Uşaqların ömrünü qısaldan xəstəlik


Son vaxtlar uşaq serebral iflici geniş yayılıb. Bu cür xəstələrə ətrafımızda getdikcə daha çox rast gəlirik. Ailələr isə çox vaxt bu xəstəliyin irsi olduğunu deyirlər. Uşaqda hər hansı bir problem yaranmasını valideynlərdən hansındasa belə bir xəstəliyin olması ilə əlaqələndirirlər. Əslində isə serebral iflic irsi xəstəlik deyil. Bu xəstəlik uşaq ölümünə səbəb olmasa da, onların ömürlərinin qısalmasına gətirib çıxara bilir. Bu xəstəliyin yaranmaması və uşağın sağlam böyüməsində isə bir çox faktorlar böyük rol oynayır. Çünki bu xəstəliyə uşaq ana bətnindəykən də düçar ola bilər, dünyaya gəldikdən sonra da. Buna görə də xüsusilə analar sağlamlıqlarına diqqət etməli, hamilə olarkən qidalanmalarına nəzarət etməlidirlər.
Müsahibim Ləman Məmmədova ana olmağa hazırlaşdığı vaxt sağlamlığına diqqət etmədiyini deyir. Bildirir ki, qidalanmasına belə laqeyd yanaşıb. Hətta həkim ona uşağı qeysəriyyə üsulu ilə dünyaya gətirməyi məshələt görsə də, o, təbii yolla doğuşa üstünlük verib. Nəticədə isə uşağını iki ilə yaxındır ki, serebral iflicdən müalicə etdirir: “Uşağım dünyaya gələrkən həkim mənə qeysəriyyə ilə doğuş məsləhət gördü. Təbii doğuşla dünyaya gəlsə, uşaqda sonradan problemlər yarana biləcəyini dedi. Lakin özümü yaxşı hiss etdiyim üçün düşündüm ki, təbii yolla doğuş daha məsləhətlidir. Uşağımı təbii yolla dünyaya gətirdim. Amma həkimin dediyini uşağın 1 yaş 3 aylığından sonradan gördük. Uşaq danışma və hərəkət cəhətdən inkişaf etmirdi. Onunla eyni yaşda olan uşaqlar yeriyib, danışırdılar. Amma bunda əksinə oldu. Nə yeridi, nə də danışdı. Əslində hərəkətli, gülən uşaqdır. Amma güldüyü yerdə qəfildən möhkəm əsəbiləşib ağlayırdı. İki yaşına yaxın artıq həkimlər uşağa serebral iflic diaqnozu qoydular. 3 yaşının tamam olmasına az qalıb. Müalicəsi davam edir. Amma hələ ki müsbət nəticə əldə edə bilməmişik”.
Zədələnmənin olduğu kimi qaldığı problem
Uşaq nevropatoloqu Rima İbadova qəzetimizə açıqlamasında bildirdi ki, uşaq serebral iflici inkişaf etməkdə olan beyinə təsir edən hər hansı faktordan yaranır. Bu, hamiləlik dönəmində ananın məruz qaldığı faktorlar, doğum zamanı baş verən zədə və doğumdan sonra uşağın erkən inkişaf dönəmində keçirdiyi problemlər nəticəsində yaranan, beyini bu və ya digər dərəcədə zədələyən, amma zədələnmənin olduğu kimi qaldığı problemdir: “Xəstəliyin spastik, ataktik, atetoid və qarışıq formaları var. Spastik formasında əzələlərdə gərginlik müşahidə olunur. Ancaq aşağı ətrafları əhatə edən gərginliklər də ola bilər, eyni zamanda aşağı və yuxarı ətrafları əhatə edən gərginlik də. Bunun da müvafiq olaraq diplegik, tetraplejik, hemiplegik formaları var. Hemiplegik formada yalnız sağ və ya sol tərəfdə əl və ayağı əhatə edən hərəkətsizlik olur. Spastik formada əsasən hərəki neyron zədələnməyə məruz qaldığı, mərkəzi iflic şəklində özünü büruzə verdiyi üçün daha çox əzələlərdə gərginlik, sərtlik müşahidə oluna bilər. Ataktik formaya beyincik forma da deyilir. Çünki bu formada beyincik zədələnmə əlamətlərini özündə daha çox göstərə bilər. Bu formada isə xəstənin əzələ tonusunun süst olması özünü göstərir. Uşaq yeriyə bilsə də, sərxoşvari şəkildə olur. Atetoid formasında qarışıq əzələ tonusu olur və qarışıq hərəkətlər müşahidə olunur. İncə hərəkətləri idarə etmək mümkün olmur. Atetoid forma uzun sürən sarılıqdan sonra yaranır. Normal halda fizioloji sarılıq həyatın 3-cü günündə başlayıb, 10-cu günündə bitməlidir. Amma bəzi hallarda sarılığın intensivliyinin artması, 14 gündən artıq davam etməsi uşaqlarda keviktorus deyilən sarılıq xəstəliyinə gətirib çıxarır ki, bu da sonradan beyində bazal qabilyonlarının zədələnməsinə və uşaq serebral iflicinin atetoid formasının yaranmasına gətirib çıxaran əsas faktorlardan biridir. Uşaqlarda karlıq şəklində də özünü büruzə verə bilər”.
Risk faktoruna daxil olan uşaqlar
Nevropatoloq deyir ki, bu xəstəlik üçün risk faktoruna daxil olan uşaqlar var və ona görə də diqqətli olmaq lazımdır: “Vaxtından öncə doğulanlar, kiçik çəkili dünyaya gələnlər, fizioloji sarılığı uzun sürən, ananın erkən və ya gec hamiləliyindən doğulan, hamiləlikdə ağır infeksiyalara, toksinlərə, mikroblara məruz qalan, doğumu uzun sürən analardan doğulan, doğum zamanı hər hansı travmaya məruz qalan, cift dolanması olan uşaqlar serebral iflic riski altında olan uşaqlardır. Belələri həkim tərəfindən hər ay nəzarətdə olmalıdır”.
R.İbadova deyir ki, körpə uşaqların hamısında reaksiyalar eyni olduğu üçün ilkin vaxtlarda valideynlər xəstəliyi təyin edə bilmirlər: “Uşaqda müəyyən müddətdən sonra bəzi fizioloji reflekslərin yaranmaması və ya yaranmış reflekslərin sonradan uzun müddət sönməməsi, əzələ tonusunun bu və ya digər dərəcədə çox və ya aşağı olması, uşağın həddindən artıq ağlaması, 3 aylığında boynunu tuta bilməməsi uşaq serebral iflici təhlükəsi yaradır və həkim tərəfindən diqqətli müayinə tələb edir”.
Nə qədər müalicə getsə də...
Həkimin sözlərinə görə, serebral iflic beyində zədələnmənin nəticəsi kimi ortaya çıxan bir xəstəlik olduğuna görə, nə qədər müalicə getsə də, xəstəliyin müəyyən əlamətləri qalır: “Müalicə taktikamız necədir? Əgər serebral iflic olan uşaqda hər hansı epileptik tutma da yaranıbsa, biz onu müalicə edirik. Yaxud da hipertonik formada əzələ tonusu həddindən artıq yüksəkdirsə, əzələ tonusunu boşaldan dərmanlar veririk. Amma əslində tam dediyimiz müalicə daha çox fizioterapiya, masaj, idmandır. Əgər əqli inkişaf geriliyi varsa, psixoloq, loqoped məşqləri edilir. Serebral iflic olan uşaqlarda reabilitasiya məşqləri çox önəmlidir”.
Valideynlər bu xəstəliyi bir yaşa kimi uşaqda görə bilmirlər
R.İbadova onu da bildirdi ki, serebral iflic nə qədər tez aşkarlanıb, müalicə aparılarsa, nəticə o qədər yaxşı olar: “Müalicəyə nə qədər tez başlanılarsa, idmanını, epileptik tutması olduğu halda onunla bağlı dərmanları qəbul edərsə, müalicə olunma şansı bir o qədər yüksək olur. Bəzən valideynlər: “Uşağım yeriyə biləcək?”, - deyə suallar verirlər. Əgər reabilitasiya dönəmində uşaq 2 yaşa qədər oturarsa, 5 yaşa qədər yeriyərsə, o zaman yerimə şansı yüksəkdir. Bəzən spastik formalarda cərrahi müdaxiləyə də ehtiyac duyulur. Ortoped cərrahlar tərəfindən belə müdaxilələr edilir. Valideynlər doğulan vaxtdan uşaqda hər hansı geriləmə müşahidə edirlərsə, mütləq nevropatoloq müayinəsindən keçirsinlər. Çox vaxt valideynlər bu xəstəliyi bir yaşa kimi uşaqda görə bilmirlər. Bəzən bu xəstəliyin diaqnozunu qoymaq həkimlər üçün də çətin ola bilər. Amma həkimlər əlamətləri bildikləri üçün bunu təyin etmək olar. Valideynlər problemi bir yaşdan sonra daha çox hiss etdikləri üçün həkimə gec müraciət edirlər. Beynin imkanları bir qədər genişdir. Beynin müəyyən hissəsi, məsələn, nitq mərkəzi zədələnəndə 5 yaşa qədər o mərkəz yerini dəyişmə xüsusiyyətinə də malikdir. Əslində sol frontalda yerləşir, amma saga da keçə bilir. Hərəki mərkəzlərdə də həmçinin. Müalicəyə nə qədər tez başlanarsa, o qədər də yaxşı nəticə əldə etmək olar”.
Həkim sonda onu da bildirdi ki, 1 yaşa qədər uşaqları ayda bir dəfə, sonra isə 2-3 aydan bir nevropatoloq müayinəsindən keçirmək lazımdır. Ən xırda problem olduqda belə onun haqqında məlumatlı olub, vaxtında müalicə aparılması daha yaxşı nəticə əldə etməyə kömək edə bilər.
Nigar
