• cümə, 19 Aprel, 12:02
  • Baku Bakı 25°C

«Təəssüf ki, atalar ancaq oğulları haqda fikirləşir» - Müsahibə

20.10.14 12:33 2949
«Təəssüf ki, atalar ancaq oğulları haqda fikirləşir» - Müsahibə
Həmişə hər yerdə “cənnət anaların ayağı altındadır” deyirik. Amma çox vaxt onlara sözdə dediyimiz gəlişigözəl bu cənnəti cəhənnəm edənlər də olur. Cəmiyyətimizdə və ailədə qadınlara münasibət, onların həyatımızdakı rolu barədə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva ilə söhbətləşdik.
- Ülkər xanım, necə düşünürsünüz, Azərbaycan qadınını azad qadın hesab etmək olarmı?
- Çox təəssüf ki, Azərbaycanda azad qadın ifadəsi tamamilə başqa cür qəbul edilir. Bir dəfə telekanalların birində azad qadın haqqında danışırdıq. Bu vaxt bir nəfər kişi rayondan efirə qoşuldu və dedi ki, “siz qadınlara azadlıq istəyirsiniz, deyirsiniz, qadınlarımızı küçəyə buraxaq, gedib pozğunçuluqla məşğul olsunlar?!”. Veriliş iki saata yaxın idi yayımlanırdı. İzah etməyə çalışırdıq ki, biz qadın azadlıqları deyəndə onun qərarvermə, seçim etmə, öz hüquqlarından sərbəst şəkildə, kimsənin müdaxiləsi olmadan istifadə etməsini nəzərdə tuturuq. İki saatlıq söhbətdən sonra tamaşaçı tamamilə adekvat olmayan bir reaksiya verdisə, demək, Azərbaycan ictimaiyyətini maarifləndirməyə çox ehtiyacımız var.
Artıq bəzi Azərbaycan məktəblərində qız uşaqlarını məktəbə göndərmirlər, ya da ən yaxşı halda ibtidai sinfi bitirdikdən sonra qızları çıxarıb evdə oturdurlar, yetkinlik yaşına çatmayan qızları ərə verirlər. Bu, nəinki Azərbaycanın rayonlarında, hətta Bakının kəndlərində baş verir.
Ümumiyyətlə, bəzi Azərbaycan ailələrində qız uşağı dünyaya gələn kimi ona qarşı qadağalar, basqılar başlayır, ailədəki oğlan uşağından fərqləndirilir. Oğlan hər şey edə bilər, amma qıza olmaz. Qıza anadan olandan başlanan basqılar ömür boyu davam edir.
- Sizcə, azadlığı uğrunda mübarizə aparmamaqda günah qadının özündədir, yoxsa cəmiyyətdə?
- Azərbaycan qadınları kifayət qədər passivdirlər. Onlar maariflənmək, cəmiyyət içinə çıxmaq istəmirlər, ictimai-siyasi proseslərə son dərəcə laqeyddirlər. Fikir verirəm, orta məktəblərdə yetkinlik yaşına çatmış qızların çoxu özlərini daha çox ailə qurmağa, ərə getməyə kökləyiblər, nəinki təhsilini davam etdirməyə, karyera qurmağa. Universitetə daxil olanlar da bununla işlərini bitmiş hesab edirlər. Düşünürlər ki, qarşılarına qoyduqları məqsədə nail oldular, artıq rahat şəkildə ərə gedə, ər evinə cehiz kimi diplom apara bilərlər. Yəni, təhsilə və diploma belə yanaşırlar. Birmənalı şəkildə qadınlara basqı edənlərin yalnız kişilər olduğunu demək də ədalətsizlik olar. Azərbaycan qadınlarının özləri belə qadınları əzməyə, onların hüquqlarını məhdudlaşdırmağa meyllidirlər. Analarımızın qız uşaqlarına baxışlarından götürək. “Qız uşağısan, sənə olmaz” deməklə, qızlarını çox şeydən məhrum edirlər. Azərbaycan qadınının bədbəxtçiliyi həm də odur ki, təkcə ailədə onun başının üstündə azı üç kişi var; ata, qardaş və ər. Hələ qayınatanı, qayınları, dayı, əmi oğlanlarını demirəm. Qadın bu kişilərin təqibini daim öz üzərində hiss edir. Burda artıq iqtisadi asılılıq məsələsi də rol oynayır. Adam iqtisadi cəhətdən nə qədər asılı olsa, azadlıqları bir o qədər məhdudlaşdırılacaq.
-Bəzi mütəxəssislərin sözlərinə görə, son illər Azərbaycanda boşanmaların artmasının səbəbi qadınların iqtisadi azadlıq əldə etməsidir...

- Boşanma səbəblərinə nəzər salsaq görərik ki, əksəriyyəti iqtisadi cəhətdən təmin olunmuş qadınlar deyil. Çoxu erkən ailə quran, ailə qurarkən ailənin gələcək iqtisadi həyatı barədə heç bir fikri olmayan, ailə iqtisadiyyatını planlaşdırmayan xanımlardır. Düşünürəm ki, maddi cəhətdən təmin olunmuş, işləyən qadının ailəsində maddiyyatdan qaynaqlanan problemlər o qədər də olmur.
- Dediniz, Azərbaycan qadını 3 kişinin təqibini daim öz üzərində hiss edir. Etiraf edək ki, məhz bu təpki qızlarımızın öz şəxsi həyatlarını istədikləri kimi qurmasında problemlər yaradır. Biləsuvarda atanın 28 yaşlı, 1 uşaq anası olan boşanmış qızının başını kəsməsi də bunu sübut edir. Qız çoxdan ərindən boşanıb və atası onun başqa kişi ilə münasibət qurmasından şübhələnib başını kəsir. Acınacaqlı deyilmi 25, hətta 40-50 yaşında qızlarımız, qadınlarımız atanın, qardaşın təpkisi altında öz şəxsi həyatlarını qura bilmir, ya da onların istəyinə uyğun qururlar...
- 18 yaşa çatandan sonra hər bir şəxsin öz həyatını istədiyi kimi qurmaq hüququ var. Milli-mənəvi dəyərlər baxımından məsələyə yanaşdıqda isə ortaya namus söhbəti çıxır və məsələ qəlizləşir. Azərbaycanlı, nəhayət 21-ci əsrdə başa düşməlidir ki, namus, vicdan, qeyrət fiziki deyil, mənəvi anlayışlardır. Məsələn, mən rüşvətxor, başqalarının haqqı olan pula göz dikən birini fahişəlik edəndən daha pis qiymətləndirirəm. Fahişə öz bədənini istismar etdirməklə pul qazanır. Amma rüşvətxor başqasını istismar edir, başqasının cibinə girir və əziyyət çəkmədən, heç bir iş görmədən ondan pul qazanır.
- Ülkər xanım, çoxları düşünür ki, əgər ər arvadını döyürsə, bu, onların şəxsi işidir. Kənardan heç kim bu məsələyə müdaxilə edə bilməz. Bu, nə dərəcədə düzgündür?
- Beynəlxalq hüquqi normalara əsasən, zorakılıq heç bir fərdin, ailənin daxili işi deyil. Cəmiyyətdə qadına, kişiyə, fərdə qarşı zorakılıq varsa, bu, cəmiyyətin problemidir. Sizi əriniz döyürsə, bu, artıq yalnız sizin və ərinizin problemi deyil. Çünki ərinizin sizi döyməsi uşaqlarınıza, qonşulara, ətrafa sirayət edir. Qonşuda baş verən vəhşilikdən, dəhşətdən mənə də pay düşür. Mənə psixoloji, mənəvi cəhətdən təsir edir. Mənim uşaqlarım evimin içində vəhşət səslərindən sarsılır. Mənim ixtiyarım var ki, gedib o qonşunun qapısını döyüm və deyim ki, “sənin ixtiyarın yoxdur, mənə və mənim ailəmə qarşı bu qədər mənəvi, psixoloji işgəncələr verəsən”.
- Qadınlarımızın ailədə yerindən danışdıq. Bəs Azərbaycan qadınlarının cəmiyyətdə rolunu necə qiymətləndirərdiniz?
- Azərbaycan qadınları əhalinin 51 faizini təşkil edir. Amma qadınlarımızın həm icra, həm qanunverici, həm də yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi aşağıdır. Beynəlxalq təcrübəyə, xüsusilə Finlandiya və Litva təcrübəsinə müraciət etsək, görərik ki, onlarda qadınlar cəmiyyətdə tutduqları mövqelərə görə kişiləri keçiblər. Bu, necə baş verib? Əvvəl Finlandiyada qadınların yuxarıda adlarını sadaladığım orqanlarda iştirakıyla bağlı kvota müəyyənləşdirilmişdi. İcra, qanunverici və özünüidarəetmə orqanlarında çalışanların 30 faizi məcburi qaydada qadınlardan ibarət olmalı idi. Proporsional seçki sisteminin tətbiqi zamanı partiyalara tələb qoyulurdu ki, namizədlərin 30 faizi qadın olmalıdır. Finlər kvotalar ayırmaqla qadınların cəmiyyətdə öz yerlərini tutmasına nail oldular. Qadınlar da öz növbəsində işlərini elə gözəl gördülər ki, cəmiyyət qadınlara inanmağa başladı.
Düşünürəm ki, əgər Avropa ölkələri bunu tətbiq edibsə, Azərbaycanda bunun tətbiqinə çoxdan ehtiyac var. Qadınlarla bağlı stereotipləri qırıb dağıtmaq üçün sözügedən üsulu Azərbaycanda da tətbiq etmək lazımdır.
- Sizcə, işləməyən qadın həyat yoldaşı üçün nə dərəcədə maraqlı ola bilər?
- Mənə belə gəlir ki, maraqsız olar. Mən bir anlıq özümü təsəvvür edirəm və düşünürəm ki, əgər dünyagörüşü, təhsili olmayan, ictimai proseslərdən baş çıxarmayan bir adamla necə yaşayardım? Bizim söhbətlərimiz nədən ibarət olardı? Gələcəklə, uşaqlarımızla bağlı necə plan qurardıq? Bunları təsəvvür edə bilmirəm. Amma elə adamlar var ki, belə şeyləri qəbul edirlər və onlar üçün xoşdur. Yəni bizim cəmiyyətdə bu, fərqlidir. Elə kişilər var ki, həyat yoldaşlarının evdar qadın olmasını, heç nədən başının çıxmamasını arzulayırlar. Amma eləsi də var, deyir ki, “bezdim bu evdar qadından, kaş bu da filankəs kimi işləyəydi, adam içinə çıxaydı”.
Universitetdə bizə dərs deyən professor bir dəfə dedi ki, “mən oxudum, elm ardınca getdim, xanımım ailənin, uşaqların qayğısını çəkdi”. Soruşdum ki, “heç düşünmədiniz ki, bəlkə yoldaşınızı da harasa çıxarasız, bəlkə o da oxumaq istəyir”. Qayıtdı ki, “məncə, qadın evdə otursa, yaxşıdır”. Dəhşətə gəldim ki, bu adam bu şüur, bu düşüncəylə necə gəlib elmlər doktoru olub. Axı onun bir traktorçudan, qara fəhlədən fərqi olmalı idi.
Amma elə qadınlarımız da var ki, könüllü surətdə evdarlığa üstünlük verirlər. Düşünürlər ki, onlar uşaq dünyaya gətiriblərsə, yemək bişirir, ev işlərini görür, ərlərinin qulluğunda dururlarsa, demək, öz həyati funksiyalarını başa çatdırıblar. Əslində belə qadınları qınaya da bilmərik. Bu, onların öz seçimidir, əgər cəmiyyətdə hansısa işin qulpundan yapışa bilməyəcəklərsə, uşaqlarını tərbiyə etmələri daha yaxşıdır. Hətta mən cəmiyyət içinə çıxan elə işgüzar xanımlar tanıyıram ki, hərdən düşünürəm ki, onlar evdə otursaydılar, cəmiyyətimiz daha çox qazanardı...
- KİV-də demək olar ki, rast gəlinməyən qadınların mülkiyyət hüququna toxunmanızı istərdik. Ölkəmizdə xanımların mülkiyyət hüququ hansı vəziyyətdədir?
- Bizdə dədə-babadan qayda belə olub ki, atadan qalan miras oğula keçməlidir. Amma normalda mülkiyyət hüquqlarının daha çox qadınlara şamil edilməsi lazımdır. Çünki qəzadan, bəladan boşanan, ya həyat yoldaşı rəhmətə gedən qadınlarımız havada qalırlar. Adətən boşanmış xanım üçün deyirlər ki, boşanıb dədəsi evinə gedəcək, qardaşı da saxlayacaq, saxlamayacaq, bilinmir. Dağılan ailələrdə atası evinə gedən qadınlar ata, qardaş təzyiqi ilə rastlaşır, ya da küçə qadınına çevrilirlər. Ancaq o qadının özünə aid mülkiyyəti olsaydı, heç bunlara ehtiyac qalmazdı. Yaxud onun mülkiyyəti olsaydı, döyülüb-söyülməsinə, təhqir və işgəncələrə məruz qalmasına baxmayaraq, ömrünün sonuna qədər həyat yoldaşı ilə birgə yaşamağa məhkum olmazdı. Təəssüf ki, atalar ancaq oğulları haqda fikirləşir, onlar üçün ev tikməyi, bağ almağı düşünürlər. Qızlar atalar üçün maraqlı deyil, qızlara deyirlər ki, “əşi, ərə gedəcəksən, ərinin evi olacaq, yaşayacaqsan”.
- Rəhbərlik etdiyiniz “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi “Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması” adlı altı aylıq layihəni sona çatdırıb. Layihə qadınlarımıza nə qazandırdı?
- Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu layihəni maliyyələşdirməklə ölkə üçün son dərəcə lazımlı və faydalı olan bir işə imza atmış oldu. Layihəni həyata keçirməkdə məqsədimiz Azərbaycanın intellektual qadınlarını bir araya toplamaq, onları müəyyən istiqamətlər üzrə maarifləndirmək və Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynaya biləcək qüvvəyə çevirmək idi. İstəyirdik ki, həm cəmiyyət intellektual qadınların potensialından faydalansın, həm də qadınları müəyyən istiqamətlərdə maarifləndirərək ölkəmizdə insan inkişafına töhfə verək. Klubumuza qoşulan xanımlara pulsuz liderlik və PR texnologiyaları, karyera quruculuğu, özünə inamın, özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması, natiqlik sənəti, nüfuzetmə, komandaların qurulması ilə bağlı təlimlər keçdik. Onları müəyyən materiallarla təchiz etdik. Bundan əlavə, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu ilə bağlı Bakı və regionlarda debatlar təşkil etdik, xaricdə karyera qurmuş xanımlarla on-line fikir mübadiləsi apardıq. Ölkə qadınlarına töhfə kimi www.leaderwoman.az (həm də www.leaderwoman.org- Ü.A.) saytını yaratdıq. Sayt 3 dildə fəaliyyət göstərəcək. Bu saytda qadınlarla bağlı faydalı məlumatlar öz əksini tapacaq. Layihə 250-dək intellektual qadını bir mərkəzdə birləşdirdi. Bu mərkəz indən sonra da fəaliyyətini davam etdirəcək, həm ölkədə insan kapitalının inkişafı uğrunda çalışacaq, həm də Azərbaycan qadınlarının dünyadakı qadınlarla rəqabətdə önə çıxmasına töhfələr verəcək.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər