Məhsul var, qazanc yox
Fermer südün litrini 15 qəpiyə sata bilmir, marketlərdə isə bu məhsul 2,5-3 manata təklif olunur. Bu təzad haqlı suallar doğurur.
Bir müddət əvvəl fermer Emin Həsənovun təsərrüfatında əldə etdiyi südü alış qiymətinə etiraz əlaməti olaraq yerə tökməsi məhsulun fermerdən alış qiyməti məsələsini yenidən gündəmə gətirib. Fermerdən südün bir litrini 15 qəpiyə almaq istəyirlər. O, bu qiymətin gəlir bir tərəfə dursun, heç heyvanların yem xərclərini qarşılamadığını vurğulayırdı. Sosial şəbəkələrdə yayılan görüntüdən sonra süd toplayan məntəqələrdən ona sentyabrdan etibarən südü 60 qəpikdən alacaqları bildirilsə də, fermer bu qiyməti də qənaətbəxş hesab etmir. Digər tərəfdən, marketlərdə südün litri 2,5-3 manata satılır. Fermerdən alınan süd ilə marketdə satılan süd arasında qiymət fərqi bu qədər böyük olmalıdırmı?
“Bu qiymət təsərrüfat xərclərini qarşılamır”
Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədovun sözlərinə görə, Azərbaycanda süd istehsalı ilə bağlı əsas problem mal-qaranın məhsuldarlığı ilə bağlıdır: “Əvvəlki illərin statistikasında ölkədə təxminən 2 milyon 200 min baş iri buynuzlu mal-qara var idi. İndiki statistik göstəricilərə görə isə bu rəqəm təxminən 300 min baş azalıb. Bu da həm ət, həm də süd və süd məhsulları üzrə idxaldan asılılığın artmasına səbəb olur. Burada əsas məsələ yalnız mal-qaranın sayını artırmaq deyil. Daha vacib məsələ yüksək məhsuldar və damazlıq cinslərin sayının artırılmasıdır. Azərbaycanda hazırda bir inəkdən orta hesabla gündə 7-11 litr süd alınır. Halbuki yüksək məhsuldar cinslərdə bu göstərici əhəmiyyətli dərəcədə yüksək ola bilər”.
X.Məmmədovun fikrincə, südün maya dəyərinin formalaşmasında yem də əsas amillərdən biridir: “Azərbaycanda qüvvəli yemlərdən istifadə səviyyəsi aşağıdır. Əgər bir heyvandan gündə cəmi 7 litr süd alınırsa və həmin süd 15 qəpiyə satılırsa, bu qiymətin nə təsərrüfatın xərclərini, nə də fermerin yaşayış xərclərini qarşılaması mümkündür”.
“Orta satış qiyməti 75-90 qəpikdir”
Ekspert bildirdi ki, bütün fermerlərin südü 15 qəpiyə satdığını düşünmək düzgün deyil. Azərbaycanda südün orta satış qiyməti təxminən 75-90 qəpik arasında dəyişir: “Süd emalı müəssisələri də südü orta hesabla bu qiymət aralığında alırlar. Ayrı-ayrı hallarda hansısa fermerin südünü 15 qəpiyə satması və ya bu qiymətdən başqa alıcı tapa bilməməsi mümkündür. Südün qiymətinin formalaşmasında tədarük məsələsi də mühüm rol oynayır. Emal müəssisəsinin kəndlərdən və rayonlardan süd toplamaq üçün göndərdiyi nəqliyyat vasitələri və bunun yaratdığı xərclər alış qiymətinə təsir edir. Buna görə fermerin südünü ədalətli qiymətə sata bilməsi üçün düzgün tədarük və təchizat zəncirinin qurulması vacibdir. Azərbaycanda bir sıra rayonlarda süd emalı müəssisələri mövcud olsa da, onların fəaliyyət göstərmədiyi hallar da var. Bunun əsas səbəblərindən biri son məhsulun maya dəyərinin yüksək olması və həmin məhsulların daxili bazarda rəqabət aparmaqda çətinlik çəkməsidir. İdxal olunan süd məhsulları da qiymət baxımından yerli istehsalçıları sıxışdırır”.
“Yem təminatı da yaxşılaşdırılmalıdır”
X.Məmmədov hesab edir ki, məhsuldarlığın artırılması üçün yem təminatı da yaxşılaşdırılmalıdır: “Yüksək məhsuldar mal-qara lazımi yemlə təmin edilmədikdə həm südvermə qabiliyyəti aşağı düşür, həm də heyvanın sağlamlığı ilə bağlı problemlər yaranır. Əgər heyvandarlıqda yüksək məhsuldar, damazlıq mal-qaranın sayı azdırsa, qüvvəli yem istehsalının artırılması da kifayət qədər effektiv nəticə verməyəcək. Yerli cins mal-qara az süd verdiyi üçün fermer bahalı qüvvəli yem almaqda maraqlı olmur”.
“Fermerin qiymət danışıqlarında mövqeyi zəifdir”
İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə düşünür ki, regionlarda südün qiymətini müəyyənləşdirən tərəf çox vaxt satıcı deyil, azsaylı alıcılardır: “Süd toplama məntəqələrinin bir, ən yaxşı halda iki şirkət tərəfindən idarə edildiyi ərazilər var. Bu halda alıcı qiymətə ciddi təsir göstərmək və onu müəyyənləşdirmək imkanına malik olur. Nəticədə fermerin qiymət danışıqlarında mövqeyi zəifləyir. Digər mühüm məsələ südün tez xarab olan məhsul olmasıdır. Xüsusilə yay aylarında südün saxlanma müddəti çox qısadır. Fermerin südü qorumaq və soyutmaq imkanı yoxdursa, o, məhsulu ya aşağı qiymətə satmağa, ya da sata bilmədiyi halda itirməyə məcbur qalır. Füzulidə baş verən hadisəyə də bu baxımdan yanaşmaq olar”.
A.İsmayılov bildirdi ki, burada əsas məsələlərdən biri fermerin alternativ alıcısının olmamasıdır: “Əgər regionda südü yalnız bir və ya iki şirkət toplayırsa, fermer həmin alıcılardan asılı vəziyyətə düşür. Bu vəziyyətdə rəqabətin artırılması və süd toplayan alıcıların sayının çoxaldılması vacibdir. Kiçik ailə təsərrüfatlarının kooperativ şəkildə birləşməsi də fermerlərin bazardakı mövqeyini gücləndirə bilər. Bir neçə təsərrüfat birlikdə daha böyük həcmdə süd sata, soyutma və saxlama üçün ümumi infrastruktur yarada və alıcılarla daha əlverişli şərtlərlə danışıq apara bilər”.
Süd üçün minimum alış qiyməti müəyyənləşdirilsin
İqtisadçının fikrincə, əgər müəyyən regionlarda südün qiymətini faktiki olaraq alıcı müəyyənləşdirirsə, bu münasibətin tənzimlənməsi üçün mexanizmlər nəzərdən keçirilə bilər. Məsələn, müəyyən hallarda süd üçün minimum alış qiymətinin müəyyənləşdirilməsi kimi yanaşmalar tətbiq oluna bilər ki, fermer məhsulunu maya dəyərindən aşağı qiymətə satmağa məcbur qalmasın.
A.İsmayılovun sözlərinə görə, fermer üçün alternativ variantlardan biri südü emal edərək pendir və ya kərə yağı kimi məhsullara çevirməkdir. Lakin bu, problemin köklü həlli deyil: “Əsas məsələ fermerin xammalını rəqabətli bazarda ədalətli qiymətlə sata bilməsinə şərait yaratmaqdır. Bunun üçün rəqabətin artırılması, süd toplayan məntəqələrin və emal müəssisələrinin sayının çoxaldılması, istehsalçıların kooperativlərdə birləşməsi və fermerlə alıcı arasında daha balanslı münasibətin yaradılmasıdır”.
Zərif Salmanlı