Unikal paralimpiyaçı - Portret

"Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyalar
uğrunda mübarizə yavaş-yavaş qızışmağa başlayır. Adəti üzrə, XVI paralimpiadada
da əsas ümid yerimiz atletika və cüdodursa, nəhayət, pauerliftinqdə tilsimi
qıracağımız gözlənilir. Son göstəricilər deməyə əsas verir ki, qarşıdan gələn
zirvə yarışında, ən azından, rekord sayda ağırlıqqaldıranla təmsil olunmaq
şansımız var. Belə ki, cari ilin fevralında Dubayda təşkil olunan Dünya kubokunda
iki medalla yadda qalan komandamız, 23-29 aprel aralığında Macarıstanda baş
tutan analoji yarışı üçü "qızıl" olmaqla, dörd mükafatla başa vurdu.
Mötəbər yarışa elə dörd nəfərlik heyətlə yollandığımızı nəzərə alsaq, nəticəni
sadəcə, bir sözlə dəyərləndirmək olar - möhtəşəm! Bu gün Eger
qəhrəmanlarımızdan biri, ən ağır çəkinin çempionu Şamo Aslanovla yaxından tanış
olacaqsınız.
"Əsas qələbəsini
qazanıb"
Adətən qəhrəmanlarımızdan kimi kumir seçdiyini soruşuruq. Fiziki
məhdudiyyətli idmançılarımız sualımıza əksər hallarda "İlham Zəkiyev"
cavabını verirlər. Aslanov da zənnimizi yanıltmadı. Əvəzində, qərara gəldik ki,
yazının formatında kiçik dəyişiklik edək. Beləliklə, tanıtıma həm də Milli
Paralimpiya Komitəsinin vitse-prezidenti və İntizam Komissiyasının sədri
postunu tutan məşhur paracüdoçumuzun fikirləri ilə başlayırıq:
"Paralimpiyaçıların əsas nailiyyəti cəmiyyətə inteqrasiya olunmasıdır.
Paralimpiya çempionluğu sonrakı məsələdir. Burada ilk addımı atmaq böyük iradə,
cəsarət tələb edir. Odur ki, Şamo artıq ən böyük qələbəsini qazanıb.
Onu bizim sıralarda addım atdığı ilk vaxtlardan tanıyıram. İntizamlı,
alicənab, əzmkar insandır. Bu templə davam eləsə, məncə, o, Paris
paralimpiadasında əsas medal ümidlərimizdən biri olacaq".

Pərt olan dostlar
Aslanov Şamo Novruz oğlu 23 mart 1983-cü ildə Qax rayonunun Zəyəm
kəndində dünyaya gəlib. Kənddə yerləşən tam orta məktəbə gedən Şamo, təhsilini
başa vura bilməyib. Səbəb isə uşaqlıqda başına gələn bədbəxt hadisədir. Belə
ki, o, 10 yaşında olarkən, tüfənglə ehtiyatsız davranışın nəticəsində ayağının
birindən məhrum olub. Bir insan, ələlxüsus da, bu yaşda uşaq üçün belə bir
acını qəbul etmək, duruma alışmaq sözsüz ki, çox çətin idi. Kənd uşaqlarına xas
aktiv həyat tərzi keçirən, hər gün dərsdən sonra yoldaşları ilə futbol
oynamağa, çayda üzməyə gedən Şamo, birdən-birə dörd divara məhkum olmuşdu.
Lakin valideynləri və qohum-əqrəbasının mənəvi dəstəyi ilə o, bir müddət sonra
ayağa qalxıb. Hətta yenidən üzməyə gedib, əsanın köməyi ilə futbol oynayıb. Bir
sözlə, məhdudiyyətini unudaraq, heç bir işdə yaşıdlarından geri qalmamağa
çalışıb. "Əlillik əngəl deyil" fikrini özünə təlqin edən Aslanov,
həyatın sonrakı sınaqlarından da üzüağ çıxıb: "Həyatımın geridə qalan
hissəsi boşuna keçməyib. Narazılıq üçün səbəbim yoxdur. Bir ayaqla çayı üzüb
keçirdim. Mənimlə üzməyə gedən bəzi yoldaşlarım isə bunu bacarmırdılar. Oturub
pərt-pərt baxırdılar (gülür). Uşaqlıqdan əkin-biçin və digər təsərrüfat
işlərindən də geri qalmamışam. Ailəmin dolanışığını təmin etmək üçün yük maşını
ilə kəndimizdən rayonlara ot aparıb satmışam. Bir dəfə bununla bağlı
televiziyadan məni çəkməyə gəlmişdilər. Lakin razı olmadım. Düşündüm ki, bunda
elə də böyük fərasət yoxdur. Bir az əzmi olan hər bir insan, belə vəziyyətlərə
uyğunlaşır".

Çoxlarının karyerasını bitirdiyi yaşda o, idmana başladı
34 yaşında pauerliftinqlə məşğul olmağa başlayan Aslanov, bu vaxta
qədər heç bir idman növündə özünü sınamayıb. Ümumiyyətlə, idmançı olmaq
haqqında fikirləşməyib. Ağırlıqqaldırmaya gəlişi sadəcə, təsadüf işidir. Belə
ki, o, üz tutduğu müalicə-bərpa mərkəzlərinin birində kamandan oxatma üzrə
paralimpiya komandamızın hazırkı baş məşqçisi İlqar Abbasovla tanış olur.
Qəhrəmanımızın ilk baxışdan diqqəti cəlb edən nəhəng fiziki göstəricilərini
nəzərə alan Abbasov, ona ağırlıqqaldırma haqqında məlumat verir. Könlünün
olduğunu hiss etdikdə, pauerliftinq yığmasının çalışdırıcısı İlqar İbişovla
əlaqə saxlayır. Deyir ki, sənin üçün əla tapıntım var. Beləcə, həmin günün
sabahı Sumqayıtda yerləşən Paralimpiya Kompleksinə gedən Şamonun gizli istedadı
ilk tapşırıqdaca üzə çıxır. İ. İbişov: "Çəkini çox rahat götürdü. Üstəlik,
gördüm ki, qolları da qüsursuz açılır. Sanki neçə illik təcrübəsi vardı".
2017-ci ilin fevralında hazırlıqlara başlayan Aslanov, cəmi üç ay
sonra Macarıstanda keçirilən Dünya kubokunda sınaqdan keçirilir. Yekunda 176
kiloqram göstərici ilə yadda qalır ki, bu, medal üçün yetərli olmasa da, ilk
cəhd üçün uğurlu nəticə hesab edilir. İlin sonunda Sumqayıtda keçirilən ölkə
çempionatında 190 kiloqram göstərici ilə ən güclü olan Aslanov, 2018-də baş
tutan beynəlxalq yarışlarda əliboş qalsa da, "Azərbaycanın 1 nömrəsi"
statusunu heç kimə güzəştə getmir. Yuxarıda qeyd etdiyimiz kimi, cari ildə
qatıldığı iki Dünya kubokunda üst-üstə altı medal qazanan para-pauerliftinq
komandamızın ən məhsuldarlarından biri qəhrəmanımızdır. Belə ki, 215 kiloqram
göstərici ilə Eger mücadiləsini qalib başa vuran 36 yaşlı Aslanov, Dubayda 206
kiloqramı ram edərək, "bürünc"ə yiyələnmişdi. İki ay ərzində
nəticəsini 9 kiloqram yaxşılaşdırmaqla, o, reytinqdə yeddinci pilləyə yüksəlib.
Bu yeri qoruyacağı təqdirdə, Tokioya lisenziya qazanacaq. İbişovun qənaətincə,
Şamo nəticəsini beş kiloqram da yaxşılaşdırsa, "səkkizlik"dəki yerini
tam sığortalayacaq: "Belə qısa vaxtda bu qədər irəliləmək asan iş deyil.
220-225 kq arası nəticə lisenziya üçün bizə bəs edəcək. Məncə, o, bunu
bacaracaq. Məşqlərdə 220 kilo qaldırıb. İndiki məqamda bu birincilik çox
lazımlı idi. Fikir verirəm, stimulu xeyli yüksəlib".
Qeyd edək ki, Aslanovdan başqa, Pərvin Məmmədov və Elşən Hüseynovun
qızıl, Nurlan Babacanovun isə bürünc medal qazandığı son Dünya kubokunda
kişilərdən ibarət millimiz yekun hesabda bütün ölkələri qabaqladı.

İdman - yeganə iş
Tokio paralimpidasınadək ən mötəbər yarış iyulda Qazaxıstanda
keçiriləcək dünya çempionatıdır. Lisenziyaların da taleyinə böyük ölçüdə burada
aydınlıq gələcək. İndiki məqamda DÇ medalının əlçatan olmadığını düşünən Şamo,
sadəcə, nəticəsini yaxşılaşdırmaq haqqında düşünür: "Vaxt azdır, riskə
getmək istəmirəm. Mənim üçün önəmli olan lisenziyadır. Bundan sonra oyunlara
hazırlaşmaq üçün xeyli zamanım olacaq. Bir il ərzində bütün diqqətimi məşqlərə
yönəldib, Tokiodan medalla dönməyə çalışacağam".
Rayon İcra Hakimiyyətindən diqqət göstərildiyini, doğmalarının
hərtərəfli dəstək nümayiş etdirdiyini deyir. Son iki ilədək əkin-biçin işləri
ilə məşğul olan, qazancını əsasən bu yolla təmin edən Şamo, hazırda bütün
diqqətini idmana verib. Doğma kəndində yaşayan qəhrəmanımız, məşqlərini
qardaşının dəstəyi ilə Qax Olimpiya-İdman Kompleksində davam etdirir.

Atasının yolunu tutmaq
istəyən Ağabəy...
Şamo, 2007-ci ildə ailə həyatı qurub, iki övlad atasıdır. Qızı Nazlı
9, oğlu Ağabəy 6 yaşındadır. Övladlarını ali təhsilli görmək istəyən Aslanov,
bununla belə, "işdir, idmana qarşı həvəsli olsalar, əngəl
olmayacağam" deyir: "Nazlı dərslərini yaxşı oxuyur. Ümumiyyətlə,
istedadlı uşaqdır. Əlimdən gələn qədər dəstək olacağam ki, ali təhsil alsın.
Ağabəy isə çox dəcəldir. Deyir ki, mən də sənin kimi idmançı olacağam. Əsas da
ağırlıqqaldırmanı bəyənir".

Portret
Barəsində "unikal idmançı" ifadəsini işlətsək, yanılmarıq.
Fiziki məhdudiyyətlilərin ən möhtəşəm yarışında qocaman mükafatçılar yetərincə
olsa da, onun yaşında idmana başlayan, bu azmış kimi, qısa müddətdə uğur
qazanan paralimpiyaçılar bir əlin barmaq sayını çətin keçər. İlqar İbişov isə
əlavə edir ki, belə nümunə ilə heç vaxt rastlaşmayıb. Belədə sual yaranır:
Tokio paralimpiadası niyə də onun üçün medalla əlamətdar olmasın?!
Sahib
