• cümə axşamı, 28 mart, 18:13
  • Baku Bakı 13°C

Türkiyənin Bamsı Beyrəyi olacaq aktyor - Fotolar

31.07.19 09:30 17646
Türkiyənin Bamsı Beyrəyi olacaq aktyor - Fotolar
22-28 iyul tarixlərindəTürkiyənin Bayburt şəhərində 25-ci dəfə Beynəlxalq Dədə Qorqud Festivalı keçirildi. Festivala Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə qatıldıq. Böyük şənlik formatında hazırlanan festivalda tarixi qəhrəmanlar və Bayburtda dəfn olunduğu deyilən Bamsı Beyrəklə bağlı hazırlanan səhnəciyi izlədik. Bu tədbirdə Bamsı Beyrəyin obrazını canlandıran türk aktyoru Turan Çakırla tanış olduq. Onunla söhbət etmək üçün gün təyin etdik. Müsahibə günü böyük bir çadırın hazırlandığını və Turan bəyin bizi Bamsı Beyrəyin geyimində qarşıladığını gördükdə təəccübləndik. Özümüzü bir anlıq həmin dövrdə hiss etsək də, söhbətimiz Türkiyənin yeni dönəm serialları və tarixi qəhrəmanların obrazları ilə bağlı oldu. Qeyd edim ki, müsahibimiz TRT kanalında nümayiş olunan "Diriliş Ertoğrul” serialında döyüşçü rolunu oynayır. Turan Çakır Bayburtun Mədəniyyət və Turizm müdiri Bekir Kurtoğlunun layihəsi olan Bamsı Beyrəklə bağlı filmdə baş rolu canlandırır.Turan Acar 1980-ci ildə Bayburtda doğulub. Buranın daşının, torpağının tarix qoxuduğunu və özünü bu torpağın bir parçası hesab etdiyini deyir. 5 ildir film sektorunda fəaliyyət göstərsə də "Aşkın yolculuğu”nda 20, "Diriliş Ertoğrul” serialında isə 30 bölümdə rol alıb.

- Turan bəy, niyə məhz Bamsı Beyrək?
- Doğma torpağımda belə bir festival keçiriləcəyini və burada Bamsı Beyrəyi canlandırmaq təklifi aldıqda çox sevindim. Biz bu torpaqlarda uşaqlığımızdan bəri Bamsı Beyrəyin, Dədə Qorqudun adını eşidərək böyümüşük. Məlumat üçün bildirim ki, sizin "Diriliş Ertoğrul” serilaında izlədiyiniz o Bamsı mənim canlandırdığım Bamsı Beyrək obrazı deyil. Bunlar tamamilə fərqli xarakterlədir. Bəzən insanlar bunları səhv salırlar. Bamsı Beyrək bu coğrafiyada yaşamış, Bayburt qalasını fəth etmək üçün qalaya gəlib və 16 il burada əsir həyatı yaşayıb. Ömrünün üçdə birini zindanda keçirib. Qalanı fəth edib, bu bölgənin bəyi olan bir qəhrəmandır. Dədə Qorqudun hekayəsində ən önəmli xarakterlərdən və fiqurlardan biridir. "Dədə Qorqud” dastanının boylarında Bamsı Beyrək xüsusi önəm kəsb edir. Qəhrəmanlığı, qorxusuzluğu, zalımları qarşı olması ilə əfsanəyə çevrilib.

- Hər bir aktyorun arzusu qəhrəman obrazlar yaratmaqdır. Yəqin ki, siz də o aktyorlardansınız.
- Biz tariximizi eşqlə oxuyan millətik. Hər bir türkün ağlının bir küncündə qəhrəmanlıq dastanı yatır. Əlbəttə ki, özlərini o dastanların bir parçası olaraq görmək arzusu ilə yaşayırlar. Bu, bir coğrafiyaya yayılmış ana təməl ünsürlərindən biridir.

- Nə üçün rejissorlar sizi ancaq tarixi qəhrəmanlara bənzədirlər?
- Yəqin ki, xarici görünüşüm buna imkan verir. Demək, görünüşüm o dövrün qəhrəmanlarına bənzəyir. Hazırda günümüzdə tarixi filmlər daha aktual və reytinqlidir. Bu baxımdan mənə görünüşüm sərf edir. Bu günə qədər eşq, komediya və bir çox səpkidə olan seriallardan təkliflər alsam da, daha çox tarixi qəhrəmanlara üstünlük vermişəm.

- Bəs maddi gəlir?
- Maddiyyat mənim üçün hər zaman ikinci planda olub. Misal üçün, hazırda Bayburtda Bamsı Beyrəyi canlandırıram və bu işdən zövq qalıram. Bunu öz torpaqlarıma dəstək göstərmək üçün edirəm. Bu layihədən heç bir təmənnam yoxdur. Təbii ki, rolun da xarakterinin böyük önəmi var. Məsələn, Bamsı Beyrəyi oynadıqdan sonra, hər hansı komediya və eşq seriallarında yüngül bir obrazda oynaya bilmərəm. İnsanların yaddaşında qəhrəman kimi qalmaq istəyirəm. Bundan sonra canlandıracağım obrazlarda Beyrək obrazına xələl gətirməməyə çalışacağam.
- Sizcə, bu gün tarixi filmlər niyə daha çox reytinq toplayır?
- İnsanlar sevgi hekayələrini dinləyib yorulublar. Artıq onların maraq dairələri də fərqlidir. İndi insanlara bu zamana necə gəlib çıxdıqları, hansı çətinliklərdən keçdikləri daha maraqlıdır. Atalarımız bu torpaqlarda nələr edib, hansı şərtlərdə yaşayıb, hansı şəraitdə bir cəmiyyət qurub və bu günə gəlib çıxıb? Bu kimi suallara cavab tapmaq üçün tarixi seriallara daha çox meyl edirlər. Bu, tamamilə istək və tələb məsələsidir. Tələbi qarşılayacaq olan prodüserlər isə tamaşaçının tələbatına uyğun məhsul hazırlayırlar. Serialın bir neçə bölümünü çəkir və tamaşaçıların ixtiyarına buraxırlar. Çəkilən bölümlər reytinq verirsə, işi davam etdirilər. Beləliklə, bir ildə bitməli olan layihə 5 ilə qədər uzanır. İstək olarsa, bəlkə 10 il davam edəcək.
- Türkiyədə məşhur olmaq bir aktyor üçün çox asandır. Uğur qazanarsa, o serial dünyaya açılır və şansınız gətirir.
- Təbii ki, hər bir aktyor məşhur olmaq istəyir. Ancaq istəməklə iş bitmir. Bunun üçün çalışmaq və əmək sərf etmək lazımdır. Bizim elə bir istəyimiz yoxdur. İnsanlara yararlı ola biləcək layihədə yer aldığınız zaman, inanın ki, şan-şöhrət, pul hamısı ikinci plana keçir. Qarşınızdakı insana nələrsə öyrədə, nələrsə verə bilirsinizsə, bu, hamısına bədəl olur. Elə də məşhur olmaq, tanınmaq kimi bir hədəfim yoxdur. Olursa, olmasın demərəm, amma ana hədəfim bu deyil. Ana hədəfim büründüyüm xarakteri qarşımdakı insana izah edə bilməkdir. Bunu edə bilirəmsə, işimi görmüş olaram.
- Tarixi qəhrəmanları canlandıran aktyorların da işi bir qədər çətinidir - at çapmaq, ox atmaq, qılınc oynatmaq, döyüş səhnələrinə bələd olmaq asan deyil. Sizə bunları çalışdığınız film şirkətlərimi öyrədiblər?
- Adi yoldan keçən hər hansı insana qəhrəman geyimləri geyindirsəniz, onun duruşu, baxışı istər-istəməz dəyişəcək və özünü qəhrəman kimi aparmağa çalışacaq. Bu özəlliklər insanlarımızın sanki sümüyünə işləyib. Biz tarixi bağımızı heç bir zaman qoparmamışıq. Ona görə də, belə bir fiqur görəndə onu asanlıqla həyata keçirə bilirik. O ki qaldı aktyorun bacarıqlarına, biz kənardan gələn, ikinci, üçüncü dərəcəli aktyorlar olduğumuz üçün artıq seriala gələndə bütün bunları öyrənib, hazır gəlirik. Və şirkət bizim üzərimizdə xüsusi olaraq çalışmır. Ancaq baş rolları canlandıran aktyorlara özəl müəllimlər tutulur, öyrədirlər.

- "Diriliş Ertoğrul” serialında obrazınızı yeni mövsümdən davam etdirəcəksiniz?
- "Diriliş Ertoğrul” serialının final bölümü yayımlandı. Bundan sonra "Diriliş Osman” olaraq davam edəcək və Osmanlı imperiyasının yaradılması prosesi göstəriləcək. İnşallah, layihənin içərisində yer almağa davam edərəm. Yeni mövsümdə böyük sürprizlər var, biz də maraqla gözləyirik.
- Adətən belə serial təklifləri necə gəlir? Sizin özünüzlə əlaqə saxlanılır, yoxsa bu işdə prodüserlərin üzərinə böyük yük düşür?
- Prodüserlər bizim rəsmlərimizi agentliklərə təqdim edirlər. Təşkilatçılar şəkillərə baxıb, seçimlərini edir və aktyorların prodüserləri ilə danışırlar. Belə layihələrdə birbaşa olaraq bizim özümüzlə əlaqələr qurulmur. Rolun haqqını verə biləriksə, iştirak edir, agentliklə müqavilə imzalayırıq.

- Serialın çəkiliş prosesində yəqin ki, çətinlik çəkdiyiniz məqamlar da olub.
- Çəkiliş prosesində bir çox hadisələr yaşamışıq, onlardan bəziləri pis sonluqla bitib. Misal üçün, döyüş səhnələrində yıxılanlar, özlərini zədələyən həmkarlarım çox olub. Ertoğrulun qardaşı Gündoğdu rolunu canlandıran aktyor atdan yıxılıb qolunu qıranlardan idi. Ümumiyyətlə, tarixi filmlərdə rol almaq çox çətin, məşəqqətli və bir o qədər də zövqlü bir işdir. Geyimlərimiz çox ağırdır, onları daşımaq və üstəlik o geyimlərdə obraza girmək bir qədər çətindir. Qış çox sərt, soyuq olur, yayda isə istidə qalın geyinmək məcburiyyətində qalırıq. Hər bir çətin işin gözəl tərəfi var. Bizim də işimiz budur, bu çətinliyə qatlaşmaq məcburiyyətindəyik.

- Sizcə, hər bir aktyor tarixi obrazları oynaya bilərmi?
- Bacarmaz. Tarixi obrazlara can vermək sevgi və eşqlə bağlı olan bir şeydir. Tarixi mənimsəməyən biri qəhrəman obrazının öhdəsindən gələ bilməz.
- Bəzən serialın tarixə əsaslanmadığını və şişirtmələr olduğu deyilir. Məsələn, Ertoğrulun təkbaşına bir orduya qalib gəlməsi kimi səhnələrin çox şişirdildiyi iddia olunur.
- Biz öz mədəniyyətimizdən belə qəhrəmanlar çıxarmaq əvəzinə onları ittiham etməyə başlayırıq. Rembo böyük bir ordunu təkbaşına yox edərkən, kimsə çıxıb demədi ki, yalandır, bir insan təkbaşına silahlı ordunu yox edə bilməz. Tariximizdə belə qəhrəmanlar var. Əlbəttə ki, qəhrəmanların da edə biləcəklərinin bir sərhədi var. Ancaq tariximizə boylansaq, əcdadımızın bir qisminin belə şir ürəkli olduğunun şahidi olarıq. Belə ki, bir nəfərin 30 insanı öldürdüyü, zərərsizləşdirdiyi bir çox tarixi döyüşlərimiz olub, bu, faktdır. Biz öz mədəniyyətimizdən çıxan bir çox dəyələrimizin qədrini bilməliyik. Bu xüsusiyyətimizi tərgitməliyik. Amerika Rembosunu necə parladıb bizə sata bilirsə, biz də öz qəhrəmanlarımızı onların bütün müzakirələrinə baxmayaraq parladıb onların qarşısına çıxara bilərik.Bundan başqa Yeşilcam dönəmlərində çəkilən filmlərdə Cüneyt Arkın, qarşısına çıxanı zərərləşdirirdi. Çəkildiyi bu filmlər onu qəhrəmana çevirmişdi. O zaman heç bu fikirlər səsləndirilmirdi. Dəyərlərimizə sahib çıxmalı və onu qəbul eləməliyik. Biz bu coğrafiyada bu qəhrəmanlıqları yaşatdıq və yaşadırıq.

- "Aşkın yolculuğu” serialında da bir müddət sizi gördük. Bu layihə sizə nə qazandırdı?
- Bu serialın 20 bölümündə rol aldım və orduda çalışan əsgəri canlandırırdım. Yunus Emre bir layihə idi, istədiyinə nail oldu və bitdi. Çox gözəl layihə idi. Bu serial cəmiyyətə gözəl mesajlar verdi. Tariximizlə bağlı olan hər məlumatı tarixi seriallardan öyrənə bilərik. Gənclərimizə və gələn nəslimizə bu serialları izlətməliyik.

- Gələcək üçün hər hansı layihələriniz varmı?
- Biz hazırda Bayburtda Bamsı Beyrək filminin üzərində çalışırıq. Bayburtun Mədəniyyət və Turizm müdiri Bekir Kurtoğlunun layihəsi ilə film çəkilişlərinə başlamışıq.

- Bamsı Beyrəyin həyatı və yaşam tərzi ilə bağlı nələr bilirsiniz?
- Bamsı Beyrək 16 illik bir zindan həyatı yaşayıb. Onunla bağlı bir neçə filmləri izləmişəm. Bizim yer aldığımız layihə isə ya qısa film, ya da sənədli bir film olacaq. Onun bu coğrafiyada nələr etdiyini, zindan həyatını necə keçdiyini, qala komandirinin qızını özünə necə aşiq etdiyini göstərəcəyik. Onun haqqında olan rəvayətləri oxudum, araşdırdım. Misal üçün, Bamsı 9 yaşından at çapmağa başlayıb, 20-30 düşmənə necə qalib gəldiyini oxudum. Atasının karvanını basan düşmənləri necə yox etdiyi, böyük bir orduya təkbaşına qalib gəldiyi haqda oxumuşam. Bu, geniş bir mövzudur, danışmaqla bitmir.

- Bəs Azərbaycanda çəkilən "Dədə Qorqud” filmini necə, izləyibsinizmi? O filmdəki Bamsı Beyrək rolunu analiz eləmək imkanınız olubmu?
- Təəssüf ki, izləməmişəm, onun haqqında eşitmişəm. Ancaq hələ ki, zamanım var, çalışacağam ki, izləyim.

- Azərbaycanda olubsunuz?
- Azərbaycanda olmamışam. Bu tarixi torpaqda da olmağı, Xəzər dənizinin sahillərini görməyi çox istəyirəm. Bilirəm ki, bu məmləkət öz tarixinə, keçmişinə sahib çıxır. Sosial mediadan Azərbaycanın il ötdükcə inkişaf etdiyini eşidirik. Təbii ki, bu da bizləri sevindirir. Biz Azərbaycanla tək millət iki dövlətik.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər