha da təkmilləşdirmək üçün buradakı təhsilimi başa vurduqdan sonra xaricə getməyi planlayıram. Bu gün öyrəndiklərim mənim üçün xaricə açılan bir qapıdır”.
Günel Azadə



banner

Oxşar Xəbərlər