• cümə, 19 Aprel, 15:04
  • Baku Bakı 25°C

“Tamaşaçını ancaq ağlınla təəccübləndirə bilərsən”

11.08.20 09:00 4166
“Tamaşaçını ancaq ağlınla təəccübləndirə bilərsən”
İlham Namiq Kamal: Bu çətin dövrdə hər bir insanın özünü qoruması dövlətini, cəmiyyətini qoruması deməkdir
Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru” kafedrasının müdiri, professor İlham Namiq Kamal karantin günlərində "Kaspi"-nin suallarını cavablandırdı. Bioloji müharibə ilə qarşı-qarşıya olduğumuzu bildirən aktyor, bu dönəmdən çıxmaq üçün qaydalara əməl olunmasını zəruri hesab edir.
- Koronavirusla necə mübarizə aparırsınız və özünüzü necə qoruyursunuz?
- Bilirsiniz ki, cəmiyyətdə daha çox "III Dünya müharibəsi” adlandırılan koronavirus xəstəliyinin qarşısını almaq üçün ilk günlərdən etibarən dövlətimiz zəruri tədbirləri həyata keçirir. Belə ki, tətbiq edilən qaydalar ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq çevik və qətiyyətli addımlar atıldı və bu siyasət davam etdirilir. Təbii ki, xəstəliklə mübarizədə zamana ehtiyac var və bu zamanın nə qədər çəkəcəyini heç kəs bilmir. Vaksin tapılana kimi, biz həm özümüzü, həm də sevdiyimiz insanları, cəmiyyətimizi qorumalıyıq. Koronavirusla mübarizə istiqamətində Operativ Qərargahın qaydalarına riayət etməklə bu çətin dövrü adlaya bilərik. Hər bir insanın özünü qoruması dövlətini, cəmiyyətini qoruması deməkdir. Dövlətin tətbiq etdiyi qaydalar, karantin rejiminin şərtləri bizim sağlamlığımıza yönəlib. Biz dövlətimizin dəstəyi ilə ilk mərhələdən az itki və zərərlə çıxa bildik. Karantin rejiminin qaydalarının sərtləşdirilməsi bizim sağlamlığımızın qorunması üçündür. Operativ Qərargahın qaydalarına əməl etməmək məsuliyyətsizlikdir. Əslində, bu, çox sadə bir işdir. Maska taxmaq məgər elə çətin məsələdir? Əlləri yumaq məgər çətin işdir? Bu, zərurətdir. Vəziyyətin nə qədər gərgin olmasına baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına böyük diqqət və qayğı ilə yanaşır, köməyini əsirgəmir. Bizdən nə istəyirlər? Ancaq qaydalara riayət etmək, evdə oturmaq və özünü qorumaq. Əgər biz qaydalara ciddi əməl etsək, bu virusa qalib gələ biləcəyik.
- Bəs koronavirusa inanmayanlara sözünüz nədir?
- Əgər bütün dünya bu bəla ilə mübarizə aparırsa və insan tələfatı ilə üzləşirsə, buna necə inanmamaq olar? Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Başqa ölkələrdə də müəyyən qaydalar var ki, insanlar həmin qaydalara riayət edərək öz sağlamlıqlarını qorumağa çalışırlar. İnsan gərək öz təfəkkürü ilə düşünsün. Burda çətin heç nə yoxdur. Tətbiq edilən qaydalara riayət etmək elə də çətin məsələ deyil. 10 milyonluq əhalisi olan Azərbaycanda koronavirusdan dünyasını dəyişən insanların statistikasına nəzər yetirdikdə, dünya ölkələri ilə müqayisədə çox az itkilərimizin olduğunu görürük. Ancaq bu o demək deyil ki, belə bir virus yoxdur. Məgər o itkilər, koronavirusdan dünyasını dəyişən insanlar boş yerə dünyadan köçdülər? Belə şeylə zarafat etmək olmaz. Virusa inanmayan insan nə özünü, nə də ailəsini bu bəladan qoruya bilər. Bir müddət yoluxanların sayı o qədər artdı ki, hətta xəstəxanalarda yer çatmırdı. Dövlətimiz bölgələrdə və paytaxtda yeni xəstəxanalar istifadəyə verdi. Hətta xəstəxanalarda çarpayıların sayı məhdud olduğu üçün evlərdə müalicə olunanlar var idi. Buna inanmamağın özü gülünc məsələdir. Hər bir insan bu qaydalara riayət etməlidir.
- Amma qadağalar da insanları yorur və bu da psixoloji olaraq təsirsiz ötüşmür.
- Hər keçən gün Operativ Qərargah qaydalarda yumşalmalar edir. Misal üçün, bundan əvvəlki həftələrdə SMS-lə icazə almaq sistemi vardı. Hazırda həmin icazə ləğv olunub. İndi hər kəs çölə axın edəcək. Bu küçələrdə nə var? İnsanların çoxu məzuniyyətdədir. Psixoloji məsələyə gəldikdə isə, mənim də bu barədə müəyyən fikirlərim var. Belə ki, istirahət günlərində insanlar öz elinə-obasına getmək, doğmalarını, ata-analarını görmək istəyir. Kim ki sağlamdır və heç bir virus daşıyıcısı deyil, onlara bölgələrə getməyə icazə verilsə, heç də pis olmaz. Elə bölgələr var ki, orda doğrudan da yoluxma azdır. Mən hazırda Şamaxıda bağdayam və görürəm ki, burda yoluxma çox azdır. Demək olar ki, yoxdur. Şamaxı İcra Hakimiyyəti də bu məsələlərə nəzarət edir. Burada kafelər, restoranlar çalışır və insanlar məsafə saxlayırlar, maskadan istifadə edirlər, marketlərdə spirt yerləşdirilib və hər kəsdən maska tələb edilir. Yəni burda qaydalara riayət olunur və insanlar da gəlib istirahət etmək istəyir. Qaydalara riayət etdikdən sonra məncə, heç bir qorxusu yoxdur. Azərbaycanın dilbər guşələri çoxdur. Səfalı təbiəti, gözəl havası olan ərazilərimiz kifayət qədərdir. Orada sağlam insanlar istirahət etsə, məncə, yoluxmaların sayı elə də çoxalmaz.
- İlham müəllim, 5 aydır teatrlarımız tamaşaçısız qalıb. Teatrların yeni mövsümdə açılmağı gözlənilirmi? Bu istiqamətdə sizin düşüncələriniz necədir?
- Açığı, teatrın nə zaman açılacağı və hansı şərtlər altında fəaliyyət göstərəcəyi hələ məlum deyil. Onu müəyyən qurumlar həll edəcək. Bunu hamımız zamanla birlikdə görəcəyik. Hazırda Şamaxıda bu sahəyə həvəsi olan insanlarla birlikdə çalışırıq. Qaydalara əməl edərək, kiçik qruplarla müəyyən mətnləri oxuyur, müəyyən istiqamətlər veririk. İstedadlı gənclərlə görüşürəm. Təbii ki, karantin rejimi bitəndən sonra biz yenə teatrımıza geri dönüb, tamaşalarımızı nümayiş etdirəcəyik. Onu diqqətinizə çatdırım ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili Teatr aktyorları" kafedrasında 5 ay onlayn dərs keçdik. Tələbələr yüksək səviyyədə imtahan verdilər.
- 5 ay evdə oturmaq aktyorlara həm fiziki, həm də mənəvi olaraq təsir göstərir. Bilirik ki, aktyor bədəni idmançı bədəni kimidir, fəaliyyətdən qaldıqda, plastikası zəifləyir. Belə olduğu halda, xüsusən də gənc aktyorlara hansı tövsiyələriniz var?
- Hər bir aktyor, elə idmançı da - evdən çölə çıxmaq imkanı yoxdursa, evində də məşq edə bilər. Təkcə məşqlə də iş bitmir. Aktyorun mütaliəsi də olmalıdır. Əgər əllərinin altında lazımı kitablar yoxdursa, onlara lazım olan materialları internetdən də tapıb oxumaq imkanına sahibdirlər. Aktyor savadlı və ağıllı olmalıdır. Nə qədər ağıllı olacaqsa, özünü səhnədə bir o qədər rahat və sərbəst idarə edəcək. İstər-istəməz, oynadığı obrazları görəndə, aktyorun geyimindən, qrimindən daha çox plastikasına və təfəkkürünə qiymət verirlər. Əgər sənət adamı cilddən-cildə girə, başqalaşa bilirsə, bu, etdiyi mütaliə, eyni zamanda səhnədəki təcrübələrinin hesabına başa gəlir. Cildə girmək təkcə qrim etməklə kifayətlənmir. Gərək içindən dəyişəsən. İçindən də dəyişmək üçün gərək təfəkkürün, savadın yüksək səviyyədə olsun. Tamaşaçını ancaq ağlınla təəccübləndirə bilərsən. Səhnəyə çıxmaq üçün insan içindən dəyişməlidir.
- Pandemiya dönəmində tamaşaçılara onlayn tamaşalar nümayiş etdirdilər. Teatr canlı sənət növüdür. Onun onlayn nümayişi sizi qane etdimi?
- Əlbəttə ki, teatr canlı sənətdir və belə də davam edəcək. Buna heç kimin şübhəsi yoxdur. Ancaq elə bir zaman gəlir ki, onu başqa variantda təqdim etməyə məcbur qalırsan. Yəni heç kim səbəbsiz canlı sənəti onlaynla əvəz etməz. Kimsə gözləmirdi ki, dünyanı koronavirus adlı pandemiya zəbt edəcək və insanlar ondan qorunmaq üçün alternativ variantlara əl atacaqlar. Sadəcə olaraq, pandemiya bitənə qədər teatr müəyyən müddət fəaliyyətini başqa səpkidə davam etdirəcək. Çünki hazırda virusla mübarizə davam edir. Gündəlik olaraq virusa yoluxanlar da var. Düzdür, onların sayı getdikcə azalır, amma hələ mübarizəmiz bitməyib. Allah müalicə olunan vətəndaşlarımıza şəfa versin.Burdan həkimlərimizə təşəkkür etmək istəyirəm. Onlar pandemiyanın ilk günlərindən həddən çox əziyyət çəkdilər. Həkimlərimiz qəhrəmandırlar. Onlara etdikləri qəhrəmanlıqlarına görə təşəkkür etmək lazımdır. Biz deyirik səbrimiz yoxdur, ürəyimiz sıxılır, ancaq o həkimlər qalın geyimlərdə gecə-gündüz bizim qayğımıza qalırlar. Bəs o həkimlərin ailəsi, övladı, valideynləri yoxdur? Onları da düşünmək lazımdır. Bu, bioloji müharibədir. Biz hazırda bioloji müharibə şəratindəyik. Allahdan hər kəsə səbr arzulayıram. Bu günlər də keçəcək, yenə əvvəlki həyatımıza davam edəcəyik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər