• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

“Terrorçular otelə basqın edərək...” - Onun film seçimi

09.05.20 11:00 2033
“Terrorçular otelə basqın edərək...” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfəNizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevanın məsləhət gördüyü filmləri təqdim edirik.
Onun ilk seçimi "Ford Ferrariyə qarşı” ekran əsəri oldu: "Ümumiyyətlə, bioqrafik və ya real hadisələr əsasında çəkilmiş filmlərə hər zaman böyük marağım var idi. Bu filmdə isə iki nəhəng avtomobil şirkəti arasında olan rəqabət və tarixi avtomobil yarışlarında baş verənlər əks olunub. Bununla yanaşı, filmi bioqrafik adlandırmaq olar, çünki avtomobil industriyasında iz qoymuş bir sıra mühəndislər haqqında bəhs edir. Düşünürəm ki, bu film bütün avto sevənlər üçün maraqlı olar”.
"Müttəfiqlər”filmi isə onun ikinci seçimi oldu: "Çox sevdiyim rejissor Robert Zemekisin əsəri olan bu film, ikinci dünya müharibəsi zamanı baş verən hadisədən bəhs edir. Öz ölkələrinə xidmət edən amerikalı Maks ilə fransız kəşfiyyatçı Marian xüsusi tapşırıq üçün yollanırlar. İkisinə də Kasablankadakı nasist alman səfirini öldürmək tapşırılır. Tapşırıq əsnasında bir-birlərinə aşiq olurlar və evlənirlər. Lakin, evləndikdən sonra Marianın alman cəsusu olduğu iddia edilir”.
"Mumbay oteli” də onun bəyəndiyi filmlər sırasındadır: "Real hadisə əsasında çəkilmiş daha bir filmi vurğulamaq istəyərdim. Film 2008-ci ildə Hindistanın Mumbay şəhərində baş vermiş terrordan bəhs edir. Terrorçular otelə basqın edərək otelin əməkdaşlarını və qonaqlarını girov götürürlər. Hadisə zamanı çəkilmiş real görüntülər də mütəmadi olaraq nümayiş olunur. Filmdə əsas sujet xəttlərindən biri isə qonaqları xilas etmək üçün öz canlarından keçmiş otel əməkdaşlarına həsr olunub”.
Onun dördüncü seçimi yerli film oldu: "Son illər ərzində Azərbaycanda bir sıra uğurlu filmlər istehsal olunub, onların arasında 2019-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan” studiyasında istehsal olunmuş "Əlvida, Şmidt!” filmini vurğulamaq istəyərdim. Tragikomediya janrında çəkilən bu film etnik alman olan, Azərbaycanda böyüyən Emil Şmitd haqqındadır. Film boyu tamaşaçını güldürən və düşündürən bir çox səhnələr var”.
"Parazitlər”isə onun sonuncu seçimi oldu: "Komediya, dram və triller janrlarını özündə birləşdirən bu film, bir sıra festivalların qalibi oldu, o cümlədən ilin ən yaxşı filmi nominasiyasında Oskar mükafatını aldı. Film Cənubi Koreyada yaşayan kasıb ailənin, varlanmaq üçün əl atdığı fırıldağın faciyəyə çevrilməsindən bəhs edir”.
banner

Oxşar Xəbərlər