Tarixdən ibrət götürmək, dərs almaq gərəkdir
Millət vəkili Sahib Alıyev: "Tarix səhvlərindən
düzgün nəticə çıxarmayanları çox amansız şəkildə cəzalandırır”
Prezident İlham Əliyev Tərtər rayonuna səfəri çərçivəsində
ictimaiyyət nümayəndələri ilə görüşərkən Azərbaycanın tarixi torpaqlarının
zaman-zaman Ermənistana verilməsi, Dağlıq Qarabağ bölgəsinin və ətraf
rayonların işğal edilməsi faktına diqqət çəkib. Bildirib ki, bu tarixi faktları
unutmaq və bağışlamaq qeyri-mümkündür. Prezident qeyd edib ki, indiki Ermənistan
Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Onun sözlərinə görə, XX əsrin
əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələr də göstərir ki,
indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan
mənşəlidir. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə
XIX əsrin əvvəllərində köçürüldüyünü dilə gətirən Prezident İlham Əliyev
1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin
birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidənin
ucaldıldığını xatırladıb. İrəvanın qədim Azərbaycan şəhəri olduğunu qeyd edən
dövlət başçısı bildirib ki, əgər belə olmasaydı, Azərbaycan Demokratik
Respublikası (ADR) İrəvanın Ermənistana verilməsi, bağışlanması barədə qərar qəbul
etməzdi: "...Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim
şəhərimizin Ermənistana verilməsi düzgün addım olub? ...Bunu unutmaq və
bağışlamaq da olmaz. Guya bundan sonra Ermənistan Azərbaycana qarşı digər
iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! ...Azərbaycanın qədim diyarı
Zəngəzur da Ermənistana verildi və bununla da böyük türk dünyasında coğrafi
parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum
edildi”.
Cümhuriyyət
qurucularının ən böyük arzusu reallaşıb
Əsrin əvvəllərində ADR hakimiyyəti tərəfindən
bağışlanmaz güzəştlərin edilməsi mövzusu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə
açıqlayan millət vəkili Sahib Alıyevbildirib ki, indiki Ermənistan dövlətinin bütün ərazisi, o cümlədən paytaxt İrəvan
qədim, tarixi Azərbaycan torpaqlarıdır. Onun fikrincə, İrəvanın Ermənistana güzəştə
gedilməsi tarixi faktdır və bunu kimsə inkar edə bilməz: "Demokratik Cümhuriyyət
dövründə İrəvanın Ermənistana verilməsi məsələsini cənab Prezident dilə gətirəndə
mahiyyətcə antimilli şura olan təşkilatda toplaşanlar iddia edirlər ki, guya
ölkə başçısı bununla Azərbaycan xalq cümhuriyyəti qurucularını aşağılayır. Əsla
belə deyil. Azərbaycan xalq cümhuriyyəti qurucularını aşağılamaq istəyən lider
o tarixlə qürur duyduğunu dilə gətirməz. Azərbaycan xalq cümhuriyyəti
qurucuların aşağılamaq istəyən lider onların ən böyük amalı olan Azərbaycanın
dövlət quruculuğunda, müstəqilliyində bu dərəcədə mühüm rol oynamaz. Bu gün Azərbaycan
regionun lider dövlətdir. Müasir Azərbaycan müstəqillik baxımından postsovet
ölkələrinin əksəriyyətindən ən güclü siyasət yeridən dövlətdir. Bu, Cümhuriyyət
qurucularının ən böyük arzusu, amalı və hətta yuxularına girməyən reallıq
deyildirmi? O arzunu kim reallaşdırdı? Birmənalı olaraq ulu öndər Heydər Əliyev
və Prezident İlham Əliyev. Cümhuriyyətin layiqli varisi olmaq, əsil varislik bu
deyilmi? İndi bəziləri varis kimi özlərini ortaya atmağa çalışırdılar. Onlar
varis deyillər. Məhəmməd Əmin Rəsulzadə Hitler Almaniyası Azərbaycan müstəqilliyini
təhdid etdiyinə görə onlarla əməkdaşlığa getmədi. Amma özlərini Məhəmməd Əmin Rəsulzadə,
Cümhuriyyət qurucularının davamçısı kimi təqdim edən antimilli şuradakılar
bunun əksini ortaya qoyur, "beşinci kolon”un təsisçiləri qismində çıxış edirlər.
Başqa dövlətlərin bəlli strukturu altında öz ölkəsinə qarşı fəaliyyət göstərən,
öz dövlətlərinin marağını istənilən an satmağa hazır olan adamlardır həmin
antimilli şuradakılar. Bunlar haradan cümhuriyyət qurucularının varisləri ola
bilərlər?”.
Azılərbaycan
işğal faktı ilə barışmayacaq
S.Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin
cümhuriyyət tariximizlə bağlı bəzi məqamları dilə gətirməsinin başlıca məqsədi
tarixdən ibrət götürmək, dərs almaqdır: "Çünki tarix onun səhvlərindən düzgün nəticə
çıxarmayanları çox amansız şəkildə cəzalandırır. Necə ki, bizi xalq olaraq bir
neçə dəfə cəzalandırıb. Əksinə, nəticə çıxaranlar mükafatlandırılır, uğur
qazanırlar. O dövrdə İrəvanın verilməsinə şərait yaradan hərəkətlərə yol vermək
olmazdı. Elə edildi ki, bir də zəif, başı pozuq, dağınıq olaq, yenə də kimlərsə
bizim torpaqlar hesabına öz maraqlarını reallaşdıra bilsin. Cənab prezident belə
bir mövqe ortaya qoymaqla açıq şəkildə göstərir ki, o, torpaq məsələsində heç
vaxt, heç bir gücə güzəştə getməyəcək. Heç bir beynəlxalq təhdidlərə, heç bir
güclü dövlətin təsirinə düşməyəcək. Bu o deməkdir ki, o, Azərbaycan torpağının
işğal altında qalması ilə barışmayacaq. Cənab prezidentin İrəvan, Zəngəzur və
Göyçə ilə bağlı səsləndirdiyi fikirlər var. Bunlar o deməkdir ki, Prezident
İlham Əliyev azərbaycanlıların sadəcə Ermənistan işğalı altındakı Dağlıq
Qarabağa və ətraf rayonlara qaytarılması məsələsini hədəfləmir. Cənab
Prezident, Ali Baş Komandan eyni zamanda, azərbaycanlıların Ermənistan
adlandırılan doğma yurd yerlərinə qaytarılması məsələsi yönündə də bütün gücü
ilə çalışır. Əminəm ki, bu səylər öz nəticəsini verəcək”.
Rufik
İSMAYILOV