Tutdu yıxılmağa qorxduğu yerdən və... - Peşə
Nərmin
Dadaşova: "Zövqünlə, maraqlarınla, əhval-ruhiyyənlə, hövsələnlə və özünlə
baş-başa qalırsan”
Yaşadığı hadisədən sonra psixoloji sarsıntı
keçirib. 2 ilini xəstəliyə sərf edib. Deyir ki, bu dönəmdə özünəinamını, həvəsini,
həyat eşqini, maraqlarını itirib. Bomboş, əlindən heç nə gəlməyən, gününü
yatmaqla və ağlamaqla keçirən birinə çevrilib. Ta ki qaranlıqdan sızan o işığı
tutana qədər... Boyunbağısının, qırılıb masaya dağılan muncuqları həyatının
dönüş nöqtəsi olub. O gündən də nizama salmağı, səbir etməyi, nəticəni gözləməyi
öyrənib. Özü də oymaqsız, əllərini deşə-deşə…
Müsahibimiz "Oymaqsız” əl işlərinin yaradıcısı Nərmin
Dadaşovadır. Nərmin 1992-ci ildə anadan olub.
Əvvəllər Nərmin Hüseynzadə imzası ilə dövrü mətbuatda məqalələri, esse və
hekayələri ilə görünən Nərmin Dadaşova,
daha sonra köşə yazıları ilə mətbuatda çıxış etməyə başlayıb. Həmsöhbətimiz
Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Nərmin xanım,
"Oymaqsız” necə ərsəyə gəldi? Belə bir istedadınızın olmasını necə kəşf
etdiniz?
- İçimdə həmişə bir şeylər yaratmaq, düzüb-qoşmaq,
nəyisə-nəyəsə calamaq eşqi olub. Uşaqlıqdan piano dərslərinə getdim, idmanla məşğul
oldum, şahmat oynadım, toxumaq öyrəndim,
rəsm çəkməyə cəhd etdim. Ancaq heç birində özümü tapa, tam olaraq ifadə edə
bilmirdim. Daimi bir axtarış içində idim, nə isə var idi ki, mən orada özümü
tapacaq, ifadə edəcəkdim, amma nə idi, bilmirdim. İnşa müsabiqələrinə qatılır,
şeir oxumağı sevirdim. Ədəbiyyat müəlliməmin mənimlə bağlı ümidləri böyük idi. Bilmirəm
nəyə görədir, bu qədər məşğuliyyət arasından "yazmaq”da ilişib qaldım və kiçik
esselər, hekayələr, sonra köşə yazıları ilə mətbuatda göründüm. Bu günə qədər
özümü ən uğursuz gördüyüm sahə, məhz tikiş tikmək idi (gülür). "Düymə belə tikə
bilməmək” nümunəsi var. Eynən də bu mövzudakı bacarığım belə idi. Hər şeyin öz
axarında getdiyi bir dönəm idi. İşləyirdim,
yazılar yazırdım. Yaşadığım ağır bir dost itkisinin təsirindən psixoloji
sarsıntı keçirdim. Əvvəlcə sıradan bir depressiya kimi görünən əhval dəyişikliyi,
uzun sürən müayinələrdən sonra "Bipolor” pozuqluq diaqnozu ilə həyatımı dəyişdi. Diaqnozla tanışlıqdan sonra uzun zaman özümdə
olmadım. Geri-geri yaşadım sanki. Özünü tapa bilməmək, qəfil gələn enerji
partlaması ilə bacarmadığım işlərə girişmək (gülür), bəzən gərəksiz özünəinam, "hər
şeyi bacararam, edərəm” ədaları və s. Sonra bütün bunları izləyən, özünəinam
itkisi, zəiflik, durğunluq, bacarıqsızlıq, göydən yerə çırpılma ağrısı -
hamısını analiz etdim. Hər şeyi buraxdım - işləməyi, yazmağı, oxumağı.
Axtardığım bunlar deyildi, bunun fərqində idim.
Həmin durğun zamanlardan birində, evdə əlimin altında olan parça
qalıqlarından qızlarım üçün kuklalar hazırlamağa başlamışdım. Bir dəfə
hazırladığım gəlinciyə baxan doğmam, yaxamdakı sevimli aksesuarımı göstərib, "bunu
da özün hazırlayıbsan” soruşub gülümsədi. "Bircə o qalmışdı” dediyimi
xatırlayıram (gülür). Ancaq elə bil bu fikir beynimin bir küncündə ilişib
qalmışdı. Bir gün, sevimli boyunbağım qırıldı və mən o dağılmış muncuqları
tullamaq əvəzinə, balaca bir parçada bir araya gətirib tikməyə başladım.
Qızımın filə oxşatdığı bu fiqur mənim ilk işim oldu. Tikişdə çox təcrübəsiz
olduğum üçün əvvəllər əllərimi çox zədələyirdim. Oymaqdan da istifadə edə
bilmirdim, hövsələm daralırdı əlimdəki əşyadan. Ona görə də "Oymaqsız” adı ilə
davam etdim.
"Gözünüzün
işığı” adlandırdığınız əl işlərinizin hazırlanma prosesi ilə bağlı məlumat verərdiniz.
Çətinlikləri və sizə qazandırdıqları nədir?
- Xarakter
etibarı ilə özümü həmişə səbirsiz biri kimi tanımışam. Heç vaxt ağlıma gəlməzdi
ki, bu qədər xırda, diqqət tələb edən, zaman alan bir işlə məşğul ola bilərəm.
Təbii olaraq, əvvəlcə yaxşı alınmırdı. Ancaq maraqlısı o idi ki, həvəsdən
düşmürdüm. Söküb, dəfələrlə yenidən başladığım oldu. İş prosesi xeyli zamanımı
alır. Məsələn, bir broş hazırlamaq üçün 5-6 saat çalışdığım olur. Bir də
baxırsan, işin sonuna yaxın bir səhv ucbatından yarısını sökməli olursan.
Burası fəlakətdir (gülür). Ancaq ən sonda ürəyimcə olan bir nəticəni əlimə
almaq, çox möhtəşəm hissdir. Çox maraqlıdır, əlinin altında rənglər və sənin
fantaziyan var. Zövqünlə, maraqlarınla, əhval-ruhiyyənlə, hövsələnlə və özünlə
baş-başa qalırsan.
Bir
paylaşımınıza başlıq olaraq, Salam Sarvanın "Tutdum yıxılmağa qorxduğum yerdən”
misrasını yazıbsınız. Yıxılmağa
qorxduğun yerdən tuta bilmək mümkündürmü?
- Mənim o
dövrlərdə ən çox qorxduğum özümlə tək qalmaq idi. Çünki özümü sorğu-suala
tuturdum. "Niyə belədir, niyə bu mənim başıma gəlir, mən nə edəcəyəm, bu yolun
sonu məni hara aparacaq, necə toparlanacağam” deyə düşünürdüm. Düşüncələrin
çoxluğu o qədər ağır gəlirdi ki, mənə. Bəzən suyun altından çıxıb, bir neçə dəqiqə
nəfəs alıb, sonra yenə dalmağa razı kimi hiss edirdim. Bu iş mənim üçün o nəfəs
oldu. Yeni başlayanda, ən durğun dönəmlərdə işləyə-işləyə muncuqları sayırdım.
Sayı itirməyim deyə, başqa heç nə düşünmürdüm, ancaq saya fokuslanırdım. Bu, həmin
o nəfəs idi. Özümə zaman tanıdım. Qəbul etdim. Həm də çox gözəl, incə bir peşəyə
sahibləndim. Bir də kiminsə yaxasında, üzərində öz işini görəndə, insan çox
yaxşı bir hiss keçirir. Gözüm həmişə nəsə axtarır, yeni bir fikir, yeni bir rəng,
ideya axtarışında olmaq yaxşı hiss etdirir. Çox arzulayıram ki, "Oymaqsız”ı
brendə çevirə bilim.
Xəstəliyin gətirdiyi
depressiya, ağrı ilə yaşamaq insan necə güclü insana çevrildi?
- Təəssüf ki, hələ də bununla bağlı uğur hekayəmi
paylaşa biləcək yerə gəlib çata bilməmişəm. Xəstəliyi yenməyin ilkin mərhələsi
doğru təyin olunmuş dərman müalicəsi və psixoterapiyadır. Və sonra da təbii ki,
ətrafdakıların dəstəyi. Bu iki faktor birlikdə varsa və üstəlik, ora sənin
sağalmaq istəyin əlavə olunursa, düşünürəm, o zaman qalib olan tərəf sən
olacaqsan. Uzun yorucu bir yol olsa da, bir gün bitir, buna da inanıram.
Depressiyada, çətinlikdə, hansısa xəstəliklə
mübarizədə olan insanlara nə demək istəyərdiniz?
- Mən ümidsizliyin, çarəsiz, dəyərsiz hiss etmənin
nə demək olduğunu o qədər yaxşı bilirəm ki... Bu halları yaşamış insanlara ilk
sözüm "Səni başa düşürəm” olur. Depressiya elə bir ağrıdır ki, sən onu ifadə edə,
ağrıyan yerini kiməsə göstərə bilmirsən. Nə ovmaqla, nə ovutmaqla keçmir. Sanki
beyninə, düşüncələrinə dəmir bir zireh çəkilir, heç nə ora batmır, bata bilmir.
Düşdünsə o qaranlığa, gözünü dörd açsan da, yumsan da qaranlığı yaşayacaqsan.
Əsas məsələ bir gün kiçik bir dəlikdən içəri sızacaq işığı gözləyə bilmək, onun
üçün yol aça bilməkdədir. Belə hallarla üzləşən insanlara ilk olaraq həkimlə
dost olmaqdan çəkinməməyi tövsiyə edirəm. Kömək istəmək, yardıma səsləyə bilmək,
yardıma uzanan əldən tuta bilmək, sənə uzanan o işığın otağa dolması üçün çaba
göstərmək - bu artıq yolun yarısını qət etməkdir, deyə düşünürəm. Təəssüf ki, bəzən
bunları etmək mümkünsüz kimi görünə bilir. Həmin mümkünsüzlüyə qurban
verdiyimiz dostlarımız az olmayıb. İnsanları bir-birinə qarşı duyğulu olmağa,
hisslərinə, yaşantılarına hörmətlə yanaşmağa, ittiham etmədən dinləməyə çağırıram.
Bizim bizdən başqa kimimiz var ki?..
Aygün ƏZİZ