Tanımadığımız məşhur - Portret

"Onlardan biri "qızıl" qazansa, elə biləcəyəm üçqat paralimpiya
çempionuyam"
Müstəqil ölkə
kimi ikiqat olimpiya çempionumuz olmasa da, 1996-cı ildən bu yana qatıldığımız
Yay Paralimpiya Oyunlarında belə nümunəmiz var. Özü də bir deyil, iki nəfər.
Böyük ehtimalla əksəriyyətiniz, sadəcə, I qrup Qarabağ qazisi, əfsanəvi İlham
Zəkiyevi xatırladınız. Təəssüf ki, digər ikiqat paralimpiya fatehimiz Oleq
haqqında məlumatlı olanların sayı, onun ölkəmizə bəxş etdiyi qələbələrin miqyasına
müvafiq deyil. Odur ki, çoxillik "Portret" rubrikası çərçivəsində bu
boşluğu da doldurmağı qərara aldıq.
Oleq Panyutin
Afina və London Yay Paralimpiya Oyunlarının çempionu, uzunluğa tullanma üzrə
Pekin, estafet qaçışında isə London paralimpiadasının bürünc mükafatçısıdır.
İki dəfə dünya, üçqat Avropa çempionu, dünya oyunlarının qalibidir. Hazırda isə
Azərbaycan para-atletika yığmasının sükanı arxasındadır. Azərbaycan idmanının
inkişafındakı xidmətlərinə görə, 2012-ci ildə "Şöhrət" ordeni ilə təltif
olunub.

Kilometrlərlə yolu piyada getməli olan uşaq...
10 may
1983-cü ildə Bakıda dünyaya gələn Panyutin Oleq Viktoroviç, paytaxtdakı 277
saylı orta məktəbi bitirib. Ata-anası hələ II Dünya müharibəsindən öncə
Rusiyadan Azərbaycana köç edən ailələrin övladlarıdır. Az qala hər iki
idmançıdan birində olduğu kimi, Oleqin də ailəsində idman təcrübəsi yaşayan
biri olub. Belə ki, özündən 10 yaş böyük qardaşı Yuri yeniyetməliyində iki
ilədək avarçəkməyə gedib. Uşaqlıqdan futbola böyük marağı olan Oleq, məktəbdə,
məhəllədə tez-tez futbol oynayar, sürət və texnikası ilə yaşıdlarından
seçilərdi. Beləcə, həvəsi, onu öncə futbola gətirir. Lakin topla macərası cəmi
7 ay çəkir. Oleq, Yurinin dostu olan qonşularının məsləhəti ilə 1996-cı ilin
dekabrından atletika məşqlərinə başlayır.
Məşqə getmək üçün yolpulu tapmayıb uzaq məsafəni piyada qət etdiyi vaxtları
yadına salır: "Atamızı erkən itirmişik. Qardaşım hərbi xidmətdə idi. Evdə
təkcə anam işləyir, cüzi əməkhaqqı alırdı. Ümumiyyətlə, ailə olaraq çox
çətinliklər çəkmişik. Mən məşqə getdiyim ilk iki ildə yolpulu tapmırdım, evdən
çox tez çıxırdım ki, vaxtında çatım. Yay-qış belə davam edirdi, qaranəfəs,
özümü məşqə yetirirdim. Sonradan müəllimlərim problemlərim haqqında bildilər.
Çıxış yolu kimi adımı tanınmış idman klublarından birinə yazdırdılar. İlk
maaşım 5 "şirvan" olub. 15 yaşlı uşaq üçün böyük pul idi. Ən azından,
rahat gediş-gəlişimə kifayət edirdi".

Paralimpiyaçı olma səbəbi
Oleq, 2003-cü
ilədək sağlamlıq imkanları məhdud olmayan idmançılar arasında yarışıb. Bu arada
dəfələrlə müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının qalibi olub, Avropa
çempionatlarında iştirak edib. Paralimpiyaçılar arasında mübarizə aparma səbəbi
gözündəki zəiflikdir. Belə ki, qaydalara görə, göz xəstəliyi, müəyyən civarda
görmə məhdudiyyəti olanlar tibbi yoxlanışdan keçərək, müvafiq kateqoriyalarda
qərarlaşırlar.
İlk cəhddən lisenziya və..."qızıl"!
Panyutin,
paralimpiya hərəkatına qoşularkən "Afina 2004"ün startına bir ildən
bir qədər çox vaxt qalmışdı. Lisenziya imkanı məhdud olsa da, Oleq elə ilk
cəhddən bu missiyanın öhdəsindən gəlir. Avropa çempionatında həm uzunluğa, həm
də üçtəkanla tullanma üzrə əldə etdiyi gümüş medal, paralimpiada üçün
artıqlaması ilə bəs edir.
Azərbaycan,
Afinada idmanın 4 növü üzrə 9 idmançı ilə təmsil olunurdu. İlk çempionluğu
İlham Zəkiyev qazanırsa, Azərbaycan paralimpiya tarixində ikinci qızıl medal
məhz Panyutinin sayəsində əldə olunur. Uzunluğa tullanma üzrə yarışda bütün
rəqiblərini üstələyən Oleq, beləliklə, ölkəmizə atletika növündə ilk baş
mükafatı bəxş etmiş olur.
Azərbaycan rekordçusu
Vətənə
qayıtdıqdan sonra "Tərəqqi" medalı ilə təltif olunan Panyutin,
növbəti olimpiya dövrünü uğursuz keçirir. Belə ki, xroniki zədələr ona istədiyi
formanı yığmağa əngəl olur. Dövrün böyük hissəsini sağlamlığındakı problemlərlə
mübarizəyə həsr etsə də, Pekində də əliboş qalmır. Uzunluğa tullanmada
aktivimizə bürünc medal yazdıran Oleq, eyni növdə daha əvvəl Hollandiyada baş
tutan dünya çempionatının gümüş, əsas qitə yarışının qızıl mükafatını
qazanmışdı.
London
paralimpiadasına qədərki illər karyerasının ən məhsuldar dönəmi idi. 2011-ci
ildə Yeni Zelandiyada keçirilən dünya çempionatında həm uzunluğa, həm də
üçtəkanla tullanmada qızıl medal qazanaraq, tarixi ölkə rekordun
müəyyənləşdirən Panyutin, olimpiya ilinin ilk yarısının sonlarında Hollandiyada
yenidən qitə çempionatının baş mükafatına sahib çıxır. Bu arada o, Türkiyənin
ev sahibliyi etdiyi dünya oyunlarında da birinciliyi heç kimə güzəştə getmir.
Beləcə, qalib əhval-ruhiyyəsi ilə yola düşdüyü Londondan da gözlənilən zəfər
sədası gəlir. Üçtəkanla tullanma növündə iştirak edən paralimpiya və dünya
çempionu, ilk cəhdində müəyyənləşdirdiyi ən yaxşı göstərici ilə (15,02) komanda
yoldaşı Vladimir Zayetsi 1 santimetr fərqlə qabaqlayıb, ikinci dəfə paralimpiya
çempionu adını qazanır. Həmçinin estafet qaçışında da bürünc medala yiyələnir
ki, bununla da o, bir Azərbaycan rekordu müəyyənləşdirib. Belə ki, nə ona
qədər, nə də sonra heç bir idmançımız 4 paralimpiya mükafatına sahib çıxmayıb.
Londondan
sonra belindən ağır zədə alan Oleq, növbəti rekorda - arzusunda olduğu üçüncü
"qızıl"a yetişə bilmir. Paralimpiya dövrü ərzində yalnız Suonsidə
təşkil olunan Avropa çempionatında gümüş medal qazanaraq, "Rio
2016"-da yeddinciliklə kifayətlənir.

"Həmişə baş məşqçi olmaq istəmişəm"
Gözlənildiyi
kimi, karyerasını bitirdikdən sonra o, Azərbaycan yığmasının baş məşqçisi
vəzifəsinə gətirildi. Əksəriyyəti xeyli müddətdir çiyin-çiyinə çıxış etdiyi,
rəğbətini qazandığı atletlərdən ibarət olan komanda ilə dil tapmaq Panyutin
üçün çətin olmamalı idi. Dediyinə görə, ötən üç il ərzində hazırlıq prosesində
hər hansı problem yaşamayıb. Qarşıya qoyulan məqsəd isə maksimum lisenziya və
paralimpiya medalıdır. Ayrıca, Oleq, paralimpiya çempionu Oluxan Musayev və
"Rio 2016"-nın gümüş mükafatçısı İradə Əliyevanın şəxsi məşqçisidir.
Məşqçilik fəaliyyəti haqqında danışan Panyutin qeyd edir ki, fərqi yoxdur, hər
hansı idmançımız Tokioda "qızıl" qazanarsa, bunu öz çempionluğu kimi
qəbul edəcək: "İdmançı karyeramın müxtəlif illərində məşqçilik haqqında
düşünürdüm. Ancaq sıradan deyil, həmişə baş məşqçi olmaq istəmişəm. Tanrının
lütfüdür ki, bu arzuma da çatdım. Maksimum səy göstəririk ki, Yaponiyada ən
yaxşı formada təmsil olunaq. Üçqat paralimpiya çempionu olmağı çox istəyirdim,
amma neyləyək, qismət belə imiş. İdmançılardan hansısa Tokio paralimpiadasını
udsa, bunu öz qələbəm kimi qəbul edəcəyəm. Elə biləcəyəm ki, mən elə üçqat
paralimpiya çempionuyam".

"...öz seçimimdir desəm, yalan olar"
Azərbaycanın
ən titullu iki paralimpiyaçısından biri, "Şöhrət" ordeni,
"Tərəqqi" medalı, yığmamızın çalışdırıcısı - bir sözlə, hər şey
mükəmməldir. Bəs görəsən, Azərbaycan cəmiyyətində kifayət qədər tanınan
paralimpiyaçılar varkən, Oleq niyə bu qədər kölgədə qalıb?
- Mən bunu Azərbaycanda atletikanın təbliğat və izləyici auditoriyasının az
olması ilə bağlayardım. Televiziyalarda, adətən güləş, cüdo, boks kimi döyüş
növləri canlı yayımlanır, verilişlər bu növlər üzrə idmançılara həsr olunur.
Nəzərdən uzaq olmaq öz seçimimdir desəm, yalan olar. Sadəcə, diqqət lazımınca
olmayıb. Düzü, əvvəl çox təsir edirdi, sonradan fikir vermədim.
İslam dinini
qəbul edib, şəriət qanunlarını rəhbər tutaraq yaşayır. Adətən dini məzmunlu
filmlər izləyir, musiqilər dinləyir. Sovet dövründə çəkilən Azərbaycan
filmlərinə qarşı ayrıca sevgisi var. Bunlarla yanaşı, futbola məhəbbəti də
tükənməyib. Azərbaycan klublarından "Qarabağ"a, digər ölkələrdən isə
İngiltərənin "Çelsi" klubuna azarkeşlik etdiyini vurğuladı.
Portret
Titullu
idmançıların bir uğur formulu olur ki, onların bu barədə fikirləri hər kəs üçün
maraqlıdır. İkiqat paralimpiya çempionu özünü dağa-daşa salmayıb, sadə bir
səbəb açıqladı: "Sadəcə, öz işimə fokuslanmışam. Səkkizinci sinfə qədər
məktəbi normal qiymətlərlə oxuyurdum, idmana gedəndən sonra anladım ki, bir
əldə iki qarpız tutmaq alınmayacaq. Təbii ki, təhsili yarımçıq qoymaq istənilən
halda peşmanlıq hissi yaradır. Ancaq neyləmək olar, hər işdə qurbanlar
mütləqdir. Gəncliyimi, qismən də sağlamlığı verib, hazırkı pilləyə
çatmışam".
Sahib
