• cümə, 19 Aprel, 04:02
  • Baku Bakı 18°C

“Tələbə olanda adam nə istədiyini tam olaraq bilmir” - Uğur hekayəsi

05.03.20 13:45 5207
“Tələbə olanda adam nə istədiyini tam olaraq bilmir” - Uğur hekayəsi
Pərviz Hacıyev: "Xaricdə işləməyimdə təhsildən çox iş təcrübəmin daha böyük rol oynadığını düşünürəm”
İT sahəsinə uşaq yaşlarından marağı olsa da, ali təhsilini iqtisadiyyat üzrə alır. Ancaq sonra maraq göstərdiyi sahə ilə təhsil aldığı sektorun birləşdiyi İT auditdə çalışır. "Ali təhsil almaq həmişə şərt deyil, istək olandan sonra İT-yə həvəskar şəkildə başlayıb sonradan peşəkar mütəxəssis olmaq hər zaman mümkündür” – deyən müsahibimiz "PwC” şirkətinin Böyük Britaniyada yerləşən baş ofisində İT audit sahəsində aparıcı mütəxəssis işləyən Pərviz Hacıyevdir.

- Hazırda İT audit sahəsindəsiniz. Təhsiliniz iqtisadiyyatla bağlıdır, amma işiniz həm də İT bilikləri tələb edir. Bu yönəlmə necə baş verib?
- Çox təsadüfi alınıb desəm, yanılmaram. Bakalavr təhsilimi Mançester Universitetində, iqtisadiyyat sahəsi üzrə almışam. İkinci kursu bitirdikdən sonra yay tətilində qısa müddətliyinə Bakıya qayıtdım, burada olduğum müddətdə "Deloitte” şirkətinin Bakı ofisində İT audit sahəsi üzrə iki aylıq təcrübə keçdim. İT sahəsinə olan həvəsim və iqtisadiyyat sahəsində təhsilim işlədiyim müddətdə bu sahəyə olan marağımı daha da artırmağa başladı, İT audit sahəsində karyerama da ilk addımım elə buradan başladı.

Mançesterdə təhsilimi başa vurandan sonra Bakıya qayıtdım və bu sahədə iş axtarmağa başladım. İT audit sahəsi o zaman Azərbaycanda çox populyar deyildi, vakansiyalar ildə bir dəfə olurdu, buna görə bu sahə üzrə iş tapmaqda həm şanslı olmağım, həm də yayda qazandığım təcrübənin böyük rolu oldu. İş müraciətləri zamanı bir neçə müxtəlif müsahibələrdə iştirak etdim və sonda PwC-nin Bakı ofisindən İT audit sahəsi üzrə iş təklifi aldım.

İşlədiyim müddətdə gələcəkdə xaricdə bu sahə üzrə karyeramı davam etdirmək qarşıma qoyduğum əsas hədəflərdən biri idi. İki il təcrübə qazandıqdan sonra xarici şirkətlərdə bu sahə üzrə işlərə müraciət etməyə başladım və Böyük Britaniyanın KPMG şirkətindən iş təklifi aldım və 2019-cu ilin yanvarında Londona köçdüm. Altı ay işlədiyim müddətdə Britaniyanın biznes mühitinə adaptasiya oldum və bu sahə üzrə daha yüksək vəzifələrə müraciət etməyə başladım. Qısa müddət ərzində PwC-nin Londonda yerləşən baş ofisində eyni sahə üzrə aparıcı audit mütəxəssisi vəzifəsinə iş təklifi aldım. Ötən ilin avqustundan burda çalışıram.


- İT ilə bağlı məlumatlı idiniz, yoxsa bunu işlədikcə öyrəndiniz?
- Kompüterlər, İT sahəsinə marağım uşaq yaşlarından yaranıb. O vaxt indiki kimi internetə çıxış asan deyildi, materiallar az idi, amma sadə problemləri həll etməyi, araşdırıb öyrənməyi sevirdim. İş mühitində də qazandığım təcrübənin rolu böyük olub.

- İT-yə bu qədər həvəsiniz var idisə, niyə ali təhsili bu istiqamətdə almadınız?
- Tərəddüdlü idim. Əslində İT üzrə təhsil almaq istəyirdim. Kompüter mühəndisliyi ixtisası birinci qrupda idi. Birinci qrupdakı kimya, fizika kimi fənlərdən biliyimin çox dərin olmadığını düşünürdüm. Ona görə belə qənaətə gəlmişdim ki, birinci qrupa getsəm, o qədər də yüksək bal yığa bilməyəcəm. Yaxşı universitetdə təhsil ala bilmək üçün bu qərarı verdim.

- Yəni təhsilinizi İT deyil, iqtisadiyyat üzrə aldığınıza peşman deyilsiniz?
- Bu barədə çox düşünmüşəm, amma bilmək olmaz, bəlkə o sahəni seçsəydim, indi burada olmazdım. Bunu ona görə deyirəm ki, qəbul imtahanında yaxşı bal topladığım üçün ADA Universitetinə qəbul oldum, təhsil aldığım müddətdə çox savadlı və bacarıqlı tələbələrin, xarici və yerli müəllim heyətinin çevrəsində oldum. Düzdür, sonra o təhsilimi yarımçıq qoyub dövlət proqramı ilə Mançester Universitetində təhsil aldım. Xaricdə təhsil almağım, gələcək hədəflərimin müəyyən olunmasında bütün bu faktorlar çox böyük rol oynadı. Bundan əlavə, gündəlik işimdə həm maliyyə məlumatları, həm də İT sistemləri ilə işləyirəm və buna görə hər iki sahədə anlayışlı və təcrübəli olmaq mənə faydalı olur.


- Xarici ölkələrdə təhsil alan şəxslər üçün ölkə xaricindəki şirkətlərdə işə düzəlməyin daha asan olduğunu deyirlər.
- Bu fikirlə müəyyən mənada razılaşıram, müəyyən mənada yox, çünki təhsil aldığınız ölkədən çox şey asılıdır. Məsələn, Almaniya, Avstraliya, Kanada kimi ölkələrdə təhsilini başa vuran əcnəbi tələbələrə ölkədə iş axtarıb tapmaq üçün bir müddət vaxt verilir. Britaniyada isə təhsil aldığın müddətdə iş tapa bilməsən, ölkəni tərk etmək məcburiyyətindəsən. Qısa müddətdə iş tapmaq alınmadı deyə, mən Bakıya qayıtdım. Ölkədə çalışıb təcrübə yığıb xarici şirkətlərə müraciət etdim. Ona görə də xaricdə işləməyimdə təhsildən çox iş təcrübəmin daha böyük rol oynadığını düşünürəm. Ola bilər ki, Londonda işlərə müraciət edəndə, xaricdə təhsil almağım müəyyən mənada müsbət təəssürat yaradıb, amma sırf viza məsələlərinə görə çox müraciət etdiyim yerlərdən imtina cavabları almışam, iş müsahibələrimin hamısında suallar əsasən texniki olub və texniki anlayışları mən elə iş prosesində öyrənmişdim.

- İş prosesində İT üzrə təhsil almamağınızın əskikliyini hiss edirsiniz?
- Yox. Ümumiyyətlə, İT auditdə İT sahəsi üzrə təhsilin olması şərt deyil. Hətta deyərdim ki, bu sahədə maliyyə və iqtisadi təhsilli namizədlərə daha çox üstünlük verirlər. Çünki biz banklar, maliyyə sistemləri, auditorlar ilə işləyirik. Sistemin texniki tərəflərini, təhlil etsək də, kompüter mühəndisləri kimi kod yazmırıq. Buna baxmayaraq, İT sahəsində təcrübəsi, dərin anlayışı olan işçilər daha çox fərqlənə bilirlər, xaricdə işlədiyim müddətdə mən də bu sahələrdə müntəzəm şəkildə özümü inkişaf etdirməyə çalışıram.

Kiminsə İT ilə bağlı hər hansı çətin problemini həll edəndə, ilk sualları bu olur ki, İT üzrə təhsil almısan? İkinci sual da olur ki, niyə almamısan? Mənə elə gəlir ki ali təhsil almaq həmişə şərt deyil, istək olandan sonra bu sahəyə həvəskar şəkildə başlayıb sonradan peşəkar mütəxəssis olmaq hər zaman mümkündür.


- İndiyə qədər böyük və prestijli şirkətlərdə çalışmısınız. Bunlar alınanlardır. Müraciət edib "yox” cavabı aldıqlarınızdan da danışaq.
- Eh, o qədər olub ki (Gülür). Ən çox da yeni məzun olduğum dönəmdə bu hallarla üzləşirdim. Çünki şirkətlər heç də həmişə yeni məzunların müraciətlərinə baxmırlar. Universitetdə təhsil aldığım müddətdə Britaniyada işlərə müraciət edirdim, lakin müraciətə gecikdiyimə görə çox şirkətdən imtina cavab alırdım. Bu imtina cavablarının hamısı da "Biz çox peşmanıq ki, sizin müraciətinizi qəbul edə bilmirik” cümləsi ilə başlayırdı. İlk iş təklifimi alanda imtina aldığım şirkətlərin sayını bilmək üçün elə elektron poçtumda "peşman” (regret) sözünü yazıb axtarış etdim 60-a yaxın nəticə çıxdı (gülür). Uzun sözün qısası, alınmayanlar çox olub, amma düşünürəm ki, bəziləri yaxşı ki alınmayıb. Çünki tələbə olanda, adam nə istədiyini tam olaraq da bilmir, kənardan hamının dediyi kimi "əsas yaxşı maaşlı ofis işi” olsun, "kompüteri, ingilis dilini bilirəm”, "nə iş olsa işləyərəm” (gülür).

- "Yox” cavabı alanda, həvəsdən düşmə olmurdu?
- İlk vaxtlar məyusluq olurdu, sonradan adiləşir, insan öyrəşir. Həmişə çalışırdım ki, niyə mənfi cavab aldığımın səbəbini öyrənim. Bu, gələcəkdə eyni səhvləri etməməyim üçün önəmli idi. Ona görə də mənə mənfi cavab verən şirkətlərin İnsan Resursları şöbəsində məni az qala tanımayan qalmamışdı (Gülür). Digər tərəfdən, bəzi şirkətlər viza prosesində olan xərclər və çətinliklərə görə xaricdən gələn müraciətlərə ümumiyyətlə, baxmırdılar. İmtina cavabının bu səbəbdən olduğunu öyrənəndə, ən azından bilirdim ki, bir də həmin işlərə müraciət etməyəcəm, çünki işə müraciət etmək çox vaxt aparan prosesdir.

Bu sahədə müntəzəm olaraq zəif tərəflərim üzərində işləyib, növbəti il üçün özümə hədəf planları hazırlayırdım. Nəhayət iki ildən sonra tilsimi qıra bildim.

- Rubrikamızın ənənəvi sualı: uğurun sirri nədir?
- Məncə, çatdığım mövqeni uğur adlandırmaq üçün hələ çox tezdir, çünki belə iddia ölkəmizin dünya səviyyəsində tanınan mütəxəssislərinə qarşı haqsızlıq olardı (gülür). Əldə etdiyim nəticəni isə qərarlı, səbirli olmağım və həvəsdən düşməməyimlə bağlayardım. İnsan yıxıla-yıxıla öyrənir, neqativ nəticələr məni məqsədimə gedən yolda heç vaxt həvəsdən salmayıb, həmişə yeni nəsə öyrədib.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər