“Təhsildə uğur kəndə, şəhərə baxmır” - Örnək

“Təhsildə uğur kəndə, şəhərə baxmır” - Örnək

Gənclik qəzeti
28 İyun 2019, 13:15 4834
Ucqar kənd məktəbinin şagirdidir. Uğurları ilə məqsədlərin, xəyalların kəndi və şəhəri olmadığını sübut edib. Onun arzuları sərhəd tanımır. Deyir ki, əgər təhsildə uğur qazanmaq istəyirsənsə, sənə nə şəraitsizlik, nə hava, nə də uzaq yol maneə ola bilər. Ona görə, tək bir yol var: oxu və qalib ol...

Müsahibimizucqar kənd məktəbinin şagirdi, olimpiada qalibi, "Birincilərin birincisi” Ceyhun Əsədovdur. O, ölkənin ən güclü 8 şagirdindən biridir.

Ceyhun Xaçmaz rayonunun Şəmsəddin Sədiyev adına Qımıl Qışlaq kənd tam orta məktəbinin XI sinif şagirdidir. O, respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ən yüksək nəticə göstərərək "Birincilərin birincisi” nominasiyasına layiq görülüb.
 
"3 şagirddən biri idim”
 
Həmsöhbətimiz 2001-ci ildə Xaçmaz rayonunun Molla-bürhan kəndində anadan olub. Həmin kənddə təhsil 9 illik olduğu üçün 2 ili digər kənd məktəbinə getməyə məcbur olub. Hər iki məktəbi əlaçı kimi başa vurub. 2017-2018-ci illərdən respublika fənn olimpiadalarında iştirak edib: "Orada məktəb turu, daha sonra rayon turunu keçdim və final mərhələsinə vəsiqə qazandım. Rayonumuzu təmsil edən 3 şagirddən biri idim. Bu da mənim üçün böyük məsuliyyət idi. Lakin o zaman fənn olimpiadasından medal əldə edə bilmədim. Həmin vaxtdan etibarən qarşıma məqsəd qoydum və söz verdim ki, gələn il də respublika fənn olimpiadasında iştirak edəcəyəm və rayonumuza medal gətirəcəyəm. May ayından etibarən ciddi şəkildə hazırlaşmağa başladım. Məktəbdə tapşırıqlara xüsusilə diqqət yetirirdim. Nəticədə final mərhələsinə qədər çatdım və qalib oldum”.
 

 
"Dərs vəsaitləri ilə kifayətlənmirdim”
 
Ceyhun yalnız olimpiadalarla kifayətlənməyib, ictimai işlərdə də fəallığı ilə seçilib: "Məktəbimizin ictimai işlərində də kifayət qədər fəal olmağa çalışmışam. Bundan əlavə, rayonda təşkil olunan rus dili olimpiadasında qalib gələrək ikinci yerə layiq görüldüm. "Əlaçı” televiziya verilişinin seçim turlarında iştirak etdim. "Milli mənəvi dəyərlərimiz” mövzusunda inşa yazısı müsabiqəsində fərqləndim. Sonuncu dəfə isə, Azərbaycan dili və ədəbiyyatı fənn olimpiadasında respublika üzrə uğur qazandım. İştirak zamanı nəinki "Birincilərin birincisi” adına, hətta qızıl medala layiq görüləcəyimi də gözləmirdim. Olimpiadaya hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin dərs vəsaitləri ilə kifayətlənmir, digər mənbələrə də müraciət edirdim. Bu qalibiyyət mənim zəhmətim hesabına başa gəldi. Çünki qalib gəlmək üçün ciddi vaxt sərf etmişdim”. 
 

 
"Roman yazmaq istəyirəm”
 
Ceyhunun məqsədi hüquqşünas olmaqdır: "Hədəfim hüquqşünas olmaqdır, amma qəbul oluna bilməsəm, yəqin ki, filologiya və ya tərcüməçilik istiqamətlərində ixtisaslaşa bilərəm. Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsindən 592 bal topladım. Yayda keçiriləcək qəbul imtahanında iştirak edəcəm və 600 baldan yuxarı nəticə göstərməyi planlaşdırıram. Düşünürəm ki, hüquqşünaslıq vətənə xidmətin fərqli formasıdır. Çünki hüquq, ədliyyə sistemi dövlətin əsas strukturlarından biridir və gələcəkdə bu sahədə çalışmaq, qanunlarla işləmək mənim üçün böyük bir şərəf olardı. Bu şərəfə nail olmaq üçün əlimdən gələni edəcəyəm ki, yay imtahanlarında yüksək nəticə göstərim. Həmçinin gələcək arzularımdan biri də kitab müəllifi olmaqdır. Bədii əsər, roman yazmaq istəyirəm”. 
 
"Çalışaraq uğur əldə etmək mümkündür”
 
Olimpiadaya hazırlıq mərhələsindən danışan müsahibimiz deyir ki, həm qəbul imtahanları, həm də yarışa hazırlıq mərhələsi asan olmayıb. Amma uşaqlıqdan təhsildə uğur əldə etməyi planlaşdırdığı üçün bütün çətinliklərə sinə gərib: "Məni olimpiadada iştirak etməyə sövq edən Azərbaycan dili və ədəbiyyatına duyduğum həvəs idi. İnanırdım ki, bu fənn üzrə olimpiadaya qatılsam, ən azından müəyyən yerə qədər gəlib çata bilərəm. Keçən il iştirak etməklə özümə sübut etdim ki, çalışaraq uğur əldə etmək mümkündür. Digər fənlər üzrə də qatıla bilərdim. Müəllimimin məsləhəti ilə ən sevdiyim fənn üzrə yarışdım”.
 

 
"Ailəm mənə təzyiq göstərməyib”
 
Ceyhunun gərgin dərs marafonunda ən böyük dəstəkçisi ailəsi olub: "Ailəmdən stimul alırdım.  Onlar mənə oxumaq üçün təzyiq göstərməyiblər. Heç vaxt,  "oxu”, "olimpiada da iştirak et”, "uğur qazan”, "imtahanlarda yüksək nəticə əldə et” kimi təzyiqləri olmurdu. Mənə qətiyyən demirdilər ki, filankəs bu qədər bal topladı, sən də toplamalısan. Filankəs filan uğuru əldə etdi, sən də etməlisən. Əksinə, elə vaxtlar olurdu ki, gecə səhərə qədər dərs oxuyurdum və fasilə edə bilmirdim. O zaman deyirdilər ki, özünü çox yükləmə. Ola bilər ki, imtahanda uğur əldə edə bilməzsən, canın sağ olsun. 
Bu ən böyük dəstək idi. Çünki imtahan, məktəb, dərslərə hazırlıq stressi kifayət qədər var idi. Bir də ailədən təzyiq görmək heç bir abituriyent, şagird üçün məncə, xoşagələn deyil. Ailədə belə məsələlərdə sərbəstlik vermək, təzyiq etməmələri daha gözəldir. Bu dəstək məni daha da çox həvəsləndirirdi. Ən azından inanırdım ki, uğursuzluq dünyanın sonu deyil, qalib olmasam belə, ailəm yanımdadır”.
 

 
"Hər gün dərs oxumaq faydalı deyil”
 
Olimpiadaya və ya qəbul imtahanlarına hazırlaşan həmyaşıdlarına müraciət edən Ceyhun deyir ki, istirahətsiz dərs oxumaq heç də uğura aparan yol deyil: "Hazırlaşarkən ən azından həftədə bir gün istirahət etmək, kitablardan uzaqlaşmaq lazımdır. Çünki düzgün şəkildə istirahət etmək də uğurun əldə edilməsində müəyyən qədər rol oynayır. Gündəlik olaraq dərs oxumaq faydalı deyil”.
 
Kənd məktəblisinin qalibiyyəti...
 
Olimpiada haqqında təəssüratlarını bölüşən həmsöhbətimiz deyir ki, kənd məktəblisi kimi qalib elan olunmaq onun üçün qürurvericidir: "Məni sevindirən əsas fakt o oldu ki, olimpiadada sağlam mühitin və şəffaflığın yaradılmasına xüsusilə diqqət yetirilirdi. Bu il "Birincilərin birincisi” oldum. Eyni zamanda bir kənd məktəblisi kimi şəxsən ölkənin təhsil naziri tərəfindən təltif olunmaq və onun əlini sıxmaq böyük bir qürur idi. Və bu qüruru rayonumuza, məktəbimizə yaşatmaq mənim üçün əlavə bir fəxr idi. Fənn olimpiadalarının sualları təbii ki, çətin idi. Çətinlik isə mərhələlərə görə dəyişirdi. Birinci, ikinci mərhələ üçüncü mərhələyə nisbətən asan idi. İlk mərhələlərdə qapalı suallar düşürdü və həmin suallar üzərində ciddi şəkildə məşğul olurdum. Əlavə mənbələrdən, dərsliklərdən daha çox istifadə edirdim. Üçüncü turda isə açıq suallar düşürdü. Bu dəfə o qədər ciddi hazırlaşırdım ki, bütün sualları cavablandırmaq mənə çətin olmadı. Keçən ilki olimpiadada iştirakım mənim üçün təcrübə və dərs oldu. Mən o səhvlər istiqamətində də ciddi şəkildə işləyirdim”.
 
 

Ceyhun sonda vurğuladı ki, təhsil sahəsində uğur əldə etmək kəndə, şəhərə baxmır: "Təbii ki, şəhərdə təhsil imkanları rayonlara, kəndlərə nisbətən daha genişdir. Məsələn, mənim orta təhsil aldığım məktəb kifayət qədər təmirsiz bir məktəb idi. 9 illik təhsil aldığım kənd məktəbi də təxminən elə. Amma təhsil sahəsində uğur əldə etmək üçün insanda stimul, həvəs, istək olmalı, eyni zamanda verilən tapşırıqlar düzgün cavablandırılmalıdır. İki il təhsil aldığım məktəb qonşu kənddə yerləşirdi. Kəndlər arasında 3-4 km məsafə var idi və əksər vaxtlar o yolu piyada gedib-gəlmişik. Əziyyətlə qazanılan qalibiyyətin zövqü bir başqa olur”. 
 
Kənd sakinlərinin sevinci
 
Ceyhunu qalib olduqdan sonra kənddə sevinc və fərəh hissi ilə qarşılayıblar. Deyir ki, həmkəndlilərinin gözlərindəki sevinci görmək üçün oxumağa dəyər: "Mənə dərs deyən müəllimlərimə və valideynlərimə minnətdarlığımı bildirirəm. Mən əlavə hazırlığa yalnız 11-ci sinifdə getdim. Olimpiadaya hazırlaşarkən məktəb rəhbərliyi mənə ciddi diqqət yetirirdi. Onlar da məndən bu nəticəni gözləyirdilər. İstəyirdilər ki, rayonumuzu uğurla təmsil edim. Uğuruma təbii ki, müəllimlərim, valideynlərim, sinif yoldaşlarım, dostlarım, kəndimizin sakinləri çox sevindilər. Məni ən çox sevindirən və qürurlandıran da onların gözlərindəki o sevinci görmək idi”.
 
Aygün ƏZİZ