AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkdilli ölkələr arasında turist axınını gücləndirmək istəyirik

Türkdilli ölkələr arasında turist axınını gücləndirmək istəyirik

İqtisadiyyat
17 Aprel 2021, 13:00 817
Əhməd Qurbanov: "Türkdilli Dövlətlərin Turizm Təşkilatının yaradılması, fərqli turizm xidmətlərinin öyrənilməsinə və təcrübə mübadiləsinə imkan verəcək”
 
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşəbbüsü və Türkiyənin aparıcı turizm təşkilatlarının dəstəyi ilə Türkdilli Dövlətlərin Turizm Təşkilatı yaradılacaq. Azərbaycan Turizm Assosiasiyasının məlumatına görə, yaranacaq təşkilatın əsas məqsədi türk dünyasının turizm potensialının birgə təşviq edilməsidir. Hazırda qeyd olunan turizm təşkilatının yaradılması ilə bağlı türkdilli ölkələrin müvafiq qurumları arasında danışıqlar aparılır. Turizm sektorunun türkdilli ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən biri olması türkdilli ölkələr tərəfindən də təsdiqini tapmaqdadır.
Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov "Kaspi” qəzetinə müsahibəsində təşkilatın gələcək məqsədlərindən və hədəflərindən danışıb.

- Əhməd müəllim, Türkdilli Dövlətlərin Turizm Təşkilatının yaradılması hansı zərurətdən gündəmə gəlib?
- Hazırda turizm bütün dünyada pandemiyanın gətirdiyi çətinliklərə görə enmə dövrünü yaşayır. Turizm bütün dünyada bir növ dayanma nöqtəsinə gəlib çatıb. Postpandemiya dövründə - gələcəkdə turizmi daha yaxşı inkişaf etdirmək qarşıda duran vəzifələrdəndir. Düşündük ki, turizmi daha yaxşı inkişaf etdirmək, ölkəmizin turizm potensialını tanıtmaq, dünyaya daha yaxşı inteqrasiya olunmaq lazımdır. Türkdilli dövlətlərin turizm təşkilatının yaradılması da bu zərurətdən meydana gəldi. Bununla bağlı Türkiyə və digər dövlətlərə müraciət etdik və müsbət cavab aldıq. Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır və bu istiqamətdə işlər görülür. Xüsusən Türkiyə ilə sıx şəkildə əlaqədəyik və müzakirələrimizi aparırıq. Bu təşəbbüsə Türkiyənin aparıcı turizm qurumları artıq dəstək verib. O biri ölkələrlə də müzakirələr gedir. Təşkilatın strukturunu, nizamnaməsini hazırlayırıq. Bu texniki məsələlər yüksək səviyyədə olmalıdır ki, təşkilatın yaradılmasını elan edək.
 
- Təşkilatın əsas hədəfləri nələr olacaq?
- Hədəf ilk növbədə qarşılıqlı turizm axını yaratmaqdan ibarətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan və s. türkdilli ölkələri bir-birinə daha da cəlb etmək, ölkələr arasında maraq yaratmaq əsas məqsədlərdəndir. Tutaq ki, biz hansısa ölkənin turizm potensialını yaxşı öyrənirik, amma bir çox ölkələr var ki, bizim turizm potensialımızı hələ də dərindən bilmirlər. Və yaxud bizim bilmədiyimiz digər türkdilli dövlətlər var ki, onların turizm potensialına yaxşı bələd deyilik. Hesab edirik ki, bu təşkilat vasitəsi ilə bir-birimizin turizm potensialını öyrənmək yeni turizm istiqamətlərinin yaranmasına kömək olacaq və turist axınını daha da sürətləndirəcək. Bu təşkilatın yaradılmasının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi, eləcə də bu potensialın dünyaya yayılmasıdır. Belə bir təşkilatın yaradılması fərqli turizm xidmətlərinin öyrənilməsinə və təcrübə mübadiləsinə imkan verəcək.
Azərbaycanla Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə vizasız gediş-gəliş mümkün olduğu kimi, digər ölkələrlə də bu tip işlər görülməsi üçün addımlar atılacaq. Gələcəkdə turistlərin səyahət etməsi daha rahat şəkil alacaq. Dünya Turizm Təşkilatına qoşulan ölkələr qarşılıqlı şəkildə işlədikləri kimi biz də düşünürük ki, yaranacaq təşkilat da güclü bir qurum olacaq. Ən əsası, bununla türkdilli dövlətlər arasında turizm əlaqəsi daha da dərinləşəcək.
 
- Sirr deyil ki, azərbaycanlıların türkdilli ölkələrin, xüsusən Türkiyə Respublikasının turizminə marağı böyükdür. Bizim turistlər Türkiyənin bütün bölgələrini gəzməyi və istirahət etməyi xoşlayırlar. Bəs türklərin ölkəmizə marağı nə qədərdir? Onlar da Azərbaycana səyahət etməyi sevirlərmi?
- Türk qardaşlarımız hər zaman ölkəmizə maraq göstərirlər. Sadəcə, bir qədər informasiya boşluğu vardı. Bizim Türkiyəyə getməyimiz asan olsa da, onların gəlməsi viza baxımdan çətin idi. Daha vizalar aradan qaldırıldı, səyahət asanlaşdı. Bütün bunlar onlara stimul verəcək ki, indiyə qədər plandan kənar qoyduqları qardaş ölkəyə səyahət etsinlər. AzTA da türkiyəli turistlərə ölkəmizin tanıdılması istiqamətində bütün imkanları təqdim etməyə çalışacaq. Həmçinin digər türkdilli dövlətlərə. Ölkəmizin tanıdılması nə qədər yüksək səviyyədə olarsa, onlar da Azərbaycana o qədər maraq göstərəcəklər. Dil, din məsələləri onlarda ölkəmizə qarşı daha da doğmalıq yaradacaq ki, Azərbaycana səfər edib gəzə bilsinlər. İnanıram ki, onlar ölkəmizə maraq göstərəcəklər. Mətbəxlərimiz də demək olar ki, fərqli deyil, eynidir. Digər eynilikləri də səyahətləri zamanı görəcəklər.
 
- Yəqin siz bazarı araşdırıb türkdilli ölkələrdən bizə daha az və ya çox səyahət edənlərin də monitorinqini aparıbsınız. Hansı ölkələrlə əlaqələrin daha çox sıxlaşmasına, onların turizm potensialına diqqət yönəltməyə ehtiyac var?
- Biz araşdırıb gördük ki, ölkəmizə indiyə qədər digər ölkələrə nisbətən Qazaxıstandan daha çox turist gəlir. Onlar daha çox sağlamlıq turizminə maraq göstərirlər. İndiki halda müəyyən işlər görülərsə, sadələşmələr olarsa və yeni turizm növlərinin tətbiqi baş tutarsa, hesab edirik ki, digər türkdilli ölkələrdən də turistləri cəlb edə biləcəyik. Özbəkistandan da, Qırğızıstandan da turistlər bura gələcəklər. Bütün bunlar yeni turizm növlərinin tətbiqi ilə mümkün olacaq. Ümumiyyətlə, bölgələrin turizm məhsulları fərqlidir. Məsələn, Qazaxıstandan gələnlər sağlamlıq turizminə, mineral və termala sulara, Özbəkistandan gələnlər mədəni-tarixi turizmə, başqa bir ölkə qastronomik turizmə maraq göstərə bilər. Hər bir halda, bütün turizm seqmentinə uyğun turizm növləri var. Olmayanları da yaxın zamanda inkişaf etdirməliyik.
 
- Türkdilli ölkələr arasında turistlərin mübadiləsi üçün hansı təbliğat işlərin görülməsinə ehtiyac var?
- Turistlərin cəlbi üçün təbliğat məsələlər böyük rol oynayır. Pandemiyadan əvvəl turizm sərgiləri, təcrübə mübadilələri və müxtəif layihələr keçirilirdi. Hazırda isə bunlar ya onlayn platformaya keçib, ya da təxirə salınıb. Onlayn videoçarxların hazırlanması lazımdır ki, bütün dünyaya internet vasitəsilə yayımlansın. Sosial şəbəkələrdə aktivlik də vacibdir. Karantin rejimi yumşaldılan ölkələrə aviareyslərin açılması mümkündür. Mümkün olan ölkələrə qarşılıqlı infoturlar təşkil etmək, turizmçiləri cəlb edərək ölkəmizin potensialını təqdim etmək, müxtəlif bölgələrdə turizm tədbirləri keçirmək olar. Bu yaxınlarda Türkiyədə də belə bir tədbir təşkil olundu.
 
- Yeni yaranacaq təşkilatın türk dünyasına töhfəsi nə olacaq?
- Türk dünyasına ilk növbədə birlik gətirməyə çalışacağıq. Ən azından turizm sənayesində bunu həyata keçirməyə cəhd edəcəyik. Yəni türkdilli ölkələr turizm dünyasında birləşib həm öz ölkələrinə, həm də qardaş ölkələrə öz töhfələrini versinlər ki, hər kəs bir-birinin təcrübəsindən istifadə etsin, yeniliklərindən səmərəli şəkildə yararlansın. Həm öz ölkələrindəki turizmdən, həm də turistlərini başqa ölkələrə göndərərkən ö ölkələrin turizm potensialından daha səmərəli şəkildə istifadə edə bilsinlər.

Söhbətləşdi:
Təranə Məhərrəmova