Tərki-dünyalar üçün gözəl ölkə - Səyyah
Heç vaxt
başqa ölkələri görmək həvəsində olmayıb, ancaq 5 il İspaniyanın Madrid
şəhərində yaşadıqdan sonra onda səyahət etməyə sevgi yaranıb. Bu gün gəzdiyi
ölkələrin sayını belə itirib. Deyir ki, Skandinaviya ölkələrindən başqa, bütün
Avropa ölkələrinə səyahət edib. Gəzintilərin çoxu işi ilə bağlı olduğu üçün
özünü səyyah hesab etmədiyini deyən müsahibimiz jurnalist Aygün Əliyevadır.
Biz onunla Kuba səfəri ilə bağlı həmsöhbət olduq.
- Kubaya səyahətiniz nə vaxta
təsadüf etdi?
- Bu ilin
mart ayında getmişdim. Səyahətdən əvvəl öyrənmişdim ki, Cənubi Amerikaya səfər
etmək üçün ilin ən yaxşı ayı mart ayıdır. Çünki havanın temperaturu nə çox
isti, nə də soyuq olur. Belə demək olarsa, mart ayında orada hava ideal olur.
Biz əvvəlcə Kolumbiyaya getdik. İkinci ölkə olaraq isə Kubanı seçdik. Kubanın
ən böyük və paytaxt şəhəri Havanada oldum. Bildiyiniz kimi, Kuba dünyada
kommunizm ideyaları ilə idarə olunan ölkələrdən biridir. Ölkə olaraq Kuba mənim
çox xoşuma gəlmişdi.
- Görməyənlər üçün Kubanı necə
təsvir edə bilərsiniz?
- İlk
növbədə onu deyə bilərəm ki, təbiət Kubanı çox gözəl bir ərazidə - Meksika
körfəzində yerləşdirib. Məncə, uzun illər kommunizm rejimi olmasaydı, bu ölkədə
daha böyük nailiyyətlər əldə oluna bilərdi. Hazırda iqtisadi baxımdan Kuba
geridə qalan ölkələr sırasındadır. Amma turizm bu ölkədə sürətlə inkişaf edir.
Havanada həddən artıq çox turistə rast gəldik. Çoxlu sayda restoranlar, əyləncə
mərkəzləri fəaliyyət göstərir. Ölkənin iqlimi çox gözəl olduğuna görə,
turistlər buraya axın edir. Axşamları sərin, gündüzlər isə yandırıcı olmayan
mülayim istilik var. Turistlər əsasən Şimali Amerika və Cənubi Amerika
ölkələrindən gəlir. Həmçinin, Rusiyadan buraya çoxlu sayda turist axın edir.
Çünki Rusiya üçün viza rejimi tətbiq olunmayıb. Kubada çoxlu sayda fransız
turistlərinə rast gəlmək olur.
- Neçə günlük səfər oldu?
- Bu
ölkəyə səyahət etməyi çoxdan arzulayırdım. Oraya həyat yoldaşımla səfər etdim
və cəmisi altı gün qaldıq. Məncə, altı gün nəinki ölkəni, hansısa şəhəri kəşf etmək üçün də kifayət etməz. Bir ölkəni
kəşf etmək istəyirsinizsə, o ölkənin təkcə şəhərlərinə yox, kəndlərinə, arxa
küçələrinə də baxmaq lazımdır. Təkcə paytaxt şəhəri ilə ölkə kəşf etmək mümkün
deyil. Çünki paytaxt hər zaman turistlər üçün nəzərdə tutulur. İnsanları
tanımaq üçün paytaxtdan kənar ərazilərə getmək lazım gəlir. Bu isə ən azı 15-20
gün vaxt tələb edir.
- Ölkədə diqqətinizi ilk çəkən nə oldu?
- Kubada
diqqətimi çəkən əsas məqamlardan biri internetin yox səviyyəsində olması idi.
Həmçinin, internetin qiyməti çox bahadır. 10 dollara 1 və ya 2 saatlıq istifadə
haqqı üçün internet ala bilərsiniz. Amma sürət çox zəifdir. Müqayisə üçün deyə
bilərəm ki, Azərbaycanda internetin 15 il əvvəlki sürəti ilə eyni səviyyədədir.
Orada siz istədiyiniz saytlara daxil ola bilməzsiniz. Bu məsələdə ciddi senzura
tətbiq olunur. Həmçinin, bu ölkədə turistlər üçün ayrıca pul vahidi var. Belə
bir halla ilk dəfə rastlaşırdım. Turistlər üçün nəzərdə tutulan kuk adlı pul
vahidi bir dollara bərabərdir. Yerli vətəndaşlar isə peso pul vahidindən
istifadə edir. 100 pesso 1 dollara bərabərdir. Qiymətlər arasında fərqi belə
izah edə bilərəm ki, turistlər üçün şirin çörəklərin beşi bir dollardırsa,
yerlilər üçün 5 çörək 5 pesoyadır.
- Necə düşünürsünüz, bu ölkə gəzmək üçün yaxşıdır,
yoxsa yaşamaq üçün də getmək olar?
-
Düşünürəm ki, Kubada yaşaya bilmərəm. Orada elə bir mühit var ki, özünü
80-90-cı illərdə hiss edirsən. Yeni texnologiyaların fonunda Kubada yaşamaq
qeyri-mümkündür. Səyahətimizin ilk 3 günündə acgözlüklə ölkəni tanımağa
çalışırdıq. 4-cü gün isə internet olmadığına görə, istər-istəməz sıxılmağa
başlayırsan. İndiki dövrdə ətraf aləmlə ünsiyyətimiz, bank hesablarımız, ailə
üzvlərimizlə, ümumiyyətlə, bütün əlaqə vasitələrimiz internet üzərindən olur.
Bu gün demək olar ki, həyatımızın 70 faizi internetdən asılıdır. Kubada insan
özünü adaya düşən Robinzon Kruzo kimi hiss edir. Çünki burada ətraf aləmdən
təcrid olursan. Hərdən düşünürəm ki, tərki-dünyalar üçün Kuba çox gözəl
ölkədir. Kubalılar ətrafda nə baş verdiyindən bir o qədər də xəbərləri
olmadıqlarına görə, özlərini xoşbəxt hiss edirlər. Amma xoşbəxtlik anlayışı hər
kəs üçün fərqlidir. Yəqin ki, mən də kubalı olsaydım və dünyada gedən
proseslərdən xəbərdar olmasaydım, orda xoşbəxt olardım. Ona görə də, deyirlər
ki, xoşbəxtlik nisbi anlayışdır.
- Yəqin ki, yerli əhali ilə ünsiyyətdə oldunuz. O
insanlardan necə bir enerji aldınız?
- Bəli,
yerli əhali ilə ünsiyyətdə olduq. Orada olanda otel tutmuşduq, amma qaldığımız
oteli bəyənmədik. Hətta 4-5 ulduzlu otellər belə, standartlara cavab vermir.
Turistlər bu otellərə pul verməkdənsə, evlərdə qalmağa üstünlük verirlər. Biz
də oteldən imtina edərək ev tutduq. Bu zaman sən Kuba həyatının içinə girmiş
olursan. Bir havanalının gündəlik həyat tərzini müşahidə edə bilirsən. Bu,
mənim üçün maraqlı təcrübə idi. Havanalıların həyat tərzi çox maraqlıdır. Biz
Havananın qədim hissəsində, təqribən Bakının İçərişəhəri sayılan hissəsində
qalırdıq. Havanalılar televizora baxmağı həddindən çox sevir. Şəhər dənizin düz
qırağında yerləşir və yerli əhali öz evlərinin giriş qapısını hər zaman açıq
saxlayırlar. Qapıdan, sadəcə, tor pərdə asılır. Bu şəhərdə demək olar ki,
milçək və digər həşəratlar yoxdur. Dar küçələrdə çoxlu restoranlar var. Amma
bura çox təhlükəsiz bir şəhərdir. Səfər zamanı Latın Amerikasından olan
turistlərlə tanış olduq. Onlar deyirdi ki, biz Kubaya rahat nəfəs almaq,
təhlükəsiz gəzmək üçün gedirik. Kolumbiyada sən bu təhlükəsizliyi hiss edə
bilmirsən. Məsələn, Kolumbiyada olanda polis bizə dedi ki, şəhərin mərkəzindəki
2-3 küçədən savayı, başqa yerə getməyi sizə tövsiyə etmirik. Əgər başınıza bir
iş gəlsə, biz buna cavabdeh deyilik. Kubada özümü Bakıda, İçərişəhərdə gəzirmiş
kimi hiss edirdim.
- Hansı maraqlı adət və ənənələr
diqqətinizi çəkdi?
- Əslində,
orada olduğumuz müddətdə xüsusi adətlərini görmək imkanımız olmadı. Kubalıların
ən çox sevdiyi əyləncə mahnı oxumaq və rəqs etməkdir. Bu, bizim də çox xoşumuza
gəlmişdi. Uşaqların əksəriyyəti həyətdə oynayır. İnternet dövründə böyüməyən
bir uşaq kimi, öz uşaqlığımı xatırladım. Uşaqlar oynayır, qaçır, əylənirlər. Hind
filmlərində gördüyümüz insanların küçədə rəqsi, mahnı oxuması Kubada realdır. İki
nəfər söhbət edərkən, biri anidən rəqsə başlayır. Bu, mənim üçün çox maraqlı
idi. Kubalılar xarici görünüş baxımından da gözəldirlər. Qızlar və oğlanlar
hündürboy, yaraşıqlıdırlar. Əksəriyyətinin bədən quruluşu atletikdir. Xalq
olaraq kubalılar çox yaraşıqlıdırlar.
- Kubaya gələn ilk avropalı Xristofer Kolumb
olub. Bəs günümüzdə avropalı turistlərin bu ölkəyə marağı necədir? Ümumiyyətlə,
Kubada turistlərə qarşı münasibət necədir?
- Avropalı
turistlər yəqin ki, viza məsələlərinə görə bu ölkəyə səfər etmirlər. Çünki
avropalılar rahat səyahətə alışıblar. İspaniyada Kubaya viza almaq çətin deyil.
Amma digər ölkələr haqda məlumatlı deyiləm. Burada turistlərə qarşı münasibət
əladır. Havanalılar həddən artıq mehriban, dözümlü və istiqanlı insanlardır.
Çünki onlar başa düşürlər ki, turistlər, onlar üçün qazanc mənbəyidir. Avropada
turistdən pul qazansalar da, turisti aşağı təbəqədən biri hesab edirlər. Sadə əhalinin bizə qarşı münasibəti çox
xoşuma gəlmişdi.
- Məncə, yeməkdən də danışaq. Yerli mətbəxin dadına
baxdınız?
-
Mətbəxləri çox dadlıdır. Yeməklərində ətdən, xüsusilə də qoyun ətindən çox
istifadə olunur. Mətbəxdə yerli lobya sayılan qara lobyadan geniş istifadə
olunur. Həmçinin, düyü, mətbəxlərində geniş yer tutur. Kuba kofesi həddindən
artıq ləzzətlidir. Qoyun ətindən müxtəlif təamlar hazırlanır. Onu da deyim ki,
ətin qiyməti bu ölkədə çox bahadır. Kubalıların məşhur içkisi rondur. Havana
ronu bütün dünyada satılır. Bildiyiniz kimi, Kuba dünyaya siqar satır və
siqarlarına görə çox məşhurdur. Normalda başqa ölkələrin mətbəxini sevmirəm,
amma Kuba yeməkləri çox xoşuma gəlmişdi. Burada restoranlar demək olar ki,
turistlər üçün nəzərdə tutulub. Çünki yerli əhali restorana getməyi sevmir.
- Bu ölkəyə getmək istəyənlərə nələri tövsiyə
edərdiniz?
- Ora
getmək istəyənlərə demək istərdim ki, getməzdən əvvəl bəzi məqamları nəzərə
alsınlar. Bu ölkədə texnologiya və internetdən istifadə mümkün deyil. Həmçinin,
ora getməzdən əvvəl pulu nağdlaşdırmaq lazımdır. Turistlər üçün burada
qiymətlərin baha olduğunu əvvəldən bilməlisən. Orada "booking”lə otel tuta
bilməzsən. Otellər, adətən, insanı məyus edir. Ona görə də evlərdə qalmağı
tövsiyə edərdim. Havanaya getməzdən əvvəl biletlərinizi çap etməlisiniz. Çünki
onlayn bilet mümkün deyil. Hər şeydən əvvəl nəzərə alın ki, siz 90-cı illərdə
yaşayan bir ölkəyə gedirsiniz və hər şeyiniz əlinizdə olmalıdır. Çünki orada
internet yoxdur.
Şəbnəm Mehdizadə