• bazar ertəsi, 08 iyun, 04:51
  • Baku Bakı 21°C

Tənqid – cəmiyyətin səfiri

23.02.16 13:47 1024
Tənqid – cəmiyyətin səfiri
Rahid Ulusel
Fəlsəfə elmləri doktoru, professor
Tənqid ədəbi prosesi az-çox izləməyə nail olsa da, bütövlükdə Azərbaycan ədəbiyyatının Ən Yeni Çağda inkişafının əsas tendensiyalarını, yaradıcı fərdiyyətlərini mükəmməl öyrənib təhlil etməkdə, Azərbaycan oxucusunu milli ədəbiyyata maraq sferasında cəmləməkdə hələ çətinlik çəkir. Son illər nəsr və dramaturgiya sahəsində xeyli uğurlu əsərlər meydana gəlib. Poeziya mahiyyətcə təkamülə uğrayıb. Hətta ənənəvi şer yaradıcılığında forma və məzmun yeniləşməsi baş verib. Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl, Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Vaqif Bəhmənli, Musa Yaqub, Zahid Sarıtorpaq, Çingiz Əlioğlu, Elxan Zal Qaraxanlı, Salam, Adil Mirseyid, Aqşin Yenisey, Zahir Əzəmət ... kimi şairlərin seçkin yaradıcılığı məhz yaşadığımız günlərin tənqidinin çevik reaksiya ilə müşayiət olunan dolğun estetik dəyərləndirməsinin obyektinə çevrilməyib. Eləcə, ötən yüzilliklərin, XX əsrin klassiklərinin Sovet dönəmində birtərəfli və yanlış ideoloji yanaşmaların, nəzəri bəsitliyin və dayazlığın, hətta eyforiyanın hədəfinə, qınağına çevrilmiş zəngin, tükənməz yaradıcılıqları bu gün Azərbaycan ədəbiyyatşünaslığının və xüsusilə tənqidinin yenimeyarlı münasibət sferasına çəkilməlidir.
İdeoloji kompasın yalnız bir istiqaməti göstərdiyi Sovet dönəmində və müstəqillik çağının keçilən mərhələsində seçkin ədəbi tənqid təmayüllərindən deyil, yalnız onun fərqli üslublarından danışmaq olardı. Bəlkə təkcə Yaşar Qarayev fenomeni istisna olmaqla. Yaradıcılığında daha çox nəzəri ədəbiyyatşünaslığın və tənqidin sintezini yaradan, humanitariyanın milli-ideoloji bazisinə güclü ideyalar verən Yaşar Qarayevin böyük və dəyərli irsi bu qənaətə gəlməyə əsas verir ki, onun elmi-tənqidi fəaliyyəti Azərbaycan ədəbiyyatına və ədəbi prosesə özünəməxsus konseptual yanaşmanı ortaya qoyan bir tendensiya-məktəb səviyyəsindədir. – Bu, milli ədəbiyyatı sevərək, onu övladının böyüməsi kimi duyaraq təhlil etməyin, onun dünya ədəbiyyatındayerini, sanbalını müəyyən etməyi bacararaq dəyərləndirməyin, həssas və müdrik tənqidçiliyin məktəbidir.
Çağımızın tənqidində böhrandan qurtuluş səyləri də, yəqin ki, yeni üslubların, ardınca da yeni tendensiyaların özünütəsdiq prosesi ilə müşayiət olunacaqdır. Bu baxımdanTehran Əlişanoğlunun təşəbbüsləri faydalıdır. Onun təsisçisi və baş redaktoru olduğu “Tənqid.net” dərgisi ilk saylarında mövzu və problem polifoniyasına can atsa da, jurnalın ideologiyasında birxətlilik (həm də düzxətlilik) özünü göstərir, Tehran konteksti həm üzdə, həm də dərindədir. Tehran bəyin jurnalı ilə ifadə etdiyi konsepsiya öz istiqamətində nə qədər israrlı olsa da, fikrimizcə, xeyli dərəcədə yayğın və amorfdur, xıltı təmizlənməmiş, durulaşdırılmamışdır. Burada sabit, dayanıqlı mövqe yoxdur, qərar verilmir, paradiqma ilə danışılmır, ancaqaramsız və tərəddüdlü mühakimə yürüdülür, ədəbi prosesə – hərəkətdə olan və heç bir dayanacaqda dayanmayacaq qatar kimi baxılır. Mətn içrə diyirlənmək, içərini ələk-vələk eləmək – bu tənqidin ləzzətli “estetikasıdır”. Mətn qurtaran kimi ideya da qurtarır. Bu modeldə ədəbiyyat da, onun tənqidi də özünütükəndirmə quruluşundadır, bədii sənətə reaksiya isə qıcıq səviyyəsindədir. Belə “tənqid oyunları” yalnız bir tikə ədəbiyyat professionalları üçün maraq ürüdə bilər. Bu tənqid ədəbiyyatın sənəkarlıq qatını deyil, peşəkarlıq qatını araşdırmaq gücündə və məramındadır. Ona görə də bu tənqidin leksikonunda yaradıcılıq sözündənçox təcrübə işlədilir. Tehran Əlişanoğlu ilə Nərmin Kamalın internet sual-cavabından ibarət olan “Virtual Akademiya” söhbəti də ədəbiyyatın şirəsini qurudan, onu yalnız formalizm qatındaqavradan və bu niyyətini ideologiyaya çevirən bir dialoqdur. Ondan bir fraqment: “Cavabım: Sualınızı oxudum, yadıma Mayakovski məktəbindən sevdiyim bir şer düşdü: “Ax, ax, ax, ax,// Ux, ux, ux, ux, // Ex, ex, ex, ex, // Ox, ox, ox, ox...” Bu onların sevdiyi ədəbiyyatdır – yataqda erkək-dişi səslərinin poeziyası. Ancaq formalizm ədəbiyyatda da, həyatda da impotensiya mənbəyidir. Ona görə də onlar yaradıcılığı – “ədəbiyyat sənayesi”, folkloru isə – “yabanı ədəbiyyat”hesab edirlər... Nəzəri arsenalı, tənqidçilik təcrübəsi olan Tehran Əlişanoğlunun öz fəaliyyətini belə bərəkətsiz tendensiyaya məhkum etməsi – mədəniyyətdə böhran düşüncəsinin, formalizmin yenilik sayılmasının gerçəkliyidir.
“Tənqid.net” həmin saylarında məramını belə konkretləşdirir: “Niyyətimiz hələ ki, yığcam: cari ədəbiyyat havasının içində olub, onu içdən oxucuya duydurmaqdır” . Ancaq bu duyurma daha cox subyektin obyektivindən keçir. Bu mövqeyə haqq qazandırmaq olar. Çünki ötən onilliklərin təcrübəsi göstərir ki, subyektiv dünyanın əksi olan bədii yaradıcılıq əsl obyektiv təhlilini yenə də dərin subyektiv münasibətdə ala bilər. Tənqid bəlkə də yeganə sənət növlərindəndir ki, burada nəzəriyyə və metodologiya da xeyli dərəcədə subyektivləşir. Ancaq təbii ki, bu subyektiv münasibət – bildiyini etmək deyil, özündə ictimai-ədəbi münasibətlər sistemini, onun mizan və dəyərlərini sanki görünməz şəkildə sintez etmək, özünə hopduraraq ifadə etməkdir. Bu mənada tənqidçi həm də cəmiyyətin səfiridir, onun ədəbi zövq və tələbatının ədəbiyyatın dəruni dünyası ilə təmasını yaradan və məxsusi halda həmin zövq və tələbatı yönəldən, cilalayan vəmüəyyən mənada idarə edən, yanılmalardan qoruyan ekspertdir.
“Tənqid.net” dərgisinin yeni sayları çağdaş ədəbiyyat və sənətin dürlü problemlərinə ən müxtəlif estetik baxışlara malik olan araşdırıcıların yazıları ilə münasibətini bildirir. Bu yazılar həm problemlərin qoyuluşuna, həm də janr seçkinliyi və çeşidliyinə görə maraq doğurur. Redaktor məqalə, esse və resenziyaların mövzu və problematikası üzrə çox orijinal qruplaşdırma aparır və ədəbiyyat zamanının tarixi zamanla kəsişmə müstəvisində ictimai-ədəbi marağı oyandıra biləcək aspektləri bilərəkdən qabardır. Dərgidə “Alatoran”, “Xəzər”, “Dünya ədəbiyyatı”, “9 İklim”, “Bizimki” nəşrləri haqqında da analitik informasiyalar yer alır. Hiss olunur ki, dərgi ədəbiyyatın geniş dünyasına çıxaraq onun bütün sinirlərində gəzişmək, nəyin harada necə olduğunu, xüsusilə dünya ədəbiyyatı ilə tutuşdurmalarda milli ədəbiyyatımızın inkişaf templərini dəqiqləşdirmək istəyir. Əlbəttə, dərginin müəyyən məsələlərə baxışları ilə razılaşmamaq olar. Bu, tamamilə təbiidir. Ancaq dərginin inkişafı, onun qarşısına qoyduğu məqsədlərin ciddiliyi, professional keyfiyyətlərini artırmağa israrlı cəhdləri göz qabağındadır. Heç şübhəsiz, dərgi getdikcə, ona xas olan polemik dərinliyini artıracaq, analitik təhlil texnologiyalarını təkmilləşdirəcək, çağdaş Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verən sistemli-deduktiv səviyyələrini əldə edəcəkdir. Dərginin dil, üslub, məntiq, novatorluğunda ifratavarma baxımından hələ xeyli problemləri var.
“Tənqid.net” saydan-saya sanbalını artırır, əhatəliliyini genişləndirir, yeni imzalarla zənginləşir, fərqli tənqidçi mövqelərini, üslublarını öz arenasına gətirir, onların polemikası üçün əlverişli məkan hazırlayır. Jurnal ədəbi prosesi imkan daxilində tam mənzərəsində tənqidi diskursun meydanına çəkməyə, həm də onu dünya ədəbi prosesinin dinamikasında, bədii axtarışların virtual çarpazında görükdürməyə, mədəniyyət düşüncəsində baş verən axtarışların məhz ədəbiyyatda məcralana bilənyuvasını tapmağaçalışır.
Dərgidə Azərbaycan nəsr prosesi onun ümumi təkamülünün axarında, ancaq daha çox ayrı-ayrı nəsr nümunələri üzrə araşdırılır. Xüsusilə Güney Azərbaycan nəsrinin də – artıq mühacirətdə yaradılan milli ədəbiyyatımızın ayrılmaz bir hissəsi kimi – bu prosesin içərisində öyrənilməsi, özəllikləmücahid yazıçıGüntay Cavanşirin (Gəncalp) Güney milli hərəkatının ruhunu yaşadan mübariz nəsrinə maraq cəmlənməsi bizim tənqidin və ictimai fikrin ən başlıca problemlərindən olmaq yetərində aktualdır.
Bu gün Azərbaycan tənqidinin real mənzərəsini nisbətən bəlli tutarda təsəvvürə gətirdən – “Tənqid.net” dərgisinin də yerləşdirildiyi “Tənqid.net” internet saytıdaha rəngarəng və həm də zəruridir. Xüsusilə gənc oxucular və yaradıcılar üçün böyük maraq kəsb edə biləcək bu sayt ədəbi-intellektual həyatın bir çox tərəflərini əsasən bir tənqidçinin baxış bucağından təqdim edir.
Çağın estetikası həmişə öz alternativlərini üzə çıxarır. Bunsuz mədəniyyət çürüyər. Mövqelərində razılaşmaq mümkün olmayan xeyli məqamlar olsa da, ədəbi internet saytlarında yuvalanan bir sıra baxışlar məhz mədəniyyəti çürüməyə qoymamağın stixiyasından qaynaqlanır. Məsələn, gənc tənqidçi Eldəniz Sadıxlı “Danimarkadan baxanda” Azərbaycan tənqidini belə bir situasiyada görür: “Qərbin inkişafına təkan vermiş Tənqid mənim ana vətənimdə qorxulu və zərərli münasibət metodu sayılır. Buradan, Danimarkadan baxanda siyasi müstəvidə Müxaliflik, sosial münasibətlər sistemində Alternativlik, iqtisadi meydanda – bazarda Rəqabət, ədəbiyyat və incəsənətdə Tənqid uğursuzluğa düçar edilmiş görsənir.”
Elə həmin saytda Zahir Əzəmətin Xaqani Hassın “Böyüməyə Proleqomena” serlər kitabı haqqında yazdığı“Quş ölüsü gözlərində”, Aydın Talıbzadənin “Divar yazıları və ya kirlikir üçün delete” sütunları poetik sözün spektral çalarlanmaları üzərində gəzişir. Xaqani Hass yazır: “...xalqıq // qəribə bir dildə yazılmışıq // tərcümə olunmuruq həyata...” Zahir Əzəmət də bu oksigenli poeziyanın bulud-həyatının yağış-bərəkətini susuz sosium səhrasına endirmək-əndərmək amacında. Xaqani Hass yazır: “Xoşbəxtlik Alma Desəm Çıx Armud Desəm Çıxma // ölkəsində doğuldum // uşaqlığım Çinarları Kəsirlər ki Göyüzünü qanatmasın // şəhərində keçdi...”Zahir bu şeri ən çox da “ənənəvi dil təsəvvürlərimizi zorladığı” üçün bəyənir, bəyəndirir. Mən isə bu misralarda həyat yaşandığı üçün bəyənir və dəyərləndirirəm. Bircə bu misraların əvvəlinə “Xoşbəxtlik” tilişkə kimi düşüb ilişməsəydi...
Zahir Əzəmətin elə sözarası dediklərində paradiqmal düşüncənin dalğavari assosiasiya yaradan sezintiləri var: “Şer Şərq, Nəsr Qərb deməkdir həm də”. Zahirin öz şerləri haqqında passaj-yazısını Aydın Talıbzadə belə bitirir: “Mən Zahirin dünyasında, şəhərində özgəsiyəm. Onun modelləşdirdiyi gerçəklik də mənə yaddır. Bununla yanaşı, Zahirin şerlərindəki bu qəddar səmimiyyətə görə, səmimi kinayəsinə görə, latent tənqidi pafosuna görə, şübhəsiz ki, bir “Əhsən” də düşür, təbii ki, “Delete”dən öncə!”Tənqid budur – Razılaşmadığını da bir mövqe kimi qəbul edirsən. Zahir Əzəmətin və onun təmsil olunduğu boyun sənətdə zühuru da tikanlıdır: “Bir ovuc kənd uşağıydıq, yad, bütün qapıları üzümüzə bağlı olan meqapolisin ortasına atılmışdıq...” Azərbaycan – elə kənd uşağıdır. Kənd uşağı – elə Azərbaycanın taleyidir.
Azərbaycan mədəniyyətinin sıxılmış enerjisi elə o nöqtədən yarana və saçıla bilər... Amma gərək Aqşin Yenisey, Zahir Əzəmət, Xaqani Hass...yaradıcılıqlarını formalizm qəlibinə salıb boğmasınlar. Ruh bu durumda çarmıxa çəkilmiş kimi olur. Tarixdən bəlli: hətta ən qüdrətli qələm sahibləri belə formalizmə yuvarlanmaqla gömülüblər. Onlar istedadlı, fəqət sözlərini azdırıb tapmaqdan ləzzət alandırlar. İstedad – hər kəsin Özünün olduğu kimi, həm də Yerüzünün sərvətidir. Nadir bitkilər tək. Nə tabut, nə sümüklər, dünyanın yaddaşında Ruh – formalizmi soyundurulmuş Ədəbiyyat (Söz) qalır...
banner

Oxşar Xəbərlər