• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

“Uşaq vaxtı hər gün topla bir pəncərə sındırırdım” - Keçmişdəki mən

23.05.20 10:00 4595
“Uşaq vaxtı hər gün topla bir pəncərə sındırırdım” - Keçmişdəki mən
Səmədağa Şıxlarov: "Hər gün dərsə ağ köynək və qalstukla gedirdik, sinfə çatana qədər isə bütün paltarlarımız çirklənirdi”
Uşaqlıqdan futbola maraq göstərib. Bütün günü məhəllədə top qovar, qonum-qonşunun pəncərəsini sındırarmış. Futbola olan bu sevgisi sonrakı həyatında qırmızı xətt olur. Bütün həyatını futbola qurban verdiyini söyləsə də, buna görə peşman deyil. Müsahibim Azərbaycanın tanınmış futbolçusu, "Neftçi”nin sabiq üzvü Səmədağa Şıxlarovdur. Onunla söhbətimizdə keçmiş futbolçunun uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik.
1955-ci ildə Salyan rayonun Xıllı kəndində doğulan Səmədağa Şıxlarov deyir ki, iki yaşı olanda ailəsi ilə birgə Əli Bayramlı (indiki Şirvan) şəhərinə köçüb, 17 yaşına kimi orada yaşayıb: "Ailədə dörd uşaq - iki bacı, iki qardaş olmuşuq. Atam çilingər, anam evdar qadın idi. Dəcəl uşaq olmuşam. Uşaqlıq illərim məhəllədə top qovmaqla keçib. Çox vaxt topla qonşuların pəncərəsini sındırırdım. Demək olar ki, hər gün bir pəncərə sındırırdım. Hərdən başqa uşaqlar kiminsə pəncərəsini sındıranda da deyirdilər ki, yenə Səməd pəncərəmizi sındırıb. Yay tətilində İsmayıllının Talıstan kəndində düşərgəyə gedirdim”.


banner

Oxşar Xəbərlər