Türkiyə diplomatiyasının gücü - TƏHLİL
Rusiya-Ukrayna münaqişəsində Qərb dövlətləri vasitəçilik
və sülh təkliflərinə etinasız yanaşdığı halda, həm Rusiya, həm də Ukrayna
lideri Türkiyə dövlət başçısının çağırışına səs verir, ona inanır, böyük etimad
göstərirlər.
Bir aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi
hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub. Ukraynanın bəzi yaşayış məntəqələri
işğal olunub, şəhərlər, qəsəbə və kəndlər, infrastruktur artilleriya atəşinə məruz
qalıb. Böyük insan tələfatına yol açan bu müharibənin dayandırılması üçün ABŞ, İngiltərənin
dövlət başçıları, Avropa ölkələrinin rəhbərləri Rusiya prezidenti Vladimir
Putinlə, Ukrayna prezidenti Volodimir Zelenski ilə təmaslar qurur, hər iki tərəfi
danışıqlar masası ətrafında müzakirələrə cəlb etmək istəyirlər. Türkiyə və Azərbaycan
prezidentləri də vasitəçilik təklifləri ilə çıxış ediblər.
İsrarlı vasitəçilik təklifləri
Hələlik Putinlə Zelenskinin bir araya gəlməsi baş
tutmayıb. Rusiya-Ukrayna nümayəndə heyətlərinin Belarus və Polşa sərhədi
yaxınlığında, həmçinin videoformatda keçirdiyi görüşlər də real nəticə verməyib.
Yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın israrlı təkliflərindən, hər
iki tərəflə təmaslarından sonra Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə
xarici işlər nazirlərinin yüksək səviyyəli görüşü keçirilib. Bundan əvvəl
martın 6-da isə Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Antalya
Diplomatik Forumu çərçivəsində martın 10-da Sergey Lavrov, Dimitro Kuleba və
Mövlud Çavuşoğlu arasında keçirilən görüş 1,5 saat davam edib. Ardınca tərəflər
mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar. Türkiyənin
Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu görüşdən iki gün sonra bəyan edib ki,
prezident V.Putin həmkarı R.T.Ərdoğanla telefon danışığı zamanı Ukrayna lideri
V.Zelenski ilə görüşə qarşı olmadığını söyləyib. O, Türkiyənin Rusiya və
Ukrayna liderlərinin görüşünü təşkil etməyə çalışdığını vurğulayıb. Hələ
müharibə başlamazdan əvvəl də Türkiyənin belə səylər göstərdiyini xatırladan M.Çavuşoğlu
bildirib ki, Ukrayna tərəfi belə bir görüşə hazırdır.
Türkiyəyə bəslənən böyük etimad
Bir neçə gün bundan öncə isə BMT-nin baş katibi Antonio
Quterreşlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında telefon danışığı baş tutub.
Baş katib Rusiya və Ukrayna arasında vasitəçiliyə görə Türkiyə prezidentinə təşəkkür
edib. R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsində atəşkəsə
nail olmaq, sülhün bərqərar olması, eləcə də Ukraynaya humanitar yardımın göstərilməsi
və insanların bu ölkədən çıxarılması üçün intensiv səylər göstərir. Bütün bu
sadalanan faktlar Türkiyənin gücünü, prezident R.T.Ərdoğanın regionda və
dünyada artan nüfuzunu bir daha nümayiş etdirir. Qərb dövlətlərinin vasitəçilik
və sülh təkliflərinə etinasız yanaşdığı halda, həm Rusiya, həm də Ukrayna
lideri Türkiyə dövlət başçısının çağırışına səs verir, ona inanır, böyük etimad
göstərirlər.
Barışdırıcı mövqe
Politoloq
Toğrul İsmayıl mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib
ki,
Ukrayna-Rusiya gərginliyinin müharibəyə çevrilməməsi üçün rəsmi Ankara ilk gündən
diplomatik və siyasi səylər göstərib, müxtəlif danışıqlar aparıb. Onun sözlərinə
görə, R.T.Ərdoğan müharibə başlamazdan əvvəl Ukraynaya səfər edib, V.Zelenski
ilə görüşüb, Rusiya lideri V.Putinlə danışıqlar aparıb: "Bu cəhdlərə rəğmən,
Rusiya öz ağlı çərçivəsində siyasətini davam etdirib. Halbuki Türkiyə
Moskva-Kiyev gərginliyinin müharibəyə çevrilməməsi üçün maksimum səviyyədə əlindən
gələni edib. 2014-cü ildə Krım böhranı yarananda ardınca Luqansk və Donetskdə
proseslər baş qaldıranda da Türkiyə barışdırıcı mövqe sərgiləyib. Rəsmi Ankara
problemin Avropa İttifaqı, ümumən Qərblə Rusiya arasında olduğunu vurğulayaraq,
Moskva və Kiyev arasında maksimum səviyyədə vasitəçilik edib. Ortadakı gərginliyin
danışıqlar masası ətrafında, diplomatik üsulla həllinə tərəfdar olub. Türkiyə
daim beynəlxalq hüquq prinsiplərinə üstünlük verib. Məhz buna görə də Krım
Muxtar Respublikasını Ukraynanın ərazisi kimi tanımaqda davam edib. Türkiyə
Ukraynanın ərazi bütövlüyünə dəstək verib”.
Dialoq üçün açıq qapı
Politoloq söyləyib ki, Türkiyənin Rusiya ilə
münaqişəli məsələləri böhrana çevirməmək kimi təcrübəsi var. Onun fikrincə, ən
çətin və problemli məsələlərin həllində belə, bir araya gəlmək, diplomatik
qaydada çıxış yolu tapmaq kimi təcrübə var: "Belə olan halda Türkiyənin həm Ukrayna
ilə strateji müttəfiqliyi, həm də Rusiya ilə yüksək səviyyəli iqtisadi, siyasi əlaqələri
hər iki ölkə üzərində təsir imkanlarını artırır. Türkiyə kimsədən asılı olmadan
müstəqil siyasət həyata keçirir, ölkələrarası münasibətlərdə beynəlxalq hüquq
prinsipini, qarşılıqlı və bərabərhüquqlu maraqların təmin edilməsini üstün
tutur. Misal üçün, Qərb dövlətləri, xüsusən də Avropa İttifaqı və NATO üzvü
olan ölkələr Rusiyaya qarşı tətbiq edilən iqtisadi, siyasi, hüquqi sanksiyalara
qoşulsalar da, Türkiyə bu sırada yer almayıb. Türkiyə öz hava məkanını da
Rusiya üçün açıq saxlayıb. Bu, dialoq üçün açıq qapının saxlanılmasıdır və müsbət
haldır”.
Prezidentlərin görüşü üçün zəmin
T.İsmayıl bildirib ki, Rusiya üçün Türkiyə bir növ
dünyaya açılan qapı, vasitə və yoldur: "Bu kimi səbəblərdən Türkiyə
diplomatiyası öz gücünü işə salaraq başqalarının edə bilmədiyini etdi.
Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin yüksək səviyyədə görüşünü
keçirdi. Bu görüşdən dərhal nəticə gözlənilməsə də, perspektivdə dövlət başçılarının
bir araya gəlməsi baxımından vacib addım idi. Xarici işlər nazirləri əsas qərarverici
şəxs deyillər. Amma onların görüşü prezidentlərin görüşü üçün zəmindir. Mətbuata
açıqlamalardan göründüyü kimi, artıq dövlət başçıları görüşməyə qarşı
olmadıqlarını bəyan ediblər. Bu hadisə Türkiyənin son illərdə bölgəsəl gücə,
dialoq mərkəzinə çevrildiyini növbəti dəfə nümayiş etdirir”.
Rufik İSMAYILOV