• çərşənbə axşamı, 16 aprel, 08:07
  • Baku Bakı 14°C

Təhlükəsiz, tıxacsız, ekoloji baxımdan da sərfəli

18.10.19 09:30 961
Təhlükəsiz, tıxacsız, ekoloji baxımdan da sərfəli
"Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir”. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər: "Bu gün şəhərimizdə metro və müntəzəm marşrut xətt avtobuslardan başqa, ictimai nəqliyyat növləri yoxdur. Son vaxtlar dəmir yolu xətlərinin bərpası istiqamətində mühüm addımlar atılmaqdadır. Lakin əlavə ictimai nəqliyyat növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi çətinliklər yaradır. Bu gün avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz min nəfərdir. Bu, çox ciddi rəqəmdir. Buna görə də, dövlət, avtobus şəbəkəsinin müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün əsasən, avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir. Ən əsası da, sıxlıqların azaldılması baxımından".


Maraqlıdır, günümüzdə tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi nə qədər realdır? Bu məsələ ilə bağlı infrastrukturun qurulması üçün Bakının yollarında münasib şərait varmı? Ümumiyyətlə, təklifin reallaşması üçün hansı işlər görülməlidir?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovqeyd etdi ki, dünyanın əksər ölkələrində müxtəlif sərnişindaşıma vasitələrindən istifadə edilir: "2018-ci ilin dekabr ayında yol hərəkəti qaydalarına dair dövlət proqramı qəbul edilmişdi. Bu, 2019-2022 illəri əhatə edən bir sənəddir və burada tramvayların istismara verilməsi ilə bağlı müddəa var. Qeyd edilir ki, sərnişinlərin daşınmasını təkmilləşdirmək üçün müxtəlif növ nəqliyyat vasitələrindən istifadəyə dair tapşırıq verilir. Burada digər nəqliyyat vasitəsi kimi tramvaylar və elektrik avtobusları nəzərdə tutulur. Bizim şəhər infrastrukturu nəzərdən keçirilməli, məsələnin iqtisadi səmərəliliyi müəyyən edilməli, tramvayların tətbiqinin mümkünlüyü təhlil edilib öyrənilməli, təkliflər paketi halında hazırlanıb aidiyyəti qurumlara təqdim edilməlidir. Bu proses 2022-ci ilə qədərə baş tutmalıdır. Bütövlükdə isə dünyanın bir çox ölkəsində sərnişin daşımalarda müxtəlif növ nəqliyyat vasitələrindən istifadə edilir. Dəmir yolu qatarları, metro, avtobuslar, tramvaylar, trolleybuslar - bunlar hamısı bir-birinə inteqrasiya olunan nəqliyyat vasitələridir. Hansı ki, dünyanın bütün ölkələrində sərnişindaşımada bu nəqliyyat vasitələrindən istifadə edilir. Hətta, bizə qonşu olan bəzi ölkələrdə tramvay və elektrik avtobuslarından hazırda istifadə olunur. Azərbaycanda, xüsusilə Bakı şəhərində yol infrastrukturumuz təhlil edildikdən sonra tramvayların tətbiq edilməsinin nə dərəcədə mümkün olub-olmadığı müəyyənləşəcək. Tramvay xətləri çoxzolaqlı yollarda çəkilməlidir. Həmin yollara misal olaraq isə həmişə Hüseyn Cavid, Qara Qarayev prospektini, Həsən Əliyev prospektinin müəyyən bir hissəsini, indiki Təbriz küçəsini misal göstərirdik. Amma indi vəziyyət dəyişib. Nəqliyyatın sıx olduğu bir şəraitdə tramvay yolları istənilən yerdə çəkilə bilməz. Ona görə də, çoxzolaqlı yollarda tramvay yolu salınmalıdır. Qeyd edim ki, Bakının bəzi rayonlarında tramvay yolunun çəkilməsi üçün şərait var. Amma tramvayın normal şəkildə işləməsi üçün vahid tramvay xətti şəbəkəsi olsun. Tramvay yolları qırıq-qırıq yox, bir biri ilə əlaqəli şəkildə olmalıdır”.
Ekspert deyir ki, tramvay bəzi keyfiyyətlərinə görə, digər sərnişindaşıma vasitələrindən üstündür: "İlk olaraq ekoloji cəhətdən zərərsiz olması, tramvayın digər nəqliyyat vasitələrindən seçilməsinə səbəb olur. Digər tərəfdən, təhlükəsiz nəqliyyat vasitəsidir. Yəni tramvayların iştirakı ilə qəzalar olmur. Bundan başqa, tramvaylar onlar üçün ayrılmış zolaqla hərəkət etdiklərindən tıxacda qalmırlar. Yəni vaxtının böyük bir hissəsini tıxacda keçirən şəxs üçün tramvay ən optimal variantdır. Düzdür, bəziləri düşünür ki, tramvayın sürəti digərlərindən fərqli olaraq aşağıdır. Amma buna baxmayaraq tramvayın gətirdiyi dividentlər daha üstündür. Digər bir məsələ isə nəqliyyat vasitəsinin qiymətidir. Dünyada da belə bir təcrübə var ki, tramvaylar digər sərnişindaşıma vasitələrindən fərqli olaraq, bir qədər ucuz olur. Amma bizdə necə olacaq, onu bilmirəm. Çünki bizdə vahid gediş haqqı tətbiq edilir. Belə ki, metroda və avtobusda da gediş haqqı 30 qəpikdir. Ona görə, düşünürəm ki, tramvayların istifadəyə verilməsi gündəmə gələrsə, gediş haqqı məsələsi də müzakirə mövzusu olacaq”.
Günel Azadə

banner

Oxşar Xəbərlər