• çərşənbə axşamı, 19 mart, 06:35
  • Baku Bakı 8°C

Universitet, fakültə və şəhərin yanlış olmaması üçün - Araşdırma

13.06.19 13:07 3858
Universitet, fakültə və şəhərin yanlış olmaması üçün - Araşdırma
Xaricdə təhsilə üstünlük verən gənclərin sayı ildən-ilə artır. Övladının xaricdə təhsil almasını istəyən valideynlər də çoxalır. Düzdür, dünyanın istənilən yerində təhsil almaq imkanımız var, amma gənclərimizin ən çox üz tutduğu ölkə Türkiyədir. Həm məkan olaraq yaxındır, həm də dil cəhətdən.

Türkiyə vətəndaşlığı olmayan şəxslər bu ölkənin universitetlərində təhsil almaq üçün YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı verməlidirlər. Əvvəllər YÖS imtahanı mərkəzləmiş qaydada idi, bir dəfə imtahan verirdin, sonra yığdığın nəticəyə uyğun istədiyin ali təhsil müəssisəsini seçirdin. Ancaq indi hər universitet ölkəmizdə ayrıca olaraq YÖS imtahanı keçirir. Adətən, gənclər bir neçə universitetin YÖS imtahanında iştirak edirlər, nəticələri də təxminən eyni olur. Və bundan sonra seçim mərhələsi gəlir. Yəni bir neçə universitetdə təhsil ala bilərlər, bəs seçim zamanı nələrə diqqət etməlidirlər?

Yaxşı hazırlıq olmalıdır

Mütəxəssislər bildirir ki, burda birinci məqam imtahana nə dərəcədə hazırlıqlı olmaqdır. Metropol YÖS Kurslarının Azərbaycan şöbəsinin nümayəndəsi Zaur Məmmədzadə deyir ki, yaxşı seçim imkanının olması üçün ilk növbədə YÖS imtahanına hazırlıqlı olmaq lazımdır: "Yaxşı təhsil verən universitetlərə qəbul olmaq üçün yaxşı nəticə göstərmək lazımdır. İmtahanlarda zəif nəticə göstərəndə seçim edə biləcəyin universitetlər elə də yaxşı olmaya bilər. Hər şey imtahana hazırlıqlı olmaqdan başlayır”.

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi, təhsilin idarə olunması üzrə mütəxəssis, pedaqoq Qoşqar Məhərrəmovun sözlərinə görə, abituriyent Türkiyədə təhsil almaq istəyirsə, YÖS üçün bir il hazırlaşıb sonra müraciət etsə, daha yaxşı olar: "Yaxşı bal yığa bilsin ki, yüksək reytinqli universitetlərə qəbul olsun. Çox aşağı ballarla Türkiyə universitetlərinə müraciət etməyə dəyməz. Aşağı balla qəbul olunan universitetlərdə dünya səviyyəli təhsil alına biləcəyini düşünmürəm. Bundan əlavə, SAT imtahanını verməklə Türkiyədə daha prestijli universitetlərə müraciət edə bilərlər. Məsələn, Ortadoğu Texniki Universiteti, Boğaziçi Universiteti, Hacettepe Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Marmara Universiteti, Karadeniz Texniki Universiteti, Atatürk Universiteti, Bilkent Universiteti, Sabancı Universitetini qeyd edə bilərik. Bu universitetlər dünya reytinqində də müəyyən bir yerə sahibdirlər. Keyfiyyətli təhsil verdiklərini də deyə bilərik”.


Universitetin ölkə və dünya üzrə reytinqi

Bir neçə universitetin imtahanında yaxşı nəticə göstərdikdə isə abituriyent seçim arasında qala bilər.Q.Məhərrəmov deyir ki, seçim zamanı ilk diqqət edilməli məsələ, universitetin dünya və Türkiyə üzrə reytinqidir: "Türkiyədə 150-yə yaxın universitet var. Onların heç də hamısı eyni dərəcədə maddi-texniki bazaya, akademik heyətə sahib deyil. Ona görə də bizim abituriyentlər seçim etməmişdən əvvəl təhsil müəssisəsinin Türkiyə universitetləri arasında reytinqinə baxmalıdır. Və bununla yanaşı, dünya reytinqində yerinə də fikir verməlidir. Birinci reytinqə baxmaq lazımdır. Çünki bu, önəmli göstəricidir”.

Universitetin reytinqi yüksək olanı seçim, yoxsa illik ödənişi bir az aşağı olanı? Çox vaxt seçimdə bu sual da tərəddüdə səbəb olur. Z.Məmmədzadə deyir ki, yaxşı təhsil almaq istəyənlər, təhsil haqqından çox reytinqə fikir versinlər: "Türkiyə universitetlərində təhsil haqqı hər il dəyişə bilir. Hər il universitetin idarə heyəti toplanaraq qərar verir ki, bu il ödənişlər necə olsun. Universitetləri təhsil haqqına görə deyil, reytinqlərinə görə dəyərləndirsələr, daha yaxşı olar”.

Böyük, yoxsa kiçik şəhərlərin universitetləri?

Q.Məhərrəmov bildirdi ki, universitetin Türkiyənin hansı şəhərlərində yerləşməsi də onlar haqqında müəyyən fikir demiş olur: "Əgər eyni zamanda böyük və kiçik şəhərlərdə olan universitetlərdə təhsil imkanı qazanmısınızsa, bu zaman bilməlisiniz ki, böyük şəhərlərin universitetlərində təhsil üçün şərait daha yaxşı olur: "Türkiyənin İstanbul, Ankara, İzmir, Konya, Bursa, Əskişəhər, Ərzurum, Trabzon kimi məşhur şəhərlərində olan universitetlərin təhsili kənar şəhərlərdə yerləşənlərlə müqayisədə daha yaxşıdır. Bütün hallarda seçdikləri universitetin bir ənənəsi, keçmişi olmağına diqqət etməlidirlər”.

Q.Məhərrəmovun sözlərinə görə, əgər Türkiyənin böyük şəhərlərində deyil, bir az kənar yerlərində olan universitetlərdə təhsil imkanı qazanmısınızsa, burda diqqət etməli olduğunuz məsələlər bir az dəyişə bilir: "Bu zaman universitetin nə vaxt qurulmasına, nə qədər heyəti olmasına fikir versinlər. Laboratoriyalarının olub-olmamasını, dərs proqramlarını təfərrüatlı araşdırmaq lazımdır. Universitetin saytına daxil olub ümumi məlumat əldə edin, detallı araşdırın. Ən önəmli məsələlərdən biri universitetdə nə qədər müəllimin, professorun çalışmasıdır. Türkiyənin hansısa şəhərində yerləşən universitetdə də kompüter mühəndisliyi ixtisası açıla bilər, amma orda təhsil alıb məzun olanda heç bir müasir kompüter texnologiyalarına yiyələnməyə bilərsən. Ona görə oxuyacağınız ixtisasla bağlı universitetin maddi-texniki bazasının olub-olmamasına baxmalısınız. Maddi-texniki baza olmadığı üçün dərslər nəzəri xarakter daşıya bilər. Belə yerdə oxumağa, bunun üçün 4 il xaricdə təhsil almağa dəyməz”.

İngilis dilini unutmayın

Q.Məhərrəmov deyir ki, universitetdə ingilis dilində tədrisin olması da diqqət edilməli məsələlərdəndir: "Elə universitetlər var ki, orda çalışan müəllimlər ingilis dilini bilmirlər, dərslər yalnız türk dilində keçirilir. Bu zaman dil biliyin inkişaf etməyəcək. Ona görə seçim edərkən dil biliyini də nəzərdə saxlamaq lazımdır”.

Həm də ixtisasa görə universitet seçin

Və universitet seçimi edərkən hansı ixtisas üzrə təhsil alacağınıza baxmalısınız. Bu mövzuda fikirlərini bölüşən Z.Məmmədzadə bildirdi ki, bu cəhətdən də diqqətli olmaq önəmlidir: "Akdeniz Universitetində iqtisadi təhsil yaxşıdır, mühəndislik zəifdir. Mühəndislik üçün Karadeniz Texniki Universitetini seçmək daha məsləhətlidir. Karadeniz Universiteti ilə Yıldız Texniki Universitetini müqayisə etsək, əlbəttə ki, Yıldız Texniki Universitetdəki mühəndislik təhsili daha yaxşıdır. O universitetin reytinqi daha yuxarıdır. İstanbul Texniki Universitetindəki mühəndislik təhsili qeyd etdiklərimdən daha yaxşıdır. Demək istədiyim odur ki, bu kimi məsələlərlə bağlı məlumatlı olmaq önəmlidir. Hansı ixtisas üzrə təhsil almaq fikrindədirlərsə, o istiqamətdə təhsili daha güclü olan universitetləri araşdırıb tapsınlar”.


Bütün universitetlərdə yaxşı təhsil verilən ixtisaslar

Z.Məmmədzadə deyir ki, azərbaycanlıların Türkiyədə təhsil üçün müraciət etdikləri əsas sahələr tibb və stomatologiyadır. Bu istiqamətdə isə Türkiyədəki bütün təhsil müəssisələrində keyfiyyətli təhsil verilir: "Türkiyənin bütün bölgələrində tibbi ixtisaslara universitetlərdə yüksək balla götürülür. YÖS-də yığılacaq maksimum bal 100-dürsə, o fakültələrə qəbul üçün universitetlər arasında dəyişəcək bal seçimi də 95-100 arası dəyişir. 95-dən çox bal yığmalıdır ki, orda tibb və stomatologiya fakültəsinə qəbul ola bilsin. Türkiyədə tibb və stomatologiya təhsilini hansı bölgədə, hansı universitetdə alırsan al eyni təhsildir, eyni səviyyədir”.

"Təki Türkiyədə təhsil alım” prinsipi ilə hərəkət etmək olmaz

Z.Məmmədzadə deyir ki, məsələyə "Təki Türkiyədə təhsil alım” prinsipi ilə yanaşmaq doğru deyil: "Bəzən gənclər yüksək bal tələb edən universitetlərin YÖS imtahanında yaxşı nəticə göstərə bilmirlər, aşağı nəticə ilə qəbul ola biləcəkləri yerlərin imtahanlarına qatılırlar. Aşağı bal tələb edən universitetlərdən hansına qəbul olsalar, ora gedirlər. Amma bu, təhsildir, ona görə ciddi yanaşmaq, seçimi düzgün aparmaq lazımdır”.


Universitetlə yanaşı, yaşayacağınız şəhərə fikir verin
Akdeniz Universitetində təhsil alan Natiq Haşımov deyir ki, o, yalnız hazırda təhsil aldığı universitetin YÖS imtahanında iştirak edib. Natiq bildirdi ki, universitetlə yanaşı, təhsil müddətində yaşayacağı şəhərə də fikir verib: "Digər universitetlər mənim maraq dairəmdə deyildi. Bir seçimim var idi və imtahanı da ora verdim. Məncə, bir neçə universitetin imtahanında iştirak etmək qorxu, qərarsızlıq və özgüvənsizliklə bağlıdır. Mən seçimi aparanda universitetlə yanaşı, yerləşdiyi şəhərə, şəhərin yaşayış şəraitinə və s. fikir verdim. Mən YÖS-ə hazırlaşmağa başlayanda Antalyada təhsil almaq istədiyimi deyirdim. Amma dost-tanışlar var idi ki, bir neçə imtahanda iştirak etdilər. Hətta deyirdilər ki, hansı universitetə, hansı fakültəyə qəbul olsam, ona gedərəm. Sırf bu cür seçim edib Türkiyəyə gələn çox tələbə tanıyıram ki, peşmandırlar, olduqları yerdən məmnun deyillər. Yanlış universitet, yanlış fakültə, yanlış şəhər seçimi peşmanlığa səbəb olub”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər