AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ukraynanın bir qrup deputatı Azərbaycanın Vətən müharibəsinin ildönümü ilə bağlı açıqlama yayıb

Ukraynanın bir qrup deputatı Azərbaycanın Vətən müharibəsinin ildönümü ilə bağlı açıqlama yayıb

Cəmiyyət
27 Sentyabr 2021, 10:39 118

"Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: yad torpaqların ələ keçirilməsi hər şeyə qadirliyin əlaməti deyil, təcrid olunmanın müjdəçisi idi. İndi ərazilərin işğalına və insan itkilərinə son qoymalıyıq".

Bu fikirləri Ukrayna Ali Radasının (parlament) hakim "Xalqın xidmətçisi” partiyasından deputatlar Yuriy Kamelçuk, Lyudmila Marçenko və Maryan Zablotskiy "Report”un Şərqi Avropa bürosuna Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin (İkinci Qarabağ müharibəsi) başlamasının ildönümü ilə əlaqədar ünvanlanan müraciətdə deyiblər.

Müraciətdə bildirilib ki, ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri "dondurulmuş" terminilə adlandırılan münaqişə ocaqlarıdır:

"Təəssüf ki, bu yeni termin Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Donbasdakı torpaqlara yalnız xaos gətirdi. Ukraynada (Donbas) bu münaqişə hələ də həll edilməyib. Azərbaycan dövləti isə buna son qoydu. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının Bəyannaməsinin və ümumiyyətlə, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Sivil əhalinin dəhşətli itkilərinə, raket hücumlarına məruz qalmalarına baxmayaraq Azərbaycanda xalq və dövlət ədaləti cəsarətlə bərpa etdi. Bu, postsovet məkanında dondurulmuş münaqişələrin həllinə dair bir neçə nümunədən biri idi. Dünya yeni bir dövrə qədəm qoydu, yad torpaqların ələ keçirilməsi hər şeyə qadirliyin əlaməti deyil, təcrid olunmanın müjdəçisi idi. Nəhayət, ərazilərin işğalına və insan tələfatına son qoymaq lazımdır. Bu gün həm Ukraynanın, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımızın xatirəsini dərin hörmətlə anırıq! Zəfər naminə, övladlarının gələcəyi naminə həlak olan bu böyük insanlar daim xatirimizdə yaşayacaqlar”.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.