AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Turizm sektorunu durğunluqdan necə çıxaraq?

Turizm sektorunu durğunluqdan necə çıxaraq?

İqtisadiyyat
17 Aprel 2021, 12:00 706
Ekspertlər ölkəyə giriş qaydalarının yumşaldılmasını təklif edirlər

Yay mövsümü turizm sektorunun ən verimli dövrü hesab olunur. Lakin pandemiya səbəbindən dünyada olduğu kimi ölkəmizdə də bu sahədə durğunluq yaşanır. Çünki turizm pandemiyanın ən çox zərbə vurduğu sahələrdəndir. Biz artıq turizm sektorunun işləyə bilmədiyi, günlərimizi evdə keçirmək məcburiyyətində qaldığımız bir yayı geridə qoymuşuq. Növbəti yay mövsümü üçün isə hələ ümidiyik. Yoluxma sayının hətta keçən ildən də çox - 2 mindən artıq olduğu bu dövrdə turizm sektoru durğunluqdan çıxa biləcəkmi? Bu sektorda aktivliyə nail olmaq üçün hansı addımlar atılmalıdır ki, nə şiş yansın, nə kabab?
 
"Tezliklə turizm sənayesi bərpa olunacaq”
 
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, turizm sənayesində çalışan 80 min işçi pandemiya səbəbindən işləyə bilmir, başqa sahələrə üz tuturlar: "Pandemiya bütün dünyaya böyük zərbə vurub. Ən böyük zərbə isə turizm sahəsinə dəyib. 2019-cu ildə turizm sənayesində 80 min adam çalışırdı. Pandemiyaya görə onlar müxtəlif işlər axtarırlar, təbii ki, biz bunun qarşısını almaq istəyirik. Turizm çox gənc sahədir və burada gənclər çalışır. Ona görə bizim əsas vəzifəmiz odur ki, bu insanları turizm sahəsində saxlayaq və gələcəkdə də yeni kadrlar yetişdirək. Tezliklə, yəqin ki, turizm sənayesi bərpa olunacaq”.

İqtisadçı ekspert Vüqar Bayrama görə, yeni turizm mövsümündə ötən il tətbiq olunan sərt qaydalar yumşaldılmalıdır: "Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirib. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb. COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların da dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər”.
 
Ekspert vurğulayır ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər: " Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişinlər üçün bu, bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqsədəuyğundur”.

Dünya səviyyəsində turizm böhranı

COVID-19 pandemiyası bütün dünyada insanların gündəlik həyatı üçün təhlükə yaradır. BMT-nin turizm təşkilatı UNWTO-nun son anketi 2020 ilin səyahət üçün nə dərəcə fəlakətli olduğunu açıq şəkildə göstərir. Anketə görə, dünyada yüz milyondan çox iş yeri olan qlobal turizmin həcmi 74 faiz azalıb. 2021-ci il üçün proqnozlar, səyahət məhdudiyyətlərinə görə da çox ehtiyatlı verilir.
Bahar ənənəvi olaraq ümid və yenilənmə vaxtıdır. Dünya ölkələri də buna cəhd edirlər. İslandiyanın beynəlxalq səyahətlərə sərhədlərini açması və Yunanıstanın may ayında bunu edəcəyi (səyahətçilər vaksinlənmiş olmalı və ya COVİD-19 antikorlarına dair sübuta sahib olmalıdır) xəbərləri əlbəttə ki, mövsümün ruhuna uyğundur. Bununla yanaşı, eyni zamanda, qitədə narahat edən pandemiya dalğaları və peyvəndin ləng paylanması Fransa, Almaniya və Hollandiya da daxil olmaqla müxtəlif AB ölkələrinin bağlı qalması müddətlərini uzatmasına və məhdudiyyətləri sərtləşdirməsinə səbəb olub.
 
İsrail peyvənd olunmuş turistlər üçün açıqdır
 
Pandemiya başlandıqdan sonra İsrail faktiki olaraq özünü təcrid etdi, xarici vətəndaşlar ölkəyə yalnız müstəsna hallarda buraxılırdı. May ayının sonundan başlayaraq İsrail COVİD-19 peyvəndi olan turistləri ölkəyə buraxmaq istəyir. Turistlər peyvənd sübutu və mənfi COVİD-19 test nəticələrini ehtiva edən tələblərə əməl etməlidirlər.
Peyvənd olunmuş xarici vətəndaşların Xorvatiyaya da girişinə icazə verilir. Belə ki, 1 aprel tarixindən etibarən xarici səyahətçilərin koronavirusa qarşı peyvəndə dair dəlillər təqdim edə bildikləri təqdirdə Xorvatiyaya girişlərinə icazə verilir. Bundan əlavə, mənfi PCR testi və yaxud antigen testindən keçən və ya son altı ay ərzində COVİD-19-dan sağaldığını sübut edən hər kəs də sərhəddən keçə bilər.

Alman Səyahət Birliyinin (DRV) prezidenti Norbert Fiebig bildirir ki, təhlükəsiz səyahətin bərpası üçün koordinasiyalı bir yanaşma tətbiq etmək lazımdır: "Siyasətçilər tərəfindən irəli sürülən strategiyalar - peyvənd sertifikatları və sürətli koronavirus testlərinə ümid bəslənir. Məsələn, Aİ yay aylarına qədər səyahət edənlər üçün standart vaksinasiya pasportlarının tətbiq edilməsinə qərar verib”.
 
İndi Gürcüstana getmək mümkündürmü?
 
1 fevral 2021-ci il tarixindən etibarən, Gürcüstan COVID-19 pandemiyası səbəbindən beynəlxalq uçuşlara qoyulan bütün məhdudiyyətləri ləğv etdi. İndi Gürcüstan hökuməti lazımi təhlükəsizlik standartlarına riayət edərkən ölkəyə giriş rejimini sadələşdirməyə çalışır. Martın 1-dən turistlər rəsmi olaraq mənfi COVID-19 test nəticəsi ilə Gürcüstana daxil ola bilərlər. Ayrıca, peyvəndin tam kursunu tamamlamış hər kəs üçün giriş sərbəstdir.
Lakin ölkəmizdə hələ turistlərin səyahət edə bilməsi üçün lazımi addımlar atılmayıb.

Turizm sektorunu dirçəldəcək amillər...
 
Turizm eksperti Ceyhun Aşurov deyir ki, yoluxmanın pik həddə çatması turizm sektorunu çökdürür: "Təəssüflər olsun ki, pandemiya səbəbindən turizm zonalarının coğrafi əhatəsi azalmır, əksinə statistikada böyümələr davam edir. Sağlamlıq sahəsində çalışan ekspertlər, həkimlər deyir ki, may ayında daha çox artım yaşana və yoluxma sayı pik həddə qalxa bilər. Bu da turizm sektorunu çökdürür. Təbii olaraq, ölkələrin çoxu maraqlıdır ki, yumşalmalar olsun və ölkəyə gələn turistlərin sayı çoxalsın. Bu səbəbdən də müxtəlif addımlar atılır. Bir çox ölkələr Covid testlərinin qüvvədə olma müddətini 48 saat yox, 72 saata uzadıblar ki, ölkəyə giriş-çıxış daha rahat olsun. Bəzi ölkələrdə, ümumiyyətlə, xüsusi icazələr tələb olunmur. Hətta yerli vətəndaşlar üçün olsa da, turistlər üçün məhdudiyyətləri azaldırlar. Azərbaycanda da hələ ki, iyun ayına qədər karantin rejimi davam etdiyi üçün nəinki PSR analizi əlində olan xarici vətəndaşlar, xüsusi icazəsi olmadan heç bir vətəndaş ölkəyə gələ bilmir. Bu ölkəmizin onsuz da dayanmış turizmi üçün əlavə yükdür. Faktiki olaraq analizi neqativ olan, yəni risk daşımayan və bileti olan xarici vətəndaşı ölkəyə gətirə bilmirik. İcazəsi olanların da Covid testləri 48 saat müddətinə qüvvədədir. Yaxşı olardı ki, bu sahədə turistlər üçün müəyyən yumşalmalara gedilsin. Covid testlərinin 48 yox, 72 saat qüvvədə olsaydı, yaxşı olardı”.

Ekspert vurğulayır ki, ölkəyə gəlmək üçün PSR testinin nəticəsinin neqativ olması kifayət etməlidir. Bu amil ölkəyə gələn turist sayına təsir edəcək: " Ümumiyyətlə, hansısa xarici vətəndaş ölkəyə gəlmək istəyirsə, uçuş olan ölkələrdən test nəticələrinin olması, tək Azərbaycan vətəndaşı yaxud ailə üzvü azərbaycanlı olan üçün yox, digər əcnəbilərə də aid edilməlidir. Qarşıdan yay ayları gəlir, Formula 1 yarışının keçiriləcəyi gözlənilir. Bundan başqa, futbol üzrə Avropa çempionatının oyunları ilə bağlı qərar verildi ki, məhz iyun və iyul aylarında 4 oyun Bakıda azarkeşlərin iştirakı ilə keçirilsin. Əgər virusun yayılmasında ciddi artım nəzərə alınmasa, yay aylarında bu proseslər müəyyən canlanmaya səbəb ola bilər. İyun ayında sonrakı dövrdə yumşalmalara gediləcəksə, turizmdə canlanma müşahidə olunacaq”.

Yerli əhalinin ölkə daxilidə istirahətinə gəldikdə isə, ekspert deyir ki, hazırda yerli əhalinin otellərə gediş-gəlişi normal qaydada aparılır: "Otellərə getmək üçün testə ehtiyac olmur. Girişdə temperatur ölçülür. Otellərin özündə sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı tez-tez monitorinqlər aparılır. Riayət olunmadığı təqdirə cərimələr nəzərdə tutulub. Amma əhalinin rayonlarda istirahət etməsinə xüsusi bir qadağa yoxdur. Sadəcə, toplaşmaq olmaz, kütləvi tədbirlər keçirmək qadağandır. Sosial məsafə və mövcud şəraitə uyğun qaydalar gözlənilməlidir”.
 
Aygün ƏZİZ